Hörmətli darvazlılar!
Borçalıda öz sözü, yeri və sanbalı ilə həmişə seçilən, bu mahalın ağır ellərindən olan Darvaz kəndinin qeyrətli oğulları, ismətli xanımlar!
Allaha şükürlər olsun ki, həmişə ağızbirliyi, mütəşəkkilliyi, bir-birinin xeyir-şərində canyandırması ilə seçilən darvazlılar babalardan qalma bu ənənəni harada yaşamasından asılı olmayaraq, bu gün də qoruyub ssaxlayır. Bu birliyin gələcəkdə də qorunub saxlanması isə bizim hər birimizdən asılıdır və bu işdə “mən darvazlıyam” deyən hər kəsin üzərinə məsuliyyət düşür. İllər ötür, nəsillər dəyişir. Bu günkü birliyimizi qoruyub gələcək nəsillərə ötürməliyik. Bunun üçün isə, hamını öz ətrafında birləşdirə biləcək bir Birliyimiz – Fondumuz olmalıdır. Doğrudur, hələ neçə illər öncə bu yöndə təşəbbüs göstərilsə də, müxtəlif səbəblərdən qarşıya qoyduğumuz nəticələrə nail ola bilmədik. Lakin ötən bu müddət ərzində hər birimiz birliyimizi təşkil edə bilməməyimizin təəssüfünü çəkdik.
Darvazlılar həmişə mütəşəkkilliyi, el-obanın xeyir-şərində bir yumruq kimi birləşməsi ilə seçiliblər. Yetər ki, ortada yalan, saxtakarlıq, şəxsi mənafe olmasın, darvazlıların etibarından, inamından, səmimiyyətindən sui-istifadə edilməsin.
Əziz eloğlular! Hesab edirik ki, bizi öz ətrafında birləşdirən, sözün əsl mənasında məqsədi darvazlılara xidmət olan bir Birliyi bu gün yaratmasaq, sabah gec olacaq. Buna görə Darvazın bu gününə və sabahına biganə olmayın bir neçə darvazlı bir araya gələrək qərara aldıq ki, birliyimizə nail olmaq üçün təşəbbüs qrupu yaradaq. Artıq bu qrup olaraq bir neçə dəfə bir araya toplanıb qərara almışıq ki, eloğlularımıza da müraciət edək, Darvazın bu günü və sabahı naminə, ayrı-ayrı ərazilərdə yaşayan insanlarımız arasında əlaqələrin davamlı olması, həmçinin gənclərimiz arasında münasibətlərin yaradılması və doğma yurdlarına olan bağlılığı təmin etmək məqsədi ilə əməli işlərə start verək. Hamının təmsil oluna biləcəyi Birliyimizi təsis edək. Təbii ki, heç kəsi məcbur etmədən, tam könüllülük əsasında! Ayda könüllü surətdə 10 manat ödəməklə bu Birliyin üzvü olaq! Sıralarımız genişlənib, maddi imkanlarımız artdıqca isə, Darvaz və darvazlılar üçün vacib olan tədbirləri həyata keçirəcəyik. Görüləsi işlər isə çoxdur.
Bəllidir ki, Gürcüstan dövləti, Bolnisi rayonunun rəhbərliyi kəndin sosial-iqtisadi inkişafı üçün mühüm addımlar atır. Biz də bu işdə öz töhfəmizi verə bilərik. Məsələn, ilk növbədə kənddə gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün stadiona, güləş və digər idman növləri üzrə salon açılmasına olan ehtiyacın qarşılanmasında dəstək ola bilərik və olmalıyıq. Bakı şəhərində yaşayan darvazlılar üçün ortaq qəbiristanlıq yeri təşkil olunmalı, orta məktəbdə və Gürcüstanın ali məktəblərində təhsil alan, ancaq maddi dəstəyə ehtiyacı olan tələbələrə dəstək olunmalıdır.
Darvazlıların say etibarı ilə üstünlük təşkil etdiyi Bakıda eloğluların, gənc nəslin müntəzəm olaraq görüşləri təşkil olunmalı, xüsusilə də tələbə gənclərə daha çox diqqət göstərilməlidir. Rusiyanın, eləcə də keçmiş SSRİ məkanının ayrı-ayrı şəhərlərində yaşayan darvazlılarla bir koordinasiya qurulacaq. Birlik darvazlılar arasında həm mehriban münasibətlərin qurulmasında, həm də sosial və mədəni tədbirlərin həyata keçirilməsində vahid platformaya çevrilməlidir.
Arzular və planlar çoxdur. Yazdıqlarımız ilkin mərhələdə qarşıya qoyulmuş planların yalnız bir hissəsidir və növbəti görüləcək işlərimiz üzvlərimiz vasitəsi ilə müəyyən olunacaq. İnanırıq ki, Darvaz naminə arzularımızın reallaşdırılmasında bütün eloğlularımız səsimizə səs verəcəkdir.
Toplanan vəsait və xərclərlə bağlı ayda bir dəfədən az olmayaraq üzvlərə hesabatlar təqdim ediləcək, habelə Birliyin üzvü olan hər kəsin maliyyə şəffaflığına könüllü şəkildə nəzarət etmək, lazım bildiyi halda əlavə hesabat tələb etmək səlahiyyəti olacaq.
Darvazımızın sabahını daha firavan görmək istəyənləri səsimizə səs verməyə dəvət edirik!
P.S. Təşəbbüsümüzü dəstəkləyib, könüllü şəkildə sıralarımıza qoşulmaq istəyənlərin rəy bölümündə bildirmələrini xahiş edirik. Üzv olmaq istədiyini bildirən hər kəslə əlaqə saxlanılacaqdır.
TƏŞƏBBÜS QRUPU




