Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Tarixi

DARVAZ TARİXİ MƏNBƏLƏRDƏ

 Darvaz Borçalıda qədim yaşayış məntəqələrindən olmaqla, bütövlükdə Gürcüstanda ən böyük kəndlərdən biridir. Bolnisi rayonunun qərb hissəsində – rayon mərkəzindən 20 km qərbdə (41°24′51″ şm. e. 44°19′35″ ş. u.) dəniz səviyyəsindən 900 m yüksəklikdə, meşələrin qoynunda yerləşir. Kənd qərbdən Dmanisi rayonunun Ormeşən, şərq tərəfdən isə Bolnisi rayonunun Gibircik (Sarımmətdi) və Dəmirli kəndləri ilə həmsərhəddir. Şimal tərəfdən kəndin ərazisi Xram çayı və Ağbulaq (Tetriskaro) rayonu ilə hüdudlanır. Kəndin cənubunda isə Kazreti qəsəbəsi yerləşir. Mənbəyi Şindi dağının ətəyində olan Gədi (Keda) çayı kənddən keçir.

Kənddə əhalinin əsas məşğuliyyəti heyvandarlıq və qismən də əkinçilik olub. Suvarma suyu olmadığından əkinçilikdə, demək olar ki, o qədər də yüksək məhsuldarlıq əldə olunmayıb.

Kənddə əhalinin sayı ilə bağlı əlimizdə olan ilk rəsmi məlumat 1870-ci ilə aiddir. Belə ki, həmin ildə Çar Rusiyasının həyata keçirdiyi siyahıyaalma zamanı kənddə 72 ailədə 483 nəfərin yaşadığı göstərilir. Sonrakı illərdə kənddə əhali sürətlə artaraq 1926-cı ildə 1144 nəfərə (208 ailə) çatıb. XX əsrin 80-ci illərində kənddə əhalinin sayı daha çox olub – təkcə seçkilər zamanı səsvermədə iştirak etmək hüququ olanların (yaşı 18-dən yuxarı) sayı 3000-dən çox idi. Sonradan SSRİ-nin dağılması və bölgədə bir sıra xoşagəlməz halların yaranması ilə əlaqədar Borçalının hər yerində olduğu kimi, Darvazdan da əsasən Azərbaycana və Rusiyaya  köçənlərin olması əhalinin sayına təsirsiz qalmadı. Bir vaxtlar 1200-dən çox şaigrdin təhsil aldığı Darvaz orta məktəbində də həm müəllimlərin, həm də şagirdlərin sayı kəskin şəkildə azaldı.

2002-ci ildə aparılmış siyahıyaalmanın nəticələrinə görə, kənddə 3743 (847 ailə), 2006-cı ilin hesablamalarına görə isə 3600 nəfər (837 ailə) yaşadığı göstərilir.

Bolnisi rayonu ərazisində “Darbaz” adlı başqa bir kənd yaşayış məntəqəsi (rəsmi sənədlərdə Kiçik Darbaz kimi qeyd edilirdi və Faxralı kəndindən 7-8 km cənubda yerləşib) də mövcud olub. XX əsrin 90-cı illərinə qədər burada ermənilər yaşayırdı.

1536-cı ilə aid olan arxiv sənədlərində Darbasçala, Darbazqala və s. kənd adlarına rast gəlinir. 

Kəndin adı və tarixi haqda daha müfəssəl və ən dəqiq məlumatı, təbii ki, tarixçilər verə bilər. Bununla belə, Darvazla bağlı elmi mənbələrdə rast gəldiyimiz bəzi faktları hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirik. 

Əvvəla onu qeyd edim ki, “Darvaz” sözünün etimologiyasıyla bağlı elmi mənbələrdə elə də tutarlı məlumata rast gəlinmir. Bəlkə də, kəndin adının guya “darboğaz” sözündən əmələ gəlməsi kimi yanlış məlumat verməkdənsə (bu fikirə yalnız bir nəfərin – qonşu kənddən olan bir alimin kitabında rast gəlmişəm və heç bir elmi əsası yoxdur), heç nə yazılmaması daha yaxşıdır.

Kəndin adının “darboğaz” sözündən yaranması fikrini irəli sürənlərin sadəcə bir arqumenti var: Başkeçiddən sonra üzü dağlara gedən bir yol da Darvazdan keçir və guya bu yol dar keçidlərdən, dar boğazlardan keçir deyə, kənd də belə adlanıb. Amma “Darvaz” adlı yaşayış məntəqələrinə, dağ adına (Orta Asiyada – Tacikistan ərazisində Darvaz sıra dağları var) daha geniş və hətta Qafqazdan uzaqlarda da rast gəlinməsi bu iddianı tamamilə rədd edir.

“Darvaz” sözünün fars mənşəli “darvaze” – darvaza sözündən yaranmasını ehtimal edənlər də var. Orta əsrlərdə bu söz gürcü dilinin leksikonuna da daxil olub, hazırda gürcü dilində “darbazi” sözü “zal” anlamında işlədilir. Yeri gəlmişkən, ötən əsrin 90-cı illərinin əvvəllərində Bolnisi rayonunda azərbaycanlıların yaşadıqları kəndlərin türk mənşəli adlarının dəyişdirilərək gürcü sözləri ilə əvəzlənməsi zamanı Darvaz kəndinin adına toxunulmaması da məhz bununla bağlıdır.

Darvazla bağlı tarixi mənbələrdə (bilavasitə bizim kəndlə bağlı olmasa da) maraqlı faktlara rast gəlinir. Azərbaycanın məşhur tarixçi alimi, akademik Ziya Bünyadov yazır: “Orta əsr müəllifləri bildirirlər ki, Afşinlə Babək arasındakı bütün müharibələr Həştadsər dağı, Darvaz, Rud ər-Rud tərəflərində və Bəzzin özündə gedirdi. Salançayın başlanğıcı olan Həştadsər dağı yaxınlığında, 835/6-cı ildə Babəklə Böyük Buğa (Buğa ər-Kəbir) arasında böyük vuruşma olub. Həmin dağın ətəyində eyniadlı kənddə Buğa əl-Kəbir mühasirədə darmadağın edildi" (Ziya Bünyadov, “Azərbaycan VII-IX əsrlərdə”. Bakı, “Elm” nəşriyyatı, 1965).

Azərbaycan Milli Elmlər Akademiyası Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2022-ci ildə nəşr etdirdiyi “Tiflis əyalətinin müfəssəl dəftəri. Borçalı və Qazax. 1728-ci il” (ön söz, tərcümə və şərhlərin müəllifi akademik Şahin Mustafayev) kitabında isə bölgədə əsasən “Dərbas” adında kəndlərin olduğu göstərilir, özü də Tiflis əyalətinə daxil olan ayrı-ayrı nahiyələrdə.

1728-ci ildə aparılmış qeydlərdən aydın olur ki, əyalətin Baratlı nahiyəsində Dərbas adlı kənd var və kəndin gəlir vergisi 5300 ağça göstərilir. Sultan III Əhmədin tuğrası[1] olduğu barədə qeyd var.

Əyalətin Somxit livasında (liva – Osmanlı imperiyası zamanında inzibati ərazi bölgüsü) Böyük Dərbas (27 nəfər, gəlir vergisi 12051 ağça), Dərbas Tala (Zilfiqar məzrəsi[2] ilə bir yerdə 4 xanə, 7 nəfər, gəlir vergisi 6000 ağça), Dərbas Əndiqə (3 xanə, 3 nəfər, gəlir vergisi 4300 ağça) və Kiçik Dərbas (gəlir vergisi 2400 ağça) kəndləri barədə qeydlər var.

Pəmbək nahiyəsində də Dərbas (gəlir vergisi 2200 ağça) adında kəndin Cəbənaz məzrəsi ilə birlikdə 10 nəfərdən ibarət olduğuna və 50 günlük əkin sahəsinə malik olmasına dair qeyd var.

Zəngəzur mahalında, indiki Ermənistan respublikasının Sisyan rayonunda Dərabbas/Darabaş (1946-cı il sentyabr ayının 10-dan Darabaş) adında kənd mövcud olub. Kəndin əhalisi 1886-cı ilin məlumatına görə 443 nəfər, 1905-ci ildə 440 nəfər, 1914-cü ildə 1128 nəfər olub. 

Dərəbaş – Sisyan rayonunda ilkin orta əsrlərdə salınmış kənddir. Sonralar bu kəndi Türkiyədən köçürülmüş ermənilər zəbt edib. Toponim Azərbaycan dilinə məxsus olan “dərə” və “baş” sözlərindən əmələ gəlmişdir. “Dərə başında” salınmış kənd deməkdir. (Mənbə: Vilayət Məşədi Hüseyn oğlu Əliyev. Zəngəzurda qalan izimiz. Bakı, “Nurlan” 2004, 295 səh.)

Darvaz adında daha bir kənd isə Qərbi Azərbaycanın (indiki Ermənistan respublikası) şimal-şərqində mövcud olub. Həmin ərazidəki Gözəldərə (1940-cı ilədək Xancığaz //İbrahimli adlanıb, 1220 nəfərin yaşadığı kəndin əhalisi azərbaycanlılardan ibarət olub, 1991-ci ildən sonra  Arnavadzor adlandırılıb)  kəndi barədə verilən məlumatda deyilir ki, kənd quzeydən digər kəndlər və dağlarla yanaşı, həm də Darvaz kəndi ilə həmsərhəddir. (Mənbə: https://www.facebook.com/groups/faqan/permalink/1767907773351802/?paipv=0&eav=Afb7HDU-lRqwC7FFa7mD2g7vU69JnZ5QbFUNMK19K3OsOZTfFATUVhBPSitbiBGUPBE&_rdr)

Azərbaycan Respublikasında inzibati-ərazi vahidlərinə dair məlumatda isə qeyd olunur ki, hazırda Balakən rayonunda Darvazbinə adında kənd mövcuddur.

 Balakəndə həmçinin “Darvaz məbədi” adlı tarixi abidə mövcuddur. Abidənin divarları bişmiş qırmızı kərpicdən tikilib. Kərpicin eni 30-35 sm, uzunluğu 35-36 sm, qalınlığı isə 5-6 sm-dir. Məbədin üstü mükəmməl bir sənətkarlıqla kərpiclə kümbəz şəklində hörülüb. (https://files.preslib.az/projects/azerbaijan/gl2.pdf)

Çində yaşayan uyğurların ənənəvi sirk oyunu – kəndir üzərində  hərəkət (kəndirbazlıq) kimi sənət növü də “Darvaz” adlanır.   

(http://russian.news.cn/2019-09/14/c_138391274_4.htm)

Türkiyədə – İspartanın şərqində, İsparta və Eğirdirdən 25 km məsafədə yerləşən Davraz dağı vardır, hündürlüyü  2637 m-dir. Xalq arasında həm Davraz, həm də Davras/Davraz adlandırırlar. Davraz Aralıq dənizi bölgəsinin Göllər bölgəsində Eğirdir və Kovada gölləri arasında yüksələn və İsparta düzünü əhatə edən dağ kütlələrindən biridir.  Böyük Dəvraz və Kiçik Dəvraz adlı iki zirvəsi var. İlin çox hissəsində xizək turizmi üçün əlverişlidir.  (https://tr.wikipedia.org/wiki/)

Bütün bunlar onu göstərir ki, “Darvaz” sözünün etimologiyası heç də bəzilərinin düşündüyü kimi “darboğaz” sözüylə əlaqəli deyil. Böyük coğrafi ərazini əhatə edən sözün kökü daha qədimlərə gedib çıxır və yuxarıda nümunə gətirdiyimiz bəzi faktlar da bunu sübut edir.

İnanırıq ki, gələcəkdə bu faktlara istinad edərək “Darvaz” sözünün etimologiyasını elmi əsaslarla izah edəcək bir tarixçi alimimiz olacaq.

 

 

Mənbə: Musa Nəbioğlu (Musa Nəbi oğlu Çobanov). Darvaz.     Bakı, “Bakı Mətbəəsi” ASC, 2023. 520 səh.

 

Qeyd: İstifadə edərkən mənbənin göstərilməsi mütləqdir. Əks halda müəllif hüquqlarının qorunması ilə bağlı müvafiq qanuna uyğun şəkildə tədbir görüləcəkdir.



[1] Tuğra (ərəb.) – Gerb, dövlət nişanı. Yəni qeydlər Osmanlı dövlətində sultanın gerbi, şəxsi imzası və möhürü ilə təsdiq olunmuşdur.

[2] Mərz – Əkin sahəsi və ya ot çalınan sahə.

 

 

 

 

TARİXDƏ DARVAZ ŞAHLIĞI VƏ 

TACİKİSTANDA DARVAZ RAYONU  

 “Darvaz” adında yaşayış məntəqəsi və yer adlarına, yuxarıda da qeyd etdiyimiz kimi, Qafqazdan çox-çox uzaqlarda da rast gəlmək olar. İnternet üzərindən kiçik sorğu aparmaqla bunu təsdiq etmək mümkündür. Bu gün Tacikistan Respublikasının Dağlıq Bədəxşan muxtar vilayətinin tərkibində Darvaz inzibati rayonu vardır.  Bununla bağlı mənbələrdə göstərilir ki, bu gün bir hissəsi Tacikistanın, bir hissəsi də Əfqanıstanın tabeliyində olan Darvazınərazisi bizim eradan əvvəl VI-IV əsrlərdə Əhəmənilər imperiyasının tərkibində olub, VI əsrdə  Qərbi Türk Xaqanlığının tərkibinə keçib. 

 

VIII əsrdə Darvaz müsəlman ərəblər tərəfindən zəbt edilib. IX əsrdə Tahirilərdən asılı olub, X əsrdə Samanilər dövlətinin tərkibində, XI-XII əsrlərdə Qəznəvilərin, sonra isə Qurilər dövlətlərinin tərkibinə daxil edilib.

 

XIII əsrdə Darvaz da bütün tacik torpaqları kimi, monqol istilaçılarının, XIV-XV əsrlərdə isə Teymurilərin tabeliyində olub. 

 

XVIII əsrin ortalarında Darvaz bəyliyi Bədəxşan hökmdarlarına qarşı müqavimət göstərən aparıcı qüvvə idi. Belə ki, 1748-ci ildə Darvaz və Şuğnanın birləşmiş qüvvələri Şivə gölü yaxınlığındakı döyüşdə Bədəxşan əmiri Sultan şahın qoşunlarını məğlub edə biliblər.

 

XVIII əsrdə Şuqnan, onun vassalı olan Ruşan, eləcə də Vaxan Bədəxşan və Dərvazdan siyasi asılılığa qarşı davamlı mübarizə aparırdılar. Şuqnan hakimləri Ruşan və Vaxan Dərvaz şahlarının vassalı olub, onlara xərac verirdilər.

 

19-cu əsrdə Darvaz şahlarının mülklərinə Tacikistanın müasir Tavildərə, Darvaz və Vanç bölgələri, habelə Əfqanıstanın Bədəxşan vilayətinin Xvaxan və Darvaz rayonları daxil idi.

 

Darvaz şahlığının paytaxtı Pyancın sağ sahilində yerləşən eyniadlı qala ilə Kəlayxum (Kəlayi-Xumb) qəsəbəsi idi.

 

1877-ci ildə Buxara əmiri Darvaz şahını fəth etmək üçün ordusunu göndərdi. Buxaralıların hücumu altında Darvazın qoşunları Kəlayi-Xumbdan çıxıb Kevron kəndinə çəkildi. Burada Darvazlıların məğlubiyyəti ilə yekunlaşan həlledici döyüş baş verdi. Darvaz şahı Əbülfəz xan ailəsi ilə birlikdə Fərqanəyə, oradan da Əfqanıstana mühacirət etdi. Darvaz şahının oğlu Məhəmməd Vəlixan sonralar görkəmli əfqan diplomatı olub.

 

Darvazı özünə birləşdirən Buxara əmirliyi onu xüsusi bir bəyliyə çevirdi. 

 

2 fevral (11 mart) 1895-ci il tarixli rus-ingilis müqaviləsinə əsasən, Darvaz iki hissəyə bölünüb – sol sahil Əfqanıstana, sağ sahil isə Buxara əmirliyinə verilib.

 

Darvaz rayonu 1930-cu il dekabrın 14-də Gərm rayonunun tərkibində Kəlayi-Xumb rayonu kimi təşkil edilib. 1939-1955-ci illərdə Tacikistan SSR-in Qarm rayonunun tərkibində olub.

 

1955-ci il sentyabrın 28-də ləğv edilmiş Tavildərə rayonunun ərazisinin bir hissəsi Kəlayi-Xumb rayonuna birləşdirilib.

 

26 avqust 1957-ci ildə Kəlayi-Xumb rayonu Dağlıq Bədəxşan Muxtar Vilayətinin tərkibinə daxil edilib və Tacikistan SSR Ali Sovetinin 29 iyun 1991-ci il tarixli 318 saylı Fərmanı ilə Kəlayi-Xumb rayonu Darvaz rayonu adlandırılıb.

 

(Bax: https://ru.wikipedia.org/wiki/Дарвазский_район)

  

Mənbə: Musa Nəbioğlu (Musa Nəbi oğlu Çobanov). Darvaz.  Bakı, “Bakı Mətbəəsi” ASC, 2023. 520 səh.

  

Qeyd: İstifadə edərkən mənbənin göstərilməsi mütləqdir. Əks halda müəllif hüquqlarının qorunması ilə bağlı müvafiq qanuna uyğun şəkildə ciddi tədbir görüləcəkdir.

 

 

 

 

DARVAZIN TARXİNDƏ ÖNƏMLİ 

GÜNLƏR VƏ HADİSƏLƏR 

Darvazda çoxları bilir ki, rəhmətlik Aşırov Ənvər müəllim xalq təbabətinin bilicisi olmaqla yanaşı, həm də 1960-cı ildən ömrünün sonuna kimi gündəlik yazıb. Gündəlik deyəndə ki, hər il divar təqviminin vərəqlərində qeydlər aparıb. Bu qeydlər onun özünün şəxsi həyatı ilə deyil, əsasən Darvaz kəndinin həyatında baş verən mühüm hadisələrlə bağlıdır. Ənvər müəllim təqvimin hər vərəqində həmin gün kənddə havanın necə olmasını mütləq qeyd etməklə yanaşı, vacib bildiyi hadisələri də tarixləşdirib. Doğrudur, burada kənddə baş verən mühüm hadiələrin hamısı öz əksini tapmayıb, amma yenə də vacib məlumatlar olması baxımından çox əhəmiyyətlidir.

 

Təxminən 15 il bundan əvvəl onun təqvimlərini götürüb (arada bəzi illərə aid təqvimləri tapa bilmədim) bir gecə səhərəcən şam işığında (həmin gecə kənddə işıq yox idi) incələdim. Və Ənvər müəllimin gündəliyində vacib qeydlərə rast gəldim: kənddə kim nə vaxt kolxoz sədri, yaxud kənd sovetinin sədri seçilib, məktəbin direktoru kimdir, kimin toyu olub, kim rəhmətə gedib və s. kimi qeydləri bu gün oxuduqca Ənvər müəllimin ruhuna dualar oxuyur, bu böyük ürəkli, halallıq və nəciblik təcəssümü olan insanı minnətdarlıqla xatırlayıram.  

 

Kitabı hazırlayarkən düşündüm ki, Ənvər müəllimin gündə­lik­­lə­rindəki daha vacib olan (həm də bəzi faktları dəqiqləşdirmək baxımından) bəzi qeydləri də oxucuların, xüsusilə də darvazlı­ların diq­qətinə çatdırım. Burada çoxlarının özünə doğma və unudulmaz olan bir tarixlə qarşılaşacağına əminəm. Düşünürəm ki, bu qeydləri burada verməyim yaddaşları təzələməklə yanaşı, bu tarixi məqamları yazıya alıb bizə ötürən Ənvər müəllimin ruhu qarşısında da bir ehtiramdır. Ruhun şad olsun, Ənvər müəllim!

 

Ruhunuz şad olsun Darvazın tarixində adı qalan, izi qalan, tarixləşən böyük kişilər! 

 

  

1961-ci il 

1 yanvar – Gülməmmədov İbrahim kolxoz sədrliyindən çıxdı.

 

12 yanvar – “Lesxoz”un işçiləri kənddəki “lesopilka”nın yanındakı ağacları yığıb apardı (o zamanlar meşədən qanunsuz ağac kəsimin qarşısını almaq üçün tez-tez belə addımlar atılırdı – M.N.).

 

13 yanvar – “Lesxoz”un işçiləri palıd ağaclarını yığıb apardı.

 

21 yanvar – Əliyev İlyas öz ərizəsi ilə kənd soveti sədri vəzifəsindən azad olundu.

 

30 yanvar – kolxozun illik hesabatı oldu.

 

Məktəbə RONO-dan (rayon təhsil şöbəsindən – M.N.) yoxlama gəldi.

 

 

 

1962-cı il 

4 yanvar – İsəni (Nəbiyev İsə Rəhim oğlu) kolxoz sədrliyindən çıxardılar.

 

25 fevral – qəbristanlığın qırağına dirəklər basdırıldı.

 

23 oktyabr – Hacıməmməd Hacıyev məktəbi Nəbiyev Novruzdan təhvil aldı – direktor təyin olundu.

 

 

 

1963-cü il

14 yanvar – Kveşi “Selpo”sunu (Selpo – kənd istehlak cəmiyyəti) ləğv edib Bolnisi “Selpo”suna birləşdirdilər.

 

27 fevral – Məktəbdə partiya iclası oldu, Hacıməmməd Hacıyevi və Ənvər Allahverdiyevi depuatalığa namizəd göstərdik. Yusif Aşırov və Yelenanı (Yusif müəllimin həyat yoldaşı – M.N.) partiyaya götürdük.

 

7 mart – Marneuli Mədəniyyət evi kənddə konsert verdi.

 

25 aprel – Kolxozda partiya iclası keçirildi, çatışmazlıqlar müzakirə olundu (kolxoz sədri Mahal Məhərrəmov idi).

 

23 may – kolxoz “Yal”da kartof əkdi.

 

29 iyun – Mahal Məhərrəmov kolxoz sədrliyindən çıxarıldı, yerinə Salmanov Süleyman seçildi.

 

16 sentyabr – kolxoz partiya təşkilatının iclası oldu, Novruz Məmmədov katib seçildi.

 

29 oktyabr – milis işçiləri qeydiyyatda olmayan tüfəngləri yığdı. Mənim də tüfəngimi apardılar.

 

Ənvər Allahverdiyev məktəb partiya təşkilatının katibi seçildi.

 

 

 

1964-cü il

29 yanvar – kolxoz işçilərindən bəzilərinin məhkəməsi oldu. Kolxoz sədri Mahal Məhərrəmov və Kərəm Hacıyevə (mühasib) şərti cəza verdilər.

 

8 aprel – atları otarmaq üçün yığdılar.

 

18 sentyabr – Məktəb partiya təşkilatının iclası oldu. Orduxanov Alı partiya təşkilatının katibi seçildi.

 

30 sentyabr – kolxoz partiya təşkilatının iclası oldu, Aqronom Oruc partkom seçildi.

 

29 dekabr – rayonlar ayrıldı (N.Xruşşovun SSRİ-yə rəhbərlik etdiyi son dövrdə - təxminən 3 il müddətində Bolnisi, Dmanisi vəMarneuli rayonları birləşmişdi – M.N.).

 

 

 

1965-ci il 

30 yanvar – kolxozun hesabat-seçki iclası oldu. Salmanov Süleyman yenə də sədr qaldı.

 

11 mart – Hacıyev Kərim kənd sovetinin sədri seşildi.

 

14 aprel – Gülməmmədov İbrahim poçtu Musayev Ağamalıya təhvil verdi.

 

27 aprel – Ayvaz (Əlləzov), Mutu (Əliyev) və Bayram Aşiqov atları otarmaq üçün yığdılar.

 

21 oktyabr – Cahangir Əlləzov və Ziyəddin  Bayramov evlərimizə elektrik xətti çəkdilər.

 

 

 

1966-cı il

1 fevral – Hacıməmməd həm də müvəqqəti olaraq kənd sovetinin sədri vəzifəsini icra etdi, Kərim Hacıyev qiyabi oxumağa getdi.

 

25 fevral – Əjdər Məhərrəmovu maqazin müdirliyindən çıxartdılar.

 

 

 

1967-ci il

23 yanvar – Süleyman Salmanov yenidən kolxoz sədri seçildi.

 

3 may – Rzaqulu (Paşanın öyü), Səfər (Gəlmə Səfər) və Ayvaz (Əlləzov) malı otarmağa yığdılar.

 

14 iyul – kolxoz sədri və digər işçilərin məsələsinə raykomun bürosunda baxıldı.

 

28 iyul – Salmanov Süleymanı kolxoz sədrliyindən çı­xardılar, sədrlik müvəqqəti olaraq Aqronom Oruca tapşırıldı.

 

1 avqust – Bayramov Qədir kolxoz sədri seçildi.

 

28 noyabr – Məktəb partiya iclasında yenə Alı Orduxanov ilk partiya təşkilatının katibi seçildi.

 

16 dekabr – Nizami Aşırov poçt rəisi vəzifəsində işləməyə başladı.

 

 

 

1968-ci il

 

21 iyun – Bayramov Qədiri kolxoz sədrliyindən çıxardılar, onun yerinə Nəbiyev Kamal (Eyiflərdən – M.N.) seçildi.

 

 

 

1969-cu il

 

24 mart – Əliyev İlyası kənd soveti sədrliyindən çıxarıldı. (vəzifənin müvəqqəti icrası Alı Orduxanova tapşırıldı)

 

 

 

1970-ci il

1 fevral – kəndin mərkəzi yolunu genişləndirmək üçün yolun üst tərəfindəki çəpərləri söküb bir qədər geri çəkdilər.

 

3 iyul – Nizami Aşırov poçtda işdən çıxıb təhvil-təslim etdi.

 

 

 

1971-ci il

 

10 iyun – Çobanov Nəbi kənd sovetinin sədri seçildi.

 

 

 

1975-ci il 

18 iyun – Çobanov Nəbi yenə kənd sovetinin sədri seçildi.

 

 

 

 

 

1989-cu il 

25-26 iyun – Bolnisidə gürcülər azərbaycanlılara qarşı milli zəmində ayrı-seşkilik törətdilər, iğtişaşlar baş verdi.

 

 

Mənbə: Musa Nəbioğlu (Musa Nəbi oğlu Çobanov). Darvaz.  Bakı, “Bakı Mətbəəsi” ASC, 2023. 520 səh.

 

 

Qeyd: İstifadə edərkən mənbənin göstərilməsi mütləqdir. Əks halda müəllif hüquqlarının qorunması ilə bağlı müvafiq qanuna uyğun şəkildə ciddi tədbir görüləcəkdir.

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina