Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

HALALLIQ MÜCƏSSƏMƏSİ

Halallıq. Hər işin mayasında məhz halallıq durur, halallıq ol­ma­yan yerdə ruzi-bərəkət də olmaz deyib ulularımız. Təəssüf ki, son vaxtlar cəmiyyətdə gedən proseslərə nəzər salanda “hər işin ma­yasında halallıq durur” yox, “durmalıdır” deyiminin daha çox ye­rinə düşdüyünün şahidi oluruq. Ancaq nə yaxşı ki, dünya yax­şı­lardan xali deyil və ulularımızın, ərənlərimizin tapındığı halallıq prinsipini hər şeydən uca tutan soydaşlarımız bu gün də vardır.

Nədənsə, kökündə hansı mövzunun durmasından asılı olma­ya­raq hər dəfə söhbət halallıqdan, təmizlikdən, saflıqdan düşəndə gözlərim önündə ilk öncə uşaqlıq yaddaşımda əbədiləşib qalan nu­­­rani, dili xeyir-dualı, hər kəlməsi minbir hikmətlə dolu ağsaq­qal­ların canlı obrazı, mənim nəzərimdə halallığın təcəssümü olan Ənvər müəllim gəlib dayanır. Onu təkcə mən yox, hamı belə ta­nı­yır, belə qəbul edir. Sözü ilə işi vəhdət təşkil edən bu nurani insanın dilindən və əməlindən heç kəs inciməmişdir.

...Ənvər Əhməd oğlu Aşırov 1919-cu ilin mart ayında Gürcüs­tanın axar-baxarlı bir guşəsində – dağların ətəyində, meşələr qoy­nunda yüz illərdən bəri lövbər salmış ağır el kimi tanınan Darvaz kəndində anadan olmuşdur. Həmyerlilərinin həmişə min­nət­darlıqla xatırladıqları, əsrarəngiz təbiətə malik olan Darvazın hər guşəsində suyu diş göynədən yadigar çeşmələri çağlayan atası Əhməd kişidən ona el işinə can yandırmaq, xeyirxahlıq, nəciblik, alicənablıq, haqqı nahaqqa qurban verməmək kimi insani keyfiy­yətlər miras qalıb.

...Oğlanlarını savadlı görmək istəyən Əhməd kişi arzusuna nail olmuşdu. Böyük oğlu Cəlal Lüksemburq (indiki Bolnisi) rayon komsomol komitəsinin katibi işləyirdi. Ənvər isə müəllim idi. Ailə gözəl günlərini yaşayırdı. Ancaq ikinci dünya müharibəsinin başlanması milyonlarla ailə kimi, Əhməd kişinin firavan həyatını da pozdu. Hələ Finlandiya ilə müharibə zamanı Ənvər müəllim döyüşən orduya çağırıldı. Qanlı döyüşlərin birində bir ayağını itirib Vətənə döndü. Almaniya ilə müharibə başlayanda isə ra­yon­da məsul vəzifədə işləməsinə baxmayaraq Cəlal da cəbhəyə yola düşdü. Artıq Ənvər müəllim kənddəki məktəbdə coğ­ra­fi­yadan dərs deyirdi. Müharibədən qayıtmayan Cəlalın iki körpəsi – Roza və Zinə də ata qayğısından, nəvazişindən məhrum olub əmi­lərinin himayəsinə sığınmalı olmuşdular.

Müharibənin vurduğu mənəvi yaralar unudulmasa da, artıq həyat öz axarına düşməkdəydi. Ənvər müəllim də ailə qurub övlad sahibi oldu.

Ensiklopedik biliyə malik, sözün həqiqi mənasında müəllim olan Ənvər Əhməd oğlu təkcə dərs deməklə kifayətlənmir, müx­tə­lif elmi ədəbiyyatları müntəzəm mütaliə edir, xalq təbabətinə xü­su­si maraq göstərirdi. Uzun illərin təcrübəsi, zəngin elmi məlumat Ənvər müəllimi təkcə Darvaz kəndində deyil, bütövlükdə Bor­ça­lıda xalq təbabətinin əsl bilicisinə çevirmişdir. İstənilən xəstəliyin müalicəsi ilə bağlı ona müraciət edənlər naümid qayıtmır. Ənvər müəllim sadəcə xalq təbabətindən məlumatı olan bir adam kimi məs­ləhət verməklə kifayətlənmir, hər xəstəliyin müalicəsində iş­lə­diləcək bitki nümunələrini onda tapmaq mümkündür. Ömrünün doq­quzuncu onilliyini yaşayan Ənvər müəllim müalicəvi əhə­miy­yəti olan hər bir çiçəyi, otu elmi baxımdan əsaslandırılmış qaydada vaxtında toplayıb lazımi şəraitdə saxlayır.

Ənvər müəllim zəhmətsevərliyi ilə də çoxlarına örnək ola bi­lə­cək bir insandır. Onu heç vaxt bekar görməzsən. Həyət-bağçada özünə nə isə bir iş tapıb məşğul olur. Hər il yaz gələndə isə qay­ğı­ları daha da çoxalır. Torpaqla məşğul olmaq, əkib-becərmək onun ən sevimli işidir. Elə bu zəhmətin nəticəsidir ki, onun hə­yət­yanı sahəsi əsl nəbatat bağını xatırladır. Burada hər cürə meyvə ağaclarına, bəzək kollarına, bostan bitkilərinə rast gələrsən. Dar­vaz kəndi dağətəyi zonada yerləşdiyindən çoxlarının burada ye­ti­şə­cəyinə güman etmədiyi bir sıra ağacları da Ənvər müəllimin ba­ğında gömək olar. O, hər ağaca, hər kola böyük qayğı ilə ya­na­şır, onlara aqrotexniki qaydalarla qulluq edir və bu işdən böyük zövq alır.

Borçalıda Ənvər müəllimi həm də arıçılığın sirrlərinə bələd bir insan kimi tanıyırlar. Uzun illər arı saxlaması, arıçılığa dair elmi ədəbiyyatı müntəzəm oxuması onu bu işin də əsl bilicisinə çevir­miş­dir. Arıçılıqla təzə məşğul olmağa başlayanlar tez-tez ona müraciət edib dəyərli məsləhətlər alırlar.

Ənvər müəllimi həm də canlı tarix adlandırsaq yanılmarıq. Əlli ilə yaxındır ki, hər il divar təqviminin vərəqlərində dünyada – Qafqazada, Borçalıda və nəhayət Darvazda gündəlik baş verən mü­hüm hadisələri qeydə alır. Bu mənada onu Darvazın sal­na­mə­çisi adlandırmaq olar. İllər ötəcək, bu gün çoxlarının adi maraq, əy­ləncə hesab etdikləri həmin təqvimlər qiymətli tarixi mənbə kimi vərəqlənəcək, minnətdarlıqla yad olunacaqdır.

Ənvər müəllim qayğıkeş ata, nümunəvi ailə başçısıdır. Ömür-gün yoldaşı Salatın xala ilə birlikdə beş oğul, bir qız bö­yü­düb ərsəyə çatdırmışlar. Hamısı da valideynlərinin, boya-başa çat­dıqları el-obanın adına layiqdir. Ənvər müəllimin baba kimi də qayğıları çoxdur. İyirmidən çox nəvə-nəticənin hər xoş sorağı onun qəlbini dağa döndərir.

Sonbeşiyi Xəqaninin qayğısı ilə əhatə olunmuş Ənvər müəllim bu gün ömrünün müdriklik çağlarını yaşayır. Bu müdrik el ağsaq­qa­lına uzun ömür, cansağlığı arzulayırıq.

Yüzündə görüşənədək, Ənvər müəllim!


Musa NƏBİOĞLU

14 mart 2000

 

P.S. Ənvər müəllim 2013-cü ilin yazında 94 yaşında dünyasını dəyişdi. Allah rəhmət eləsin!

Şərh vermək üçün giriş edin

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina