Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

ƏMƏKDAR MÜƏLLİM

 

O, Darvazda böyük bir nəslin nümayəndəsi, adı hər zaman minnətdarlıqla xatırlanan ləyaqətli bir kişinin oğludur. 74 illik ömrünün 60 ilə yaxınını Bakıda yaşasa da, özünü heç zaman Darvazdan ayrı sanmadı, daim doğulub boya-başa çatdığı bu ağır ellə nəfəs aldı.

Elin xeyir-şərindən kənarda qalmadı. Darvazlı olduğu ilə qürur duydu, kəndin ləyaqətli oğullarından danışmaqdan doymadı, onlarla fəxr elədi  və fərqində olmasa da, özü də adını Darvazın ləyaqətli kişilərinin sırasına yazdırdı; özünün ləyaqəti ilə, el-oba sevgisi ilə, xeyirxah əməlləri ilə, bir pedaqoq kimi Azərbaycanda  məşhur olması ilə, ən başlıcası isə, sadəliyi və səmimiliyi ilə.

O, Darvazı və darvazlıları sevdiyi kimi, darvazlılar da onu sevdi. Darvazlılar onu həm də ona görə çox sevirdi ki, orta məktəbi bitirdikdən sonra taleyi Azərbaycanla – əsasən Bakı şəhəri ilə bağlı olsa da, nə məkan, nə də zaman onu dəyişə bilmədi. Sözündə bütövlüyü, əməlində dürüstlüyü, doğma elinə-obasına sonsuz bağlılğı illər keçdikcə nəinki azalmır, hətta get-gedə artırdı. Şirin Darvaz ləhcəsi də ki, hər zaman öz yerində. Dünyanın ən məşhur istirahət guşələrinə getmək imkanı olsa da, hər il yay tətilini mütləq Darvazda – öz ata-baba  ocağında keçirərdi. Çünki burda həm də ruhu dincəlirdi, mənəvi dincliyini burda tapırdı. Hətta kənddə yaşayanların bəziləri Bakıda ev, torpaq almaq haqda düşünəndə o, Darvazda ev tikmişdi...

Təkcə öz ixtisasının dərin bilicisi deyildi, həm də dünyanın gedişindən çox məlumatlı idi və onunla söhbətdən adam doymurdu.

Yəqin diqqətli oxucu, daha doğrusu, Darvaz kəndinə bələd olan, darvazlıları yaxşı tanıyan hər kəs elə bu kiçik təqdimatdan başa düşdü ki, söhbət Anzor müəllimdən gedir. Məlumat üçün deyim ki, Anzor Abuzər oğlu Abdullayev 1945-ci ilin yanvarın 8-də Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində, müəllim ailəsində - yaddaşımda həmişə işıqlı bir insan kimi yaşayan, xeyirxah, paxıllıqdan, xəbislikdən uzaq olan, hamıya ancq yaxşı günlər arzulayan, uzun illər Darvaz orta məktəbində pedaqoji fəaliyyət göstərmiş Abuzər müəllimin ailəsində dünyaya göz açıb.  1961-ci ildə Darvaz orta məktəbini bitirib. Elə həmin ildə də  Gəncədəki  Pedaqoji İnstitutun fizika fakültəsinə daxil olub. 1962-ci ildə Sovet Ordusunun sıralarında hərbi xidmətə çağırılıb, rabitəçi kimi xidmət edib. Hərbi xidmət müddəti iki olsa da, həmin illərdə Karib böhranı ilə əlaqədar üç ildən çox müddətə hərbi xidmət edib. Ordu sıralarından tərxis olunduqdan sonra ali təhsilini davam  etdirib, 1968-ci ildə institutu bitirdikdən sonra  təyinatla Zaqatala rayonunun Danaçı kənd orta məktəbində fizika müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 1971-ci ildən əmək fəaliyyətini Abşeron rayonunun Buzovna qəsəbəsindəki 125 saylı məktəbdə  davam etdirib, yüksək təşkilatçılıq qabiliyyətinə görə gənc yaşlarında tərbiyəvi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkilib. 1980-1981-ci tədris ilindən isə pedaqoji fəaliyyətini  Bakı şəhərinin Nəsimi rayonundakı Abdulla Şaiq adına 54 saylı orta məktəbdə davam etdirib, uzun illər bu məktəbdə fizika fənnini tədris etməklə yanaşı,  həm də tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Harada çalışmasından asılı olmayaraq, həmişə özünü savadlı və yüksək pedaqoji ustalığa malik  müəllim, yüksək təşkilatçılıq qabiliyyəti olan yaradıcı pedaqoq kimi göstərib. Bunun nəticəsidir ki, onun fizika fənninə sevgi aşıladığı yetirmələri arasında həmin fənn üzrə olimpiadaların şəhər və respublika turlarının qalibləri, ümumittifaq fənn olimpiadalarının mükafatçıalrı kimi böyük uğur əldə edənlər çox olub. Onlarla şagirdi keçmiş SSRİ-nin və ölkəmizin aparıcı texniki və tibbi ali təhsil müəssisələrinin məzunları olub, bu gün öz sahələrinin peşəkarı kimi xalqına və dövlətinə xidmət göstərirlər.

Ötən əsrin 80-ci illərində “Maarif əlaçısı” adına layiq görülmüş Anzor müəllimin elmi-metodik təklif və tövsiyələri Azərbaycan SSR və keçmiş Sovetlər Birliyinin aparıcı pedaqoji nəşrlərində dərc olunub. O, çalışdığı məktəbin və rayonun ictimai həyatında da fəal rol oynayıb. Çalışdığı məktəblərdə fizika guşəsi yaradıb, onun təşkilatçılığı ilə məktəbdə fizika gecələri, şagirdlər arasında şən və hazırcavablar yarışları keçirilib. Onun bu fədakar zəhməti, pedaqoji ustalığı və təşkilatçılıq qabiliyəti diqqətdən yayınmayıb, dəfələrlə Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar və təşəkkürnamələrə layiq görülüb.

Qanlı 20 Yanvar hadisələrində və Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlər vermiş 54 saylı orta məktəbdə xatirə abidəsinin ucaldılması təklifini verən Anzor müəllimin şagirdlərin vətənpərvər ruhda tərbiyə olunmasında əvəzsiz xidmətləri olub.

Bir müəllim kimi, Anzor müəllimin əməyinə verilən ən böyük xidmət isə onun  2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülməsi olub. Yeri gəlmişkən, qeyd edək ki, Anzor müəllim indiyədək fəxri ada layiq görülmüş azsaylı darvazlılardan biri, Darvazda və bütövlükdə Borçalıda təhsilin inkişafında böyük xidmətləri olmuş rəhmətlik Muradov Mədəd müəllimdən sonra isə ikinci “Əməkdar müəllim”dir.  

2016-cı ildə təqaüdə çıxan Anzor müəllim Darvazdakı ev-eşiyini, həyət-bacasını daha da abadlaşdırır, ömrünün qalan hissəsini nəvələri ilə doğma Darvazda keçirməyə üstünlük verirdi. Amma təəssüf ki, amansız xəstəlik onun neçə-neçə arzusunu yarımçıq qoydu, ömrünün ahıl vaxtında doğma Darvazda doyunca ömür sürməyə imkan vermədi. Ağır xəstəlikdən sonra 2019-cu il yanvarın 24-də əbədiyyətə qovuşdu.

Qayğıkeş və mehriban ata olan Anzor müəllim ömür-gün yoldaşı Gülşən xanımla bərabər iki ləyaqətli övlad böyüdüb. Oğlu Müqzər Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib, sonradan hərb sənətini seçib və bu gün ölkəmizin müdafiəsi uğrunda şərəflə xidmət edir. Qızı Mehriban isə Tibb Universitetini bitirib, hazırda o da atası kimi, həm də pedaqoji fəaliyyətlə məşğul olur – vaxtilə təhsil aldığı universitetin “Daxili xəstəliklər” kafedrasının əməkdaşıdır.

Anzor müəllimin əziz xatirəsi doğmalarının,  yaxınlarının,  şagirdlərinin, darvazlıların, bir sözlə, onu tanıyan hər kəsin yaddaşında gözəl pedaqoq, millətini sevən vətənpərvər vətəndaş və həssas qəlbli insan kimi daim yaşayacaqdır.

 

Musa NƏBİOĞLU

Əməkdar mədəniyyət işçisi    

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina