Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Atalar sözləri

ATALAR SÖZLƏRİ, MƏSƏLLƏR,

FRAZEOLOJİ DEYİMLƏR…

 

A qızım sənə deyirəm, a gəlinim, sən eşit.

Ac başım, salamat başım.

Acnan acalı (əcəli) yetən danışar.

Ac toyuq yuxusunda darı görər.

Acıqlı başda ağıl olmaz.

Acın nəyi var ki, yalavaca versin.

Ac ol, kişi ol.

Adam ucundan (üzündən) sənə danışıram.

Ağac bar verəndə başını aşağı dikər.

Ağası  Gülüm olanın, başına külüm olar.

Ağacı qurd içindən yeyər.

Ağanın varı gedər, nökərin canı.

Ağac öz səmtinə yıxılar.

Ağıl yaşda deyil, başdadır.

Ağıl-ağıldan üstündür.

Ağıllı olub dərd çəkincə, dəli ol, dərdini çəksinlər.

Ağıllı fikirləşincə, dəli vurub çayı keçər.

Ağlamayana pəpə (məmə) yoxdur.

Ağlına dua yazdır.

Ağlına qaz boğazdayım.

Ağzına çullu dovşan sığmır.

Ağzını boza vermək (başqasına yanlış məlumat vermək, düz­gün olmayan səmtə istiqamətləndirmək mənasında işlədilir).

Ağ otdan balta sapı.

Abırını ətəyinə bükərəm.

Ayıvına kor ol.

Ayıvına niyə kor olmursan.

Ayıvını qara torpaq örtsün.

Axşamın xeyirindən sabahın şəri yaxşıdır.

Ala itdən manşırdır (həm yaxşı, həm də pis mənada bəzi adamlar haqda işlədilir).

Allah adamı sonrakı ayıvından saxlasın.

Al qapıda, sat qapıda.

Alanın gözü  həmişə satanda olar.

Alacağın olsun, verəcəyin olmasın.

Aldım qoz, satdım qoz.

Allah dağına baxıb qar yağdırar.

Allah var, rəhmi də var.

Allah dəvəyə qanad versə, uçurmamış dam qalmaz.

Allah hər kəsin ürəyinə görə verər.

Anasına baxıb qızını alarlar, qırağına baxıb bezini.

Anası çıxan ağacı balası budaq-budaq gəzər.

Analı qızın özü böyüyər, anasızın sözü.

Anamdan əmdiyim südü burnumdan gətirmə (gətirdi).

Anası namaz üstə imiş.

Anlayana da can qurban, anlama­ya­na da, dad yarımçıq əlindən.

Anlayanın qulu ol, anlamayanın ağası.

Aranda tutdan oldu, dağda qurutdan.

Araz aşığından, Kür topuğundandır.

Artıq tamah daş yarar, daş qayıdar baş yarar.

Arvadı əri saxlar, pendiri dəri.

Arxalı köpək qurd basar.

Artıq tikə baş yarar.

Arığın nə işi var qoruqda.

Aslanın erkəyi dişisi olmaz.

Aşağı tüpürürsən saqqal, yuxarı tüpürürsən bığ.

Aşıq gördüyünü çağırar.

Atan ilə atamdan yox, özün ilə özümdən danış.

At mıxı çıxardanda bir yerə vuranda, beş də özünə vurar.

At öldü, itin bayramı oldu.

Aydan arı, sudan duru.

Aza qane olmayan çoxu da itirər.

Azı bilməyən, çoxu da bilməz.

Azacıq aşım, ağrımaz başım.

 

Bacarana baş qurban.

Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.

Başı saman çuvalıdır (başı boşdur).

Başına papaq qoyub, özünü kişi sayır.

Başına gələn başmaqçı olar.

Başı da sənin olsun, başmağı da.

Başqasına quyu qazan özü düşər.

Başıyın sadağası olsun.

Balıq başdan iylənər.

Bal tutan barmaq yalayar.

Balığı at dəryaya, balıq bilməsə də, xaliq bilər.

Beynimin qurdunu qımıldatma.

Beş barmağın beşi də bir olmaz.

Bəhməz almışam, bal çıxıb.

Bəylə bostan əkənin tağı çiynində bitər.

Bəxtini qozda sına, oğulda-qızda sına.

Bərəkətli olsun!

Bəy verən atın dişinə baxmazlar.

Bir daş altdan, bir daş üstdən.

Bir daşla iki quş vurdu.

Bir qotur dana bir naxırın adını korlayır.

Biri ölməsə, o birinə yer olmaz.

Bir gül ilə bahar olmaz.

Bildirçinin bəyliyi darı sovrulanadək olar.

Birlik harada, dirilik orada.

Bir dəridir, bir sümük.

Bir tikə qırx il yadda qalar.

Birini bilirsən, birini bilmirsən.

Bıçaq sümüyə dirənib (yəni artıq iş-işdən keçib).

Borclu borclunun sağlığını istər.

Boş qazan dınqıldıyar.

Böyük loxma ud, böyük söz danışma.

Böyüyün sözünü eşitməyən böyürə-böyürə qalar.

Böyüksüz evdə xeyir-bərəkət olmaz. 

Burda mənəm, Bağdadda kor xəlifə.

Buğda çörəyin yoxdursa, buğda dilin olsun.

 

Cəhənnəmə gedən özünə yoldaş axtarır.

Cücəni payızda sayarlar.

Cavan gözüylə at al, qoca gözüylə qız.

Cin atına mindi (mindirmə).

 

Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə.

Çalış dost qazan, düşmən ocaq başındadır (burada düş­mən deyə evin qadını nəzərdə tutulur, yəni boşadığın zaman sənə düşməndir və sənin də hər əməlindən xəbər­dar olduğuna görə, daha çox ziyan vura bilər).

Çırtıq vursan, qanı çıxmaz (pərt adam haqqında deyirlər).

Çiy söz danışma.        

Çıraq öz dibinə işıq salmaz.

Çox bilirsən, az danış.

Çox yemək adamı iki eləməz, yekə eləyər.

Çox istədiyin adama yol göstərmə, səni düz anlamaz.

Çox gəzən çox bilər.

Çoban var, aparıb-gətirər, çoban var, otarıf gətirər.

Çörəyimin duzu yoxdur.

Çörəyi dizinin üstündədir.

Çörəyi çörəkçiyə ver, birini də üstəlik.

 

Dağı arana daşıyır, aranı dağa (fikirli adam haqqında deyilir).

Dama-dama göl olar.

Damarına baxıb qan alarlar.

Davalı yerdə ot bitməz.

Dəymə mənə, dəyməyim sənə.

Dəyirmanın boğazından ölü salsan, donuzluğundan diri çıxar.

Dəliyə hər gün toydur.

Dəlidən doğru xəbər.

Dəli yadına daş salma.

Dəlinin başında palıd ağacı ha bitmir.

Dəmiri isti-isti döyərlər.

Dəmir qapının da taxta qapıya işi düşər.

Dəmiri nəm çürüdər, insanı qəm.

Dərə xəlvət, tülkü bəy.

Dəvədən böyük fil var.

Dəvə gördünmü, heç izini da görmədim.

Dəvəni eşşəyin quyruğuna bağla­maz­lar.

Dəvəsi ölmüş ərəbəm.

Dəyirman öz bildiyini eliyər, çak-çak baş ağrıdar.

Dəftəri dönüb (xasiyyəti dəyişib və s. mənalarda işlədilir).

Dilini dinməz yerinə qoy (dilini dinc saxla, sakit dur).

Dinsizin öhdəsindən imansız gələr.

Dil yanılıb sözün düzünü deyər.

Dili varsa, dilçəyi də var.

Dilim-dilim olasan, dilim.

Dilin dil deyil, başına bəladır.

Dildə sümük yoxdur (yəni hər tərəfə danışa bilər).

Dişin ağrıyır – çək qurtar, qonşun pisdi – köç qurtar.

Dırnağı bərk olsun (yeni doğulmuş buzov və quzu üçün deyilir).

Donuzdan bir tük çəkmək də qənimət­dir.

Donuzun başını xonçaya qoydular, sürüşüb yerə düşdü (hörməti, diqqəti başa düşməyən insanlar haqqında deyilir).

Dovşana qaç deyir, tazıya tut.

Döymə taxta qapımı, döyərəm dəmir qapını.

Dua oxumaqla donuz darıdan çıxmaz.

Dünya malı dünyada qalar.

Duran öküz, yatan öküzün başını batırar.

Dünya gör-götür dünyasıdır.

Dünyanın quyruğu uzundur.

Dünya malı dünyada qalacaq.

Düz əyrini kəsir.

 

 

Elə adama ağız aç ki, qarnın doysun.

Eşşək bir dəfə batdığı yerə bir daha girməz.

Ermənidən dost olmaz, it dərisindən post (postal – ayaqqabı).

Eşşəyə minmək bir ayıf, ondan düşmək isə ikinci ayıf.

Ehtiyatlı oğulun anası ağlamaz.

Elə bil qırx eşşəyi sağından gəlir.

Elə bil mənimlə gözyağı yeyib.

El elə sığar, ev evə sığmaz.

Elə söz deyərəm, dəymişin dura-dura kalın tökülər.

Eşşəyimin qurd dayısı (yad, uzaq, qohum olmayan).

Eşşəyə gücü çatmır, palanı döyür.

El gücü –  sel gücü.

El üçün ağlayan göz kor olar.

El içində, öl içində.

Elin gözü tərəzidir.

Elin ağzını bağlamaq olmaz. 

Elini hürküt, ağsağından yapış (Bu deyim əsasən, evlənmək istəyən cavanlar üçün işlədilir. Yəni gedib qıraqdan qız axtarınca, öz elindən-günündən birini tapıb evlən).

Elnən gələn vay toy-bayramdır.

Eşşəyə min, ata çatınca.

Evdə bişməyib, qonşudan gəlməyib.

Evin kiçiyi olunca, donuza baxanın böyüyü olasan.

Evin yaraşığı uşaq, süfrənin yaraşığı qonaq.

Ev görürəm, öz evimdən iyrənirəm, ev görürəm, öz evimə imrənirəm.

Ev kimindir – oturanın, söz kimindir – götü­rənin.

Ev bizim, sir bizim.

 

Ələyi ələnib, xalvırı (xəlbiri) göydə bırıllayır (hər şeydən əli üzülüb, sonu çatıb).

Ətin tökülsün, ətimizi tökmə (bizi biabır etmə).

Ələkçinin qıl verəni.

Əldən qalan əlli il qalar.

Ərsiz arvad yüyənsiz at kimidir, hara istəsə gedər.

Əl mənim, ətək sənin!

Əl əli yuyar, əl də üzü.

Əli yanan ağzına təpər.

Əlinin papağını Vəlinin başına, Vəlinin papağını da Əlinin başına qoyur.

Əkində bir gün gecikən biçində on gün gecikər.

Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.

Ən böyük biclik düzlükdür.

Əli öyrənənə tövbə yoxdur.

Əlinə su tökməyə layiq deyil.

Əlinlə ver, ayağınla gəz.

Əmanətə xəyanət olmaz.

Əmək itirənin əməyi itər.

Ər-arvadın savaşı – yaz gününün yağışı.

Ər eldən gələr, oğul beldən.

Ər ilə arvadın torpağı bir yerdən götürülər.

Ərli də ağlayır, ərsiz də, beş oynaşı olan da.

Ərindiyindən erməniyə dayı deyir (tənbəl adamlar haqda deyilir).

Əsnəmək yuxu gətirər.

Əsnək  əsnək gətirər.

Ət yeyən quş dimdiyindən tanınar.

Ət ilə dırnaq arasına girən tikan iylənib (çürüyüb) çıxar.

Əti sənin, sümüyü mənim.

Ətini yesə də, sümüyünü atmaz.

Əyri oturaq, düz danışaq.

 

Fələk yıxmayan evi heç nə yıxa bilməz.

 

Gah nala vurur, gah da mıxa.

Gec eyləyər, güc eyləyər. 

Gözündən boğazlanası adamdır (nadürüst adam haqqında deyilir).

Gözünün qurdunu öldürmək (nəfsini öldürmək).

Gənəşikli don gen olar.

Gərək hər nəslin öz dıvırı olsun (yəni, hər nəslin öz ağsaqqalı olmalıdır – bu sözü rəhmətlik Hacıyev Kərəmdən eşitmişəm).

Gəlin ocağa gələr.

Gözün haqq öyündədirmi? (Bu ifadə o zaman işlədilir ki, sanki biri baş vermiş bədbəxt hadisəyə sevinir).

Gözünə iy salıb əyirərəm (əyirir) (cəzalandırmaq, pis gün vermək mənasında).

Günümü göy əskiyə büküb.

Gedər bağlar qorası, qalar üzlər qarası.

Gen qaz, dərin qaz, özün düşərsən.

Gəl məni gör, dərdimnən öl.

Gəmiyə minib, gəmiçi ilə dava eləmə.

Gördüyünnən göz kirəsi istəyir (yəni hər gördüyündən pay umur).

Görünən kəndə nə bələdçi.

Göydə toy var desələr, arvadlar nər­di­van axtararlar.

Gözümün ikisi də aydın!

Gözün yaxşılıq görsün, yamannıx görməsin.

Gülmə qonşuna, gələr başına.

Gül ağzımı açdırma mənim.

 

Harda aşdı, orda başdı.

Haca gedən gəldi, saca gedən gəlmədi.

Hamı yoldan xoş gəldin!

Haynan gələn vaynan gedər.

Hay-hayı gedib,  vay-vayı qalıb.

Hazır işdən gül iyi gələr.

Hər şey incəliyindən sınar, insan kobudluğundan.

Həm ziyarət, həm ticarət.

Hərənin bir dövranı var.

Hələ ağzı isti yerdədir (yəni hələ çətinlik görməyib, bərkə-boşa  düşməyib).

Hirsli başda ağıl olmaz.

Hoha var, dağa qaldırar, hoha var, dağdan endirər.

Hökumət dovşanı arabayla tutur.

Hürüyüb-hürüyüb, kiriyəcək (yorulub kiriyəcək).

Hürməyi bilmirsən, ulama.

 

Xain xoflu olar.

Xalqa it hürəndə, bizə çaqqal ulayar.

Xalqınkı  gedər quş gətirər, bizimki bayquş gətirər.

Xeyir işi yubatmazlar.

Xəmir yeyənin fağırı olmaz.

Xəncər yarası gedər, söz yarası getməz.

Xətir üçün xəstə düşdüm.

Xoruz banlamasa, səhər açılmırmı?

Xoruzun quyruğu göründü (gizli niyyət üzə çıxdı).

Xoruzunu qoltuğuna vermək (məğlub edib yola salmaq, üstün gəlmək).

Xançalının (xəncərinin) qaşı düşməz (bəzən daşı da deyirlər).

Xəcalətli düşmənin olsun.

 

İçim özümü yandırır, çölüm özgəni.

İlan vuran ala çatıdan qorxar.

İlan vuran yatar, ac yatmaz.

İnsaf da dinin yarısıdır.

İki eşşəyin arpasını bölə bilmir. 

İlan sürünsün, balası da dalınca.

İlanın ağına da lənət, qarasına da.

İlana ağı verən kərtənkələdir.

İlan ulduz görməsə, ölməz.

İslanmışın yağışdan nə qorxusu.

İstədi qaş düzəldə, vurub gözünü də çıxartdı.

İstədiyin yar idi, yetirdi pərvərdigar.

İşin qəmbərqulusu çıxdı (yəni işin xarab tərəfi üzə çıxdı).

İki ölünü bir dərədə qoymaz.

İt aparan olsun.

İtik bir yerə gedər, güman min yerə.

İtinki əppəkdi.

İt haravanın (arabanın) kölgəsində yatır, elə bilir öz kölgəsidi.

İtdən çox çarıx daşıyan yoxdu, amma həmişə də ayağı yalındı.

İt dişinə it dayanar.

İt itin ayağını basmaz.

İtin xətri yoxdur, bəs yiyəsi?

İt ağzına düşmüşük.

İt əl çəkdi, dəri əl çəkmədi.

İt də getdi, ip də getdi.

İt əsnəyib elə bil, işim düz gətirmir.

İtin qursağı yağ götürməz.

İt yal görəndə quyruğun bulayar.

İt hürər, karvan keçər.

İtlə yoldaşlıq elə, ağacını əlindən yerə qoyma.

İynə ilə gor qazır (hər işi çətinliklə baş gəlir).

 

Kar könlündəkini anlar.

Kasıb pul tapdı, qoymağa yer tapmadı.

Kasıbın malı gözünün qabağında gərək.

Kasıb çıxacağını bilsəydi, dirəyi qızıldan olardı.

Kasıbın toyunda gecə də gödək olar.

Kasıb ürəkli olar.

Keçəl dərman  bilsə, öz başına yaxar.

Kərənti kəsir, dalında duran ölüb.

Kişi sözü üzə deyər.

Kişi tüpürdüyünü yalamaz.

Kolxoz dənizdi, yeməyən donuzdu.

Kor kora lağ eləməsə, bağrı çatlayar.

Kor kor, gör gör.

Kor atın kor nalbəndi olar.

Köhnə bazara təzə nırx qoyur.

Köhnə yurdun qədri təzə yurda köçəndən sonra bilinər.

Köç geri dönəndə axsaq qoyun qabağa düşər.

Könlü balıq istəyənin quyruğu suda gərək.

Kötük üstə çox çırpılar doğranıb.

Küçüyü dəməkdə öyrədərlər, gəlini gərdəkdə.

 

Qaçan da Allahı çağırır, qovan da.

Qabırğası qalın adam (gec başa düşən, qanmaz adam).

Qatıq özünə qab tapacaq.

Qazanc qudurub mayanı yedi.

Qanının arasına girmək (baş verə biləcək bir bədbəxtçilikdən qurtarmaq).

Qaradan artıq rəng yoxdur.

Qarğa, məndə qoz var (danışığı və ya davranışı ilə sirrini büruzə verən adam haqqında işlədilən ifadə).

Qara kişmişi cibə tökərlər, ağ ayranı çölə atarlar.

Qanan qanmaza borcludur.

Qananın quluyam, qanmayanın ağası.

Qanı qanla yumazlar.

Qarnı doyur, gözü doymur.

Qaşıq çömçədən böyük olub.

Qazan qarası gedər, üz qarası getməz.

Qazan deyir içim qızıldandır, çömçə deyir gəzib çıxmışam.

Qız öyündə toy çalınır, oğlan öyünün xəbəri yoxdur.

Qocaya gedən (ərə)  quyruq yeyər, cavana gedən yumruq.

Qoç buynuzuna qoç dayanar (dözər).

Qodux oynayanda qar yağar.

Qohumun olsun, bir ucu Bağdadda olsun.

Qonşu yaxşı olsa, kor qız ərə gedər.

Qorx qorxmazdan, utan utanmazdan.

Qız ağacı, qoz ağacı.

Qızını döyməyən dizini döyər.

Qismətdən artıq yemək olmaz.

Qırxında öyrənən gorunda çalar.

Qılınc yarası sağalar, söz yarası sağal­maz.

Qorxan gözə çöp düşər.

Qozbeli qəbir düzəldər.

Qurdnan qiyamətə qalmaq.

Quyuya su tökməklə quyu sulu olmaz.

 

Lalın dilini yiyəsi bilər.

Lampa öz dibinə işıq salmaz.

Lələ köçüb, yurdu qalıb.

Loxma qarın doyurmaz, məhəbbət ar­tırar.

 

Mal yiyəsinə oxşayar.

Meşə çaqqalsız olmaz.

Mənə dəyməyən qurd yüz yaşasın.

Mən deyirəm həmnən həmə, sən deyirsən damnan dama.

Məndən ötdü qardaşıma dəydi, elə bildim saman çuvalına dəydi.

Mərdi qova-qova namərd eləmə.

Meçitin (məscidin) qapısı açıqdı, itin namısına (namusuna) nə gəlib.

Min tümən pulun olsa, mərcə girmə, min tümən borcun olsa, alışmadan qalma.

Milçək bir şey deyil, könül bulandırır.

 

Nabələd kor olar.

Nahaq qan yerdə qalmaz.

Naxırçı qızının könlü naxırçı əppəyində olar.

Nağıl dili yüyrək olar.

Nağdını qoyub, nisyə dalınca düşmə.

Namısı (namusu) itə atıblar, it də yeməyib.

Nədi, nooluf, baş kəsməkdənmi gəlifsən?!

Nə şiş yansın, nə kabab.

Nə umursan bacından, bacın ölür acından.

Nuh deyir, peyğəmbər demir.

Nə yardan doyur, nə əldən qoyur.

Nə ölüyə hay verəndi, nə diriyə pay. 

Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı.

Nə tökərsən aşına, o da cıxar qaşığına.

Nə işim işdi, nə əlim boşdu.

Niyətin hara, mənzilin də ora.

Nisyə içən iki dəfə keflənər.

 

Oğul var, başına and içəsən, oğul da var goruna.

Ocaq yanmasa, tüstü çıxmaz.

Oğrudan oğruya halaldır.

Ölü elindir.

Ölünü bir-bir basdırarlar.

Öydə (evdə) bişməyib, qonşudan da gəlməyib.

Öylüsənmi, öydən halısanmı.

Oynaşa umud olan ərsiz qalar.

Oğul düşmən çəpəridir.

Oğurluqla pozğunluq qırx gün çəkər.

Oğru elə bağırdı, doğrunun bağrı yarıl­dı.

Olacağa çarə yoxdur.

Onun ayaqqasbısını geyinə bilərsən, yerişini yeriyə bilməzsən.

Ot kökü üstündə bitər.

Oturduğum yerdə oyuna düşdüm.

 

Öldü var, döndü yox.

Ölmə eşşəyim, ölmə, yaz gələr, yonca bitər.

Ölmüşəm, yerdən götür!

Ölmüş eşşək gəzir, nalını söksün.

Ölüm gözlə qaş arasındadır.

Ölünü bir gün, dəlini hər gün ağla­yar­lar.

Öyrənənə tövbə yoxdur.

Özü-özünə eliyəni el yığlsa, edə bilməz.

Özümə yer eləyərəm, gör sənə neyləyə­rəm.

Öz gözündə tiri görmür, başqasının gözündə qıl axtarır.

Özü yıxılan ağlamaz. 

Özgəsinə lağ edən lağara düşər.

Özgənin atına minən tez düşər.

Özünə umac oya bilmir, başqasına əriştə kəsir.

Özü yeməyənin malı özgəsinə qismət olar.

 

Palaza bürün, elnən sürün.

Pazı pazla çıxararlar.

Pişiyin könlü mərəkdəydi (samanlıqda), it də vurub saldı ora.

Pir mənimdir, kəramətinə bələdəm.

Pis günün ömrü az olar.

Pişiyin ağzı ətə çatmayanda, adını iylənmiş qoyar.

Pis olmasa, yaxşının qədri bilinməz.

Pişik balasını istədiyinnən yeyər.

Pul kəsəni qılınc kəsməz.

 

Rəhmət düzənə, lənət pozana.

Ruzini verən Allahdır.

 

Sac əppəyi kimi ikiüzlü olma.

Saman altından su yeridir.

Sapında varsa, küpündə də var.

Saqqalım yoxdur, sözüm keçmir.

Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış.

Sənə mələməmiş quzu kəsərəm. (Bu söz, görünür ordan gəlir ki, keçmişdə (elə indinin özündə də) qiymətli papaq tikmək üçün 1-2 günlük quzunun dərisin­dən istifadə olunurdu. Dərinin üzərindəki yunun qıvrımları açılmasın deyə, quzu doğularkən anasının onu yalamasına imkan vermədən quzunu kəsirlər.)

Səndən hərəkət, məndən bərəkət.

Sən saydığını say, gör fələk nə sayır.

Sən ağa, mən ağa, inəkləri kim sağa?

Soğan yemiyifsən, için niyə göynüyür.

Son sözünü əvvəl demə.

Sonrakı peşmançılıq fayda verməz.

Sözün düzünü uşaqdan soruş.

Söz götürənindir, yer oturanın.

Söz sözün söykəyidir.

Söz var, dağa qaldırar, söz var, dağdan endirər.

Sözün yanlışı olar, yalanı olmaz.

Sözü ağzında bişir, sonra çıxar.

Söz danışıqdan keçər.

Söz dediyin saqqızdı, çeynədikcə uzanar.

Sözdü, deyirəm, özünə mal eləmək istəyən götürsün.

Söymə nökər dədəmə, söyməyim bəy dədənə.

Su aşağı axıdım, su yuxarı gəzim.

Su ki girdi qaba, oldu içməli.

Su gələn arxdan bir də gələr.

Su axar, çuxurunu tapar.

Suda boğulan saman çöpündən yapışar.

Su bardağı suda sınar.

Su öz sunuruna axar.

Suyun lal axanı, adamın yerə baxanı.

Sultan Süleymana qalmayan dünya heç kimə qalmaz.

Süddü aşdan ağzım elə yanıb ki, qatığı da üfürə-üfürə yeyirəm.

 

Şadlığına şıllaq atma.

Şeytana papış tikir.

Şərti şumda kəsək, xırmanda yabalaşmayaq.

Şər deməsən, xeyir gəlməz.

Şirin dil ilanı yuvasından çıxarar.

 

Taylı tayını tapar.

Taylı-tayın tapmasa, günü ah-vayla keçər.

Tamarzıdan al, dadanmışa ver.

Təzə süpürgə yaxşı süpürər.

Təzə bardağın suyu şirin olar.

Təzə gəldi bazardan, köhnə düşdü nəzərdən.

Tək əldən səs çıxmaz.

Toyuq yumurtlamadı, bəs falı hanı?

Tamah yıxmayan evi heç nə yıxa bilməz.

Tanımadığın atın arxasına keçmə.

Tutulmayan oğru – xandan, bəydən doğru.

Tələsən təndirə düşər.

Torpaq deyir, öldür məni, dirildim səni.

Toxun acdan xəbəri olmaz.

Toyuq su içəndə Allaha baxar.

 

Ucundan tutub ucuzluğa getmə (uzunçuluq, xırdaçılıq eləmə).

Ucuz ətin şorbası olmaz.

Ulamağını bilməyən köpək sürüyə qurd gətirər.

Uman yerdən küsərlər.

Urvası bizdən olmasa, kündəsi küt düşər.

Utanmasan oynamağa nə var ki.

Utan öl, yerə gir, boğazına bir yağlı kəndir sal.

Utananın oğlu olmaz.

Uşağı buyur, dalınca yüyür.

Uzun adamın ağlı topuğunda olar.

Uzun saçlının ahı yerdə qalmaz.

 

Ürək yanmasa, gözdən yaş çıxmaz.

Üzüyün suyunu tökmə (abırını tökmə).

Üzüm ayağının altına.

Üstü bəzək, altı təzək.

Üstümü unlu görüb, adımı dəyirmançı qoyma.

Üz verərsən, astar istəyər.

Üzə gülüb, ayaq altı eşir.

Üz üzdən utanar.

 

Vuran oğul atasına gənəşməz.

Vaxtsız banlayan xoruzu kəsərlər.

Varını verən utanmaz.

Varlıya “bəli” deyərlər, kasıba dəli.

 

 

Yatan ölməz, yetən (əcəli yetən) ölər.

Yıxılan ağaca baltalı da yüyürər, baltasız da.

Yalan ayaq tutar, yeriməz.

Yalançının yaddaşı olmaz.

Yalan söz üz qızardar.

Yalanın qırx gün ömrü olar.

Yanan da mən, yaman da mən.

Yaz əkinci, qış dilənçidir.

Yel əsib, qoz tökülüb.

Yeməklə doymayan yalamaqla doymaz.

Yeyərsən qaz ətini, görərsən ləzətini.

Yetim yarımaz, yarısa da, qarımaz.

Yetimin əli aşa çatanda başı daşa çatır.

Yetimə can-can deyən çox olar, çörək verən az.

Yoxluğun üzü qara olsun.

Yolçu yolunda gərək.

Yumurtadan yun qırxır.

Yumurtası tərs gələn toyuq kimi vurnuxur.

Yüz fikir bir borcu ödəməz.

Yüz dərənin başını bir bələn kəsər.

Yeyin at özünə qamçı vurdurmaz.

Yer qulaqlıdır.

Yıxılana balta vuran çox olar.

Yüz ölç, bir biç.

Yüz yeyənin olsun, bir yaman deyənin olmasın.

 

Zər qədrini zərgər bilər.

Ziyanın yarısından qayıtmaq da xeyirdir.

 

Danışıq zamanı söhbətin gedişindən, mövzudan asılı olaraq aşağıdakı ifadələr də işlədilir: “bığının altından keç­mək” (yəni işi keçən adama hörmət eləmək, rüşvət ver­mək), çulunu sudan quru çıxardı” (vəziyyətdən ziyan gör­mə­dən qurtardı), “tamah güc gəldi”, “şələ-şüləsini qoltuğuna vermək” (qovmaq), “daşı ətəyindən tök” (inadından əl çək), “dil pəhləvanı” (çox danışan, söz verib, əməl etməyən),  “ulduzları barışan” (bir-birini sevən gənc oğlan və qız haqda deyilir), “əli qızıl kəsir” (yaxşı qazanır mənasında), “tükü tükdən seçmək” (işinin ustası, səriştəli, hər şeyə dəqiq qiymət verməyi bacaran), “yumurtası tərs gəlmiş toyuq”,“toy toğlusu” (çağırıldı-çağırılmadı hər yerdə özünü gözə soxan adama deyirlər ki, sən də nə toy toğlusu kimi ortaya düşübsən), dərisi dolusu qiymətini vermək”(əsasən heyvan alıb-satılarkən işlədilən ifadədir, yəni qiyməti dəyərindən artıq verilib),  “süd gölündə üzmək”, “qanadının altında saxlamaq” (himayə), “kürkünə birə düşdü”, “başı daşdan daşa dəyib”, “gözə kül üfürmək”, “meydanda at oynatmaq”, “şəbədə qoşmaq”, “papaq altda oğlanlar var”, “bığ yağı” və s. 

 

 

Mənbə: Musa Nəbioğlu (Musa Nəbi oğlu Çobanov). Darvaz.     Bakı, “Bakı Mətbəəsi” ASC, 2023. 520 səh.

 

Qeyd: İstifadə edərkən mənbənin göstərilməsi mütləqdir. Əks halda müəllif hüquqlarının qorunması ilə bağlı müvafiq qanuna uyğun şəkildə tədbir görüləcəkdir.

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina