Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Adət-ənənələr

 Nahaq yerə demirlər ki, bir toy, bir də yas insanları bir-birinə daha da doğmalaşdırır. Hər iki halda insan kin-küdurətdən, nifrət hissindən uzaq olur. Toyda bir-birinin sevincinə şərik olur, yas düşdükdə isə qəmi bölüşürlər. Darvazlılar toyda, el şənliklərində olduğu kimi, yas mərasimlərində də həmişə özünəmxsus birlik nümayiş etdirib. Kənddə bir evdə düşən yas rəhmətə gedənin cavan, yaxud yaşlı olmasından asılı olmayaraq bütün kəndin itgisi olub. Yasla bağlı uzun illərin sınağından keçib bu günümüzə qədər gəlib çıxan bir atalar sözü bu gün də öz məna və məzmun tutumunu saxlamaqdadır: Ölü elindir. Bəli, ölü elin sayılıb burda. İstər qohum olsun, istərsə də yad – hamı ölü sahibinin yanında olmağa, ona bacardığı səviyyədə kömək etməyə çalışıb.  Yaxşı xatırlayıram, kənddə bir ölü düşəndə onun qırxı çıxana kimi toylar təxirə salınardı. Toy etmək istəyəndə isə mütləq ağsaqqallar kəndin mollası ilə ölü sahibinin evinə gedər, bir “Yasin” oxutdurub üzrxahlıq edərdi. Ölü sahibi də bu diqqətə görə minnətdarlıq edər, “Xeyirlə şər qardaşıdır,  işinizdən qalmayın, Allah toyunuzu mübarək eləsin!” – deyə öz razılığını bildirərdi. XX əsrin 80-ci illərindən yavaş-yavaş kənddə bu kimi məsələlər bir növ unudulmağa başladı. Hətta bəzən tək-tək də olsa elə hallarla da rastlaşmaq olurdu ki, az qala işıq işığa düşən iki qonşunun birinin qapısında yas çadırı qurulduğu halda, digər həyətdən qara zurnanın səsi gəlir. Başqalarını bilmirəm, bunun bir səbəbni də mən onda görürəm ki, məhz elə o dövrdən başlayaraq kənddə ağsaqqalların məşvərət, məsləhət yeri olan “Tutun dibi”ndə yığışan qarapapaq kişilərin sırası get-gedə seyrəlirdi. Yavaş-yavaş ağsaqqal qınağının azalması isə bu işin qol-qanad açmasına bir növ rəvac verdi.

Yuxarıda da qeyd etdiyim kimi, kənddə bir evdə yas düşən kimi, dəfnin təşkili üçün hər kəs əlindən gələn köməyi etməyə başlayıb. Darvazda ən azı son 50 ildən bəridir ki, ölünü həmin gün dəfn etmirlər. Bu, bir tərəfdən ehsana hazırlıq görülməsi ilə bağlıdırsa, digər tərəfdən də rəhmətə gedənin uzaqda olan övladlarının və ya digər yaxın qohumlarının gəlməsinin gözlənilməsi ilə bağlı olub. Bəzən hətta 2-3 gün gözləmək lazım gəlib. Darvazlılar qatı dindarlar olmasalar da, yasla bağlı dini ayinlərə həmişə əməl ediblər. Deyilənə görə ikinci dünya müharibəsi illərinə qədər Darvazda da ölünü yalnız kəfəndə torpağa qoyublar.  Təxminən 1945-ci ildən sonra cənazəni torpağa tabutda qoyublar. Tabut da yalnız palıd ağacından düzəldilib. Bu da onunla bağlıdır ki, palıd ağacı torpaqda uzun illər boyu çürümədən qala bilir. Bu, artıq Darvazda bir növ yazılmamış qnuna çevrlib ki, istər yay olsun, istərsə də qışın oğlan çağı – fərqi yoxdur, kəsilməsi qadağan olsa da, mütləq meşədən palıd ağacı kəsilib gətirilməlidir.   Kolxoz dövründə ölü dəfn olunana qədər meşədən odun və tabut düzəltmək məqsədilə palıd ağacı gətirmək üçün bir yük maşını ayrılardı. Sovxoz dönəmində də bu qaydaya əməl olunurdu. Ötən əsrin səksəninci illərində kənddə beş meşəbəyi vardı və rəhmətə gedən olanda növbə ilə hər dəfə bu meşəbəyilərdən birinin sahəsindən gətirilərdi palıd ağacı və odun.  Bu da əsasən onunla əlaqədar idi ki, hər dəfə eyni meşəbəyinin sahəsində icazəsiz kəsim olmasın.

Məlum olduğu kimi, ölü sahibinə maddi kömək olsun deyə yas yerinə gələnlər pul yardımı edirlər. Deyilənlərə görə təxminən 50-60 il əvvəl yas yerində dəftər qoyulmaz, sadəcə olaraq kimin qulpundan nə çıxırsa kömək edirmiş. Sonradan bəzi söz-söhbətlərə son qoymaq, daha çox da yas yerinə kimlərin gəlib-gəlmədiyini bilmək üçün yas pulu verənlərin adlarını ayrıca dəftərdə qeyd etməyə başlayıblar.

Darvazda demək olar ki, heç kəs yas yerindən qalmayıb. Hətta o vaxtlar Bolnisidə, Tiflisdə, Marneulidə, Başkeçiddə və Kazreti qəsəbəsində yaşayan darvazlılar da qohum və ya yad olmasından asılı olmayaraq kənddəki yas məclisində iştirak edirdilər. Bu gün darvazlıların böyük əksəriyyəti Bakıda yaşayır və onların yas düşərkən göstərdikləri həmrəyliyi, ağızbirliyi digərlərində həsəd doğurur. Amma desək ki, yas yerində darvazlılar yüz faiz iştirak edir, bu, bir qədər həqiqətdən uzaq olar. Çünki elə darvazlılar var ki, yas yerində nadir hallarda görə bilirsən. Əslində belələrinin ya özləri, ya da böyükləri elə kənddə də beləydi və darvazlılar belələrini yaxşı tanıyırlar.

Onu da qeyd etmək lazımdır ki, Darvazda ölünü dəfn edən gün ehsan verilir və bu adət bu gün Bakıda yaşayan darvazlılar arasında da qalmaqdadır. Belə ki, əksər bölgələrdən olanlar ölünü dəfn etdikdən sonra ehsanı üçü günü verdikləri halda, darvazlılar kənddə olduğu kimi, cənazə dəfn olunan gün ehsan verirlər. Bu, müəyyən çətinliklər yaratsa da, ölünün 1-2 gün saxlanılması başqaları tərəfindən qınanılsa da, hələ ki, bu davam etməkdədir.

Bir neçə dəfə ehsanın aradan götürülməsi məsələsi müzakirə olunsa da, bu, alınmadı. Çünki heç kəs öz ölüsünü ehsansız dəfn etmək istəmir. Yaxşı yadımdadır, belə söhbət ilk dəfə 1991-ci ildə ortaya çıxmışdı. SSRİ-nin dağılması ərəfəsi idi, ərzaq məhsulları qıtlığı vardı. Ehsan üçün isə 400-500 kq ət lazım olurdu. Qış və yaz aylarında ətlik heyvan tapmaqda çətinlik olurdu. Bəzən hətta Başkeçidin kəndlərinə getmək lazım gəlirdi ətlik heyvan tapmaq üçün. Yəni ehsanın xərcini əsasən camaatın yazdırdığı yas pulu ödəsə də, əsas çətinlik ətlik tapmaqla bağlı olurdu. Bu səbəbdən 1991-ci ilin payızında kəndin ağsaqqalları qərara almışdı ki, növbəti ölünün kimliyindən asılı olmayaraq əvvəlki qaydada pul yığılmaqla, böyük ehsan verilməsin, yalnız kənar yerlərdən gələnlər və yas yerində əziyyət çəkənlər üçün bir dana kəsilsin. Bu qayda yalnız bir yerdə tətbiq olundu. Həmin ərəfədə Bayramov Ziyəddinin gəlini rəhmətə getdi və Ziyəddin kişi elin qərarına hörmət edərək deyilənləri nəzərə aldı. Ancaq aradan bir ay keçməmiş Orduxanov Alı müəllimin arvadı rəhmətə getdi və Alı müəllim əvvəlki qaydada ehsan verdi. Bildiyim qədər arqumenti də bu olmuşdu ki, mənim həyat yoldaşım indiyədək əziyyət çəkib mal-qara saxlayıb, mən də özünün saxladığı mal-qaradan kəsib ehsan verirəm. Beləcə, ehsanın aradan qaldırılması məsələsi baş tutmadı.

Darvazda ehsanda süfrəyə təzə xiyar-pomidor, turşu, pendir və göyərti qoyulmaqla yanaşı hər adama ayrıca bir qab ət verilir. Arada bir müddət qərara alındı ki, ət 3-4 nəfərə bir qab olmaqla ortaya qoyulsun, lakin bu da çox uzun sürmədi. Əvvəllər adambaşına bir dənə də mineral su olan “Borjomi” verilirdi. Sonradan bunu çaydanlarda verilən adi yerli su ilə əvəz etdilər. Hazırda isə yenə də mineral su və limonad verilir.

Yeri gəlmişkən burada bir şeyi də qeyd edim ki, ötən əsrin yetmiş-səksəninci illərində qırx mərasimində də böyük məclis olurdu. Az qala kənddə hər evdən qadınlar qırxa gəlir və pul yazdırırdılar. Sonradan qərara alındı ki, qırxa və ilə ancaq çağırılanlar gəlsin (təbii ki, dəfndə iştirak etməyənlər dəvət olunmadan gələ bilərlər). Bu qayda bu gün kənddə və Bakıda da davam etməkdədir. Elə o vaxtlardan həm də qərara alındı ki, yeddi mərasimi aradan götürülsün, üçlə yeddi birləşdirilərək birlikdə verilsin. Burada təbii ki, uzaqdan gələn qohumların çox da yubanmaması ilə yanaşı həm də iqtisadi baxımdan sərfəlilik də nəzərə alınırdı. Qərara alındı ki,  üç günü gələnlərə halva, dovğa ilə yanaşı ət əvəzinə ehsan üçün kəsilmiş mal-qaranın baş-ayağından bişirilsin xaş verilsin. Hazırda Bakıda da darvazlılar üç və yeddini birləşdirərək ölü dəfn olunandan sonrakı gün edirlər.

1994-cü ildə darvazlılar Bakıda da belə bir təşəbbüs irəli sürdülər ki, ehsan verilməsin. Ancaq bunun da ömrü bircə yas yerindən uzağa sürmədi. Son illərdə ehsanla bağlı Bakıda yaşayan darvazlıların yeganə islahatı isə o oldu ki, süfrəyə meyvə qoyulmasını yığışdırdılar.

 

 

 

Ətrafl...

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina