Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

“SÖHBƏT ELƏMƏYƏ SÖZÜMÜZ OLSUN!”

 

 

Darvazın şair oğlu, adını həmişə böyük hörmət və ehtiramla andığım, ömrünün çox hissəsini Bakıda yaşasa da, həmişə dogma yurduna, elinə-obasına bağlı olan, əməlləri ilə kəndin şöhrətini daha da ucaldan Eldar Hacıyev şeirlərinin birində yazırdı:

 

 

 

 

 

 

 

 

 

  

Mənim yaşıdlarım, günlər ötüşsün,

Bura üz tutmağa üzümüz olsun.

Bir gün “Tut ağacı” yığsa bizi də,

Söhbət eləməyə sözümüz olsun!

 

Şair bu şeiri yazanda Darvaz indiki kimi kövrək məqamlarını yaşamırdı. Onda kəndin ən yaxşı vaxtlarıydı… Elimizin digər şair oğlu Əlləz Novruzun təbirincə desək, kəndin “Milli Məclisi” olan “Tutun dibi” də öz əzəmətindəydi – indiki kimi nə fiziki, nə də mənəvi baxımdan sınmamışdı, yetimləşməmişdi, darvazlıların əsl məsləhət-məşvərət yeriydi. “Tutun dibi”ndə verilən qərar, deyilən kişi sözü yüzlərlə imzalı-möhürlü sənəddən kəsərli və keçərli idi. Bütün bunları öz gözləri ilə görən, dəfələrlə kənd ağsaqqallarının  “Tutun dibi”ndəki söhbətlərinin şaihidi olan Eldar Hacıyev Darvazdan kənarda yaşayan gənc həmyerlilərinə üz tutaraq  onları dogma yurddan, eldən-obadan uzaqda elə yaşamağa çağırırdı ki,  bir gün kəndə dönəndə, “Tutun dibi”nə çıxanda “söhbət eləməyə sözləri olsun!”

Dünyanın işi elə gətirdi ki, son 20-30 ildə kənd əvvəlki növrağını itirdi, müəyyən səbəblərdən darvazlılar dünyanın müxtəlif ölkələrinə, əsasən də Azərbaycana və Rusiyaya üz tutmalı oldular. Bu gün əsrlərlə yaşı olan tut ağacı və məşhur “Tutun dibi” də həminki deyil.  Son onilliklərdə Darvazın və darvazlıların üzləşdiyi çətinlilklərə dözməyən Tut ağacı qocalıb, kövrəlib,  qol-qanadı sınıb. Amma elə-obaya arxa-dayaq olan, elin şöhrətini dünyaya yayan oğulların hesabına kənd tamam boşalmadı. Son illərdə kənddə evlərin təmiri və yenilərinin tikilməsi, kəndin abadlaşması sözün əsl mənasında qürurvericidir. Kənd yenidən əvvəlki növrağına qayıdır, məşhur “Tut ağacı” qocalsa da, yanında yenisi boy atır.

El-oba həmişə dəyərli oğulları ilə tanınıb. Darvaz da həmişə özünün belə oğulları ilə fəxr edir. Bu gün onların sorağı dünyanın bir çox ölkələrindən gəlir. Təkcə Darvazın yox, bütün Borçalının başucalığına çevrilən belə eloğlularımızın tez-tez xoş sorağını alır və haqlı qürur hissi duyuruq. Darvazın belə oğullarından biri də Rabson Məmmədovdur!

Onun haqqında danışmaq mənim üçün nə qədər xoşdursa, bir o qədər də çətindir. Xoşdur ona görə ki, o, mənim eloğlum olmaqla yanaşı, həm də orta məktəbdə sinif yoldaşım olub. On il bir yerdə oxumuş, indiki kimi repetirotorluğun olmadığı bir vaxtda ali məktəbə qəbul imtahanlarına birlikdə hazırlaşmışıq. Tələbəlik illərimiz də eyni vaxta düşüb. Bizi bir-birimizə bağlayan o qədər şirin xatirələr var ki, hər birindən saatlarla yazmaq, danışmaq olar. Çətinlik isə ondan ibarətdir ki, sənə əziz olan, doğma olan uşaqlıq və gənclik illərinin dostu haqqında yazmalısan. Və istər-istəməz düşünürsən ki, nədən başlayım, necə yazım ki, yaddan çıxan bir şey qalmasın.

Rabson Cəfər oğlu Məmmədov 1958-ci il noyabrın 21-də Borçalının ağır ellərindən olan Darvaz kəndində müəllim ailəsində dünyaya gəlib. Uzun illər rus dili müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olan atası Cəfər müəllim bölgədə hörmət və nüfuz sahibi olub. 1975-ci ildə Darvaz orta məktəbini bitirən Rabson Cəfər oğlu bir il sonra – 1976-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Tibb Universiteti) daxil olub. 1982-ci ildə ali təhsilini başa vurduqdan sonra Mingəçevir rayonlararası Onkoloji Dispanserində həkim kimi ilk əmək fəaliyyətinə başlayıb. Üç il burada uğurlu fəaliyyətdən sonra 1985-ci ildə təhsilini davam etdirmək, elmi-tədqiqatla məşğul olmaq üçün SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzində aspiranturaya daxil olub. Elə o vaxtdan da həyatını Moskva şəhəri ilə bağlayan həmyerlimiz 1988-ci ildə onkoloji xəstəliklər üzrə namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi alıb. 1988-2000-ci illərdə həmin mərkəzdə onko-radioloq kimi fəaliyyət göstərib, neçə-neçə xəstə onun sayəsəində şəfa taparaq sağlam həyata qayıdıb. Yeri gəlmişkən onu da qeyd edək ki, R.Məmmədovun oğlu Fərid də atasının yolunu davam etdirir, tibb elmləri üzrə fəlsəfə doktorudur.

SSRİ məkanında tibb üzrə savadlı bir alim kimi tanınan Rabson Məmmədov sonradan həm də sahibkarlıqla məşğul olub. 2000-2015-ci illərdə Rusiyada böyük bir turizm şirkətinin baş direktoru olub.

R.Məmmədov bu gün ömrünün ən mənalı çağlarını yaşayır. Uzun illərdir ki, Moskvada yaşayıb fəaliyyət göstərsə də, hər il doğma Darvaza gəlib ata yurdunu şenləndirməyə çalışır. Ləyaqətli eloğluma, əziz dostuma uzun və sağlıqlı ömür arzulayıram. Arzu edirəm ki, Allah ona ömrünün qalan hissəsini daha çox canı-qanı qədər sevdiyi doğma Darvazda keçirmə fürsəti nəsib etsin ki, qocaman “Tutun dibi”ndə ömrünün arxada qalan illəri ilə bağlı xatirələrini gənc həmyerlilərinə danışsın...

 

Musa NƏBİOĞLU

Əməkdar mədəniyyət işçisi

 

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina