Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

UĞURLARIN BOL OLSUN, ELOĞLU!

Elimin-obamın hər oğulu, hər qızı mənim üçün əzizdir. Doğma yurdun adını ucaldanlara, onun şöhrətini dünyaya yayanlara hörmətim və rəğbətim  isə ikiqat artıqdır. Müəyyən səbəblərdən onlarla tez-tez ünsiyyətdə ola bilməsəm də, fəaliyyətlərini daim izləmiş, hər uğurlarına sevinmişəm. Sevinmişəm ki, elimizin belə ləyaqətli övladları var. Adları çəkilən yerdə qürurla demişəm ki, mənim eloğlumdur.  Və bacardığım qədər çalışmışam ki, yurdumuzun başucalığı olan belə eloğlularımızı daha geniş ictimaiyyətə təqdim. Qoy onları cəmiyyət, xüsusən də gənclər daha yaxından tanısın.

 

Bu yazıda da onlaqrdan biri haqda söhbət açmaq istəyirəm. Onu da deyim ki, yazımın qəhrəmanı ilə məni bağlayan təkcə eloğluluq deyil, həm də hər ikimizin böyüdüyümüz ailələr arasında olan isti münasibət və doğmalıqdır. İkimizin də atamız uzun illər eyni məktəbdə pedaqoji fəaliyyətlə məşğul olublar. Böyük qardaşı, elə mənim də özümə böyük qardaş saydığım Himalay müəllim qardaşım Səmədlə bir sinifdə oxuyub və aralarındakı dostluq münasibəti çoxlarına örnəkdir. Mən özüm isə onun kiçik qardaşı Everestlə bir sinifdə oxumuşam və böyüklərin yaratdığı dostluq bağları bizi də birləşdirirb.  

 Bu kiçik təqdimatdan sonra artıq söhbətin kimdən getdiyi diqqətli oxucu, xüsusən də eloğlularımız üçün yəqin ki, aydın oldu. Bəli, söhbət Məmməd Əliyevdən gedir. Çoxlarımıza dərs demiş Xası müəllimin oğlu Məmməddən. Və o Məmməd Əliyevdən ki, hələ ötən əsrin səksənici illərində tibb elmləri namizdə elmi dərəcəsi alarkən haqqında o zamanlar Bolnisi rayonunda nəşr olunan “Qələbə bayrağı” qəzetində geniş yazı yazmışdım.

 Məlumat üçün deyim ki, Məmməd Xası oğlu Əliyev, 1956-cı il sentyabrın 15-də Borçalıda – Bolnisi rayonunun Darvaz kəndində anadan olub. Orta təhsilini də doğma kəndində alıb – 1973-cü ildə Darvaz orta məktəbini əla qiymətlərlə bitirib və ali təhsil almaq üçün Bakıya üz tutub. Tibb  üzrə ali təhsil almaq arzusunda olub. İlk iki ildə – 1973 və 1974-cü illərdəki cəhdləri uğursuz alınsa da (hər iki ildə imtahanlarda alqığı qiymətlərə görə müsabiqədən keçə bilməyib), ruhdan düşməyib. Kənddəki kolxozda əmək fəaliyyəti ilə məşğul olmaqla yanaşı, yenidən ali məktəbə qəbul imtahanlarına hazırlaşıb.   Daha ciddi və daha məsuliyyətlə hazırlaşıb və nəhayət, 1975-ci ilin avqust ayında qəbul imtahanlarında yüksək nəticələr əldə edərək (o dövr üçün yüksək göstərici olan 21 balla) Azərbaycan Dövlət Tibb İnstititunun (indki ADTU) Sanitariya-gigiyena (indiki İctimai səhiyyə) fakültəsinə daxil olub.

Tələbəliyin ilk günlərindən yaxşı oxuması ilə yanaşı, ictimai fəallığı ilə də seçilib. İmtahanlarda yüksək bal qazandığını və ictimai fəallığını nəzərə alan dekanlıq onu  qrup nümayəndəsi təyin edib.  Bir tələbə kimi üzərində ikiqat məsuliyyət olub – həm yaxşı oxumaq, həm də institutun ictimai həyatında yaxından iştirak etmək.

İki il instituta daxil ola bilməməsi zaman baxımından onu bir az dala salsa da, həmin müddətdə fizika, kimya və biologiya kimi fənləri mükəmməl öyrənməsi burada daha çox köməyinə çatıb. Birinci kursda həmin fənlərdən dərslərdə heç bir çətinliyi olmayıb. Bu səbəbdən də vaxtının çoxunu ali məktəbdə daha mükəmməl səviyyədə tədris olunan (tibb üzrə ali təhsil alanlar bunu yaxşı bilir) “İnsan anatomiyası” fənnini öyrənməyə sərf edib.  Təsadüfi deyil ki, həmin fən üzrə institut üzrə keçirilən ilk sorğuda yüksək nəticə göstərən üç tələbədən biri olub.  Həm yaxşı oxuması, həm də ictimai fəallığı diqqətdən yayınmayıb və elə birinci kursda ikən oktyabr ayında fakültə komsomol təşkilatının hesabat-seçki yığıncağında onu təşkilatın büro üzvü seçiblər. Birinci kursun hər iki semestrində  imtahanlardasn “əla” qiymət alıb və yayda o vaxtlar üçün ənənəvi olan tələbələrin yay əmək semestrində digər fakultələrin də oğlan tələbələrindən ibarət 200 nəfərlik “Tələbə inşaat dəstəsi”nin tərkibində Bərdə rayonuna gedib, iyul ayının 5-dən avqustunn 25-nə qədər rayonda aparılan müxtəlif inşaat-tikinti işlərində çalışıb. Burada onun rəhbərlik etdiyi briqada (oxuduğu qrupun oğlanlarından ibarət 16 nəfər)  hər həftənin yekununa görə yarışda birinci yeri tutub.

Növbəti tədris ilində – ikinci kursun payızında (1976) ona daha bir etimad göstərilib –fakultə komsomol təşkilatı katibinin tədris-tərbiyyə işləri üzrə müavini seçilib.  1977-ci ildə təşkil olunan tələbələrin yay əmək semestrində isə müxtəlif fakültələrdə oxuyan 11 nəfər tələbədən ibarət “Beynəlxalq inşaat dəstəsi”nin tərkibində tikinti-inşaat işlərinə kömək məqsədi ilə Polşa Respublikasının Şetsin şəhərinə göndərilib. III kursu da əla qiymətlərlə başa vurduqdan sonra isə yay əmək semestrində artıq “Tələbə inşaat dəstəsi”nin rəhbərlərindən biri kimi Ağcabədi rayonuna göndərilib.

Üç il ərzində imtahanlardan yalnız “əla” qiymət alması Məmməd üçün növbəti uğura yol açıb – o, bütün tələbələrin arzusunda oluğu, amma hər kəsə nəsib olmayan, dövrün ən prestijli tələbə təqadünə – “Lenin” təqaüdünə layiq görülən beş tələbədən biri olub.  1978-ci ilin payızında, yəni IV kursda oxuyarkən eyni zamanda fakültə həmkarlar təşkilatının sədri, 1979-cu ilin payızında (V kursda oxuyarkən) isə institut tələbə həmkarlar komitəsinin sədr müavini seçilib və ali məktəbi  bitirənə  qədər bu vəzifədə şərəflə çalışıb.

Tələbəlik illərində həm əla qiymətlərlə oxumasına, həm də əmık semestrlərində və universitetin ictimai həyatında fəal iştirakına görə dəfələrlə fəxri fərmanlara layiq görülüb.

1981-ci ildə ali təhsilini  fərqlənmə diplomu ilə  başa vurub və institutu Elmi Şurasının qərarı ilə patoloji fiziologiya kafedrasında aspiranturaya qəbul olunub.  1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi (tibb üzrə fəlsəfə doktoru) elmi dərəcəsi qazanıb.   Elə həmin il patoloji fiziologiya kafedrasına assistent vəzifəsinə təyin edilib. 1987-ci ildə müsabiqə yolu ilə kafedreanın baş müəllimi, 1998-ci ildə isə dosent vəzifəsinə seçilib.

M.Əliyev 2006-cı ildə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru olub, 2011-ci ildən isə professordur. 2011-2018-ci illərdə patoloji fiziologiya kafedrasının tədris işləri üzrə müdir müavini vəzifəsində çalışıb.

O, bütün bu illər ərzində istər milli həkim, istərsə də milli elmi-pedaqoji kadrların hazırlanmasında vicdanla çalışıb, bu yolda bilik və bacarığını əsirgəməyib. Belə ki, 1985-ci ildən patoloji fiziologiya fənnindən Azərbaycan və rus bölmələrinin tələbələri, son illərdə isə xarici tələbələr ilə ingilis dilində praktik məşğələlər aparır və  mühazirələr oxuyur. Patoloji fiziologiya fənnindən 3 praktik məşğələnin, Azərbaycan, rus və ingilis dillərində nəşr edilmiş “Patoloji fiziologiyadan atlas” dərsliyinin (2008) və “Patoloji fiziologiyadan test sualları” dərs vəsaitinin (2015), 2 cilddən (2019, 2020) ibarət “Patoloji fiziologiya” dərsliyinin həmmüəlifidir. Bu illər ərzində tələbələrə patoloji fiziologiya fənnini tədris etməklə yanaşı, həm də onların müstəqil Azərbaycan Respublikasına layiqli kadr kimi formalaşmasında, o cümlədən kafedra tələbə elmi cəmiyyətinin əvvəlcə (1985-ci ildən) sədr müavini və sonralar sədri (2005-ci ildən bu vaxta qədər) kimi elmi-tədqiqat işlərinə cəlb edilməsində və tələbə elmi işlərinin yerinə yetirilməsində bilik və bacarığını əsirgəməyib. Onun rəhbərliyi ilə hazırlanan onlarla tələbə elmi işi istər universitet və respublika, istərsə də xarici ölkələrdə keçirilən tələbə elmi konfranslarında məruzə edilib, müxtəlif dərəcəli diplomlara layiq görülübdür.

M.Əliyev baza ali təhsili əsasında həkim-mütəxəssislərin hazırlığı işində də fəal iştirak edir. Belə ki, 2013-cü ildən Dövlət İmtahan Mərkəzinin Rezidentura şöbəsində baza təhsili əsasında rezidenturaya qəbul imtahanları üçün patoloji fiziologiya fənni üzrə test tapşırıqları hazırlayan qrupa rəhbərlik edir və qəbula hazırlaşan məzunlar üçün xüsusi proqram əsasında DİM-in dəstəyi ilə patoloji fiziologiya fənnindən Azərbaycan və rus dillərində nəşr edilmiş (2020) dərs vəsaitlərinin həmmüəllifidir.

Onun elmi-pedaqoji və elmi kadrların hazırlanması işindəki fəaliyyətini də ayrıca qeyd etmək lazımdır. Belə ki, o 1985-ci ildən 2010-ci ilə qədər kafedrada aparılan elmi-tədqiqat işlərinin məsul icraçısı, 2021-ci ildən isə elmi rəhbərlərdən biri kimi onlarla fəlsəfə doktoru və elmlər doktoru dissertasiya işlərinin yerinə yetirilməsində və müdafiəyə təqdim edilməsində yaxından iştirak edib, öz bilik və təcrübəsiylə gənc alimlərə böyük həvəslə dəstək olub və bu gün də olmaqdadır. Bilavasitə onun rəhbərliyi ilə iki fəlsəfə doktoru dissertasiyası müdafiə edilmiş, iki fəlsəfə və bir elmlər doktoru dissertasiyaları üzərində isə elmi tədqiqat işləri davam etdiririlir. Bu vaxta qədər, istər respublika, istərsə də xarici ölkələrin dövri tibb nəşrlərində 300-dən çox elmi iş çap etdirib ki, onların xeyli hissəsi beynəlxalq xülasələndirmə  və indeksləmə bazalarına daxil olan nəşrlərdir və xarici alimlər tərəfindən böyük maraqla qarşılanır. Son illərdə Azərbaycan Tibb Jurnalında nəşr etdirdiyi məqalənin xarici tədqiqatçıların böyük marağına səbəb olması və bu istiqamətdə aparılan elmi tədqiqatların nəticələrinin onların jurnallarına da göndərilməsini xahiş etmələri də bunu bir daha təsdiq edir.

Məmməd Əliyevin bu sahədəki uğurları bunlarla məhdudlaşmır. O,  Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında əvvəlcə, yəni 2007-ci ildən 2014-cü ilə qədər Tibb və Əczaçılıq elmləri üzrə ekspert şurasının üzvü, 2014-cü ildən 2018-ci ilə qədər elmi katibi kimi fəaliyyət göstərib. 2018-ci ildən bu günə qədər isə AAK-da elm sahələri üzrə II şöbənin müdiri kimi respublikanın yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadr potensialının formalaşması işində də fəal iştirak edir.  

Doğulub boya-başa çatdığı Darvazın və bütünlükdə Borçalının başını hər yerdə ucaldan və Azərbaycan elmini ləyaqətlə təmsil edən Məmməd Əliyev bu gün həyatının və elmi-pedaqoji fəaliyyətinin ən məhsuldar dövrünü yaşayır. Ona həm şəxsi həyatında, həm də elmi-pedaqoji fəaliyyətində bundan sonra da yeni-yeni uğurlar arzulayırıq. Uğurların bol olsun, eloğlu!

 

Musa NƏBİOĞLU

Əməkdar mədəniyyət işçisi

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina