Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

MEHRALI BƏY

 Bu gün təkcə darvazlıların yox, bütünlükdə Borçalının qürur mənbəyinə çevrilən, qardaş Türkiyədə daha çox tanınan, sevilən Darvazlı Mehralı bəy kəndimizin ən ünlü, məşhur simalarındandır.  Darvazda yaşayan yaxın qohumları Türkiyədə doğmalarının olduğunu bilsələr də, Sovet hakimiyyəti illərində barəsində çox az məlumat olub, onun Türkiyədəki qəhrəmanlıqlarla dolu şərəfli həyat yolundan, şanlı hərb salnaməsindən çoxumuz xəbərsiz olmuşuq. Ancaq sovetin sərt qadağaları onu tamamilə unutdura bilməyib, qəhrəmanlıqları ağızdan-ağıza keçərək yaddaşlarda yaşayıb, aşıqlarımız şəninə dastanlar qoşub, məclislərdə, el şənliklərində onun şücaətindən danışıblar.

 Barəsində daha geniş bilgilər isə, ötən əsrin 90-cı illərində sovet hakimiyyəti dağıldıqdan sonra üzə çıxdı. Türkiyədə Mehralı bəylə bağlı yazılan kitabların onun ata yurduna da çatması Borçalıda da daha sanballı tədqiqatlar aparılmasına rəvac verdi. Mərhum professor Valeh Hacılar türk mənbələri və Tiflis arxivlərindəki materiallar əsasında Meharlı bəylə bağlı kitab yazdı. Yeri gəlmişkən, bu mövzuda digər darvazlı professor Mədəd Çobanov da yazıb. Əslən Borçalıdan olan şair Elbəyi Cəlaloğlu “Mehralı bəy” dastan-poeması yazıb.

Darvaz.com saytını qurmaqda məqsədimiz qədim Türk yurdu olan Darvaz kəndinin dünəni və bu günü, onun tanınmış övladları haqqında geniş bilgilər vermək olduğundan, bu saytda, heç şübhəsiz ki, ən çox önəm verdiyimiz simalardan biri məhz Mehralı bəy olacaqdır. Onunla bağlı istər Türkiyədə, istərsə də Gürcüstanda, Azərbaycanda və digər ölkələrdə yazılmış kitablar, audiu və video materiallar saytımızda yer alacaq.

Hələliksə, onun barəsində yazılanlar (əsasən V.Hacıların kitabı) əsasında bu materialı təqdim edirik. (Bu mövzuya diqqət göstərən  saytımızın Türkiyədəki Qarapapaq adlı ziyarətçisinə təşəkkür edirik).

***

 Mehralı bəy 1844-cü ildə Borçalının Darvaz kəndində anadan olub. Atası Məmli 1823-cü ildə anadan olub. Babasının adı Allahverdi, Allahverdinin atası isə 1765-ci ildə anadan olmuş Məhəmmədəli (Məmli) olub.

       

 Türk mənbələrinin məlumatına görə Mehralı on yeddi-on səkkiz yaşlarında ikən atası Məmlini itirir. Bizə bəlli olmayan, müəmmalı səbəblərə görə hökumət onun cənazəsinin müsəlman qəbiristanlığında dəfninə icazə vermir və onu zorla, Qarapapaqların adət və ənənələrinə zidd olan bir qayda ilə başqa, yad bir məzarlıqda dəfn edirlər. Elə bu hadisə də Mehralını hökumətə qarşı üsyana qaldıran başlıca səbəb olur.

Dəfn olan günün gecəsi atası Mehralının yuxusuna girir və ata oğlunu qınayır: “Utanmırsanmı? Mən yad məzarlıqda, kafirlər arasındayam, sənin isə vecinə deyil, yazıq sənin gününə! Mənim cənazəmi kafirlərin içərisindən çıxarmasan, haqqım sənə haram olsun!” – deyir. Qəflətən oyanıb yatağından dik atılan Mehralının ürəyi göyür-göyür göynəyir, qəzəbindən titrəyir, kənd yuxuda ikən, gecə qazma-kürək götürüb atasının dəfn olduğu məzarlığa gedir. Mehmet Arif Bəy öz əsərinin ‘Mehralı kimdir?’ adlı bölməsində bu məsələdən bəhs edərək yazır: “Mahalın rus hökuməti məzarlığın qorunması üçün rus  qaravul  və növbətçisi qoydurmuş. Mehralı öz milli adət-ənənə və inanclarını heçə sayan bu davranışa fəna halda qızmış və bir gecə məzardan babasının cənazəsini çıxarıb əski məzarlığa götürmək istərkən növbətçinin əngəl olmağa çalışdığı üçün onu oradaca öldürüb, babasını da üsul və adətlərinin gərəyi tələbincə gömdükdən sonra yaxalanmamaq üçün gizlənməyə məcbur qalmışdı. …Gecədən xeyli keçmiş Mehralı Darvaza gəlir, anası ilə görüşüb kənddən çıxır. Bir neçə gün dağda-binədə, çobanların yanında qaldıqdan sonra İrana keçir”.

İranda da aranan Mehralı təkrar geri gəlir. Qardaşı ona tek qalmamasını, dağlarda qaçaklardan Dalaverli Mansur və Dovşanquloğlu Hüseyinle birleşmesini məsləhət bilir.

 

   Üç qaçak dəstəsindən ən böyüyünün başındakı Kor İsmayılın öldürülməsindən sonra “Dəstənin sağ qalan üzvləri isə, təbii ki, tərəddüd etmədən Mehralının qanadı altında sığınacaq tapdılar.”

 

Mehralının dəstəsi xeyli böyümüş, fəaliyyət dairəsi, qaçaqlıq sərhədləri genişlənmişdi. Sərhəd boyu Rusiya, Türkiyə, İran zolağı və çevrələri, Tiflis, Aleksandropol və İrəvan quberniyaları, Acarıstan-Axalsix (Ahısqa) silsilə dağlarına qədər böyük bir ərazidə onun və dostlarının atlarının dırnağı dəyməyən yer qalmamışdı. Yaylaq və qışlaqlarda tərəkəmələrin əziz qonaq kimi gözlədiyi qaçaq Mehralının şöhrəti Axılkələk, Borçalı, Trialetlə yanaşı, Qars, Ərdahan, Çıldır, Şürəgəl (Arpaçay), Ağbaba və başqa bölgələri də bürümüşdü.

  Müharibə qoxusunun duyulduğu bir zamanda, 1877-ci ilin lap əvvəllərində həm Rusiya, həm də Osmanlı onların tərəfinə keçib ordularında xidmət etməsi şərti ilə Mehralını bağışlamağa hazır olduqlarını bildirdilər. Mehralı erməni və rus generallarının əmri ilə öz qan qardaşlarına qarşı vuruşmağı qeyrətinə və şəninə sığışdıra bilmir.

Mehralı müharibə ərəfəsində olmazın çətinliklərə baxmayaraq bir neçə silahdaşı ilə birlikdə Borçalıya, Darvaza gəlir. Qohumlarını və özünə yaxın bildiyi digər qarapapaqları başına toplayıb onlara rusların zülm və işgəncəsindən xilas olmaları naminə Osmanlıya keçmələrini məsləhət bilir...

Mehralı qardaşı Alını da yanına alaraq öz dəstəsi ilə Çıldıra gəlir. Mehralını hörmət və ehtiramla qarşılayıb ona minbaşı, qardaşı Alıya isə mülazim rütbəsi verirlər. Dalaverli Mansur və Dovşanquloğlu Hüseyn, qarapapaq olmalarına baxmayaraq, rus qoşunları tərkibinə daxil olub yuxarı rütbələrdə osmanlılara qarşı vuruşurlar. Bir müddət sonra Dovşanquloğlu Hüseyn Mehralıya məktub göndərib Mansurla araları dəydiyini və icazə verərsə, əmrinə girə biləcəyini xahiş edir. Mehralı xahişi qəbul edir və beləcə D.Hüseyn də osmanlılar tərəfə keçir, Mehralı ona da minbaşı rütbəsi verdirir.

Qars bölgəsində, Tiflisdə və İrəvanda fövqəladə cəsarət və qeyrətlə parlayıb, bəzi səbəblərlə bağlı uzaqlaşaraq bir xeyli sənələrdən bəri hökumətdən gizli yaşayan və harada olduğu xəbər alınaraq dər-dəsti əsbabına biddəfəat təşəbbüs olunduğu sırada ələ keçirilməsi mümkün olmayan və sıxışdırıldığı zamanlarda bir xeyli canlar yaxaraq xarüqüladə ibrazi-şücaətlə qurtulan, Tiflis vilayətinin Borçalı sancağının mərkəz qəzasının Darvaz köyündən və Xəzər xaqanlarına qız verən pək əsil Xəzər boyu borçalılardan, qarapapaq tayfasından olan Mehralı... ruslarla müharibə etməyi cana minnət bilərək Qars komandanı Hüseyn Hami Paşaya qarapapaqlar vasitəsilə əfv edilməsinə dair gizli bir məktub göndərir... əfv edilərkən şöhrəti sayəsində Borçalı, Ahılkələk və Loru bölgələrindən qarapapaq tayfasından başına süvari olaraq yüzə qədər cəsur xalq toplayıb Qarsa gəlmiş... cəmiyyəti alay şəklinə qoydurulub kəndisi minbaşı nəsb olunmuş, içlərindən də Qarsın Gorxana köyündən Kırzıoğlu Aşıq İsmayıl, Aralıq köyündən Xəlifəquluoğlularından Hasan, Hüseyn qardaşları kimi bəziləri də yüzbaşı və mülazim təyin olunmuş... getdikcə artaraq dörd-beş yüz atlı qədər olmuş və hərbin sonuna qədər kəndilərindən istifadə edilmişdir... Anadolu cəbhəsində ilk dəfə Mehralıya beşinci Rütbədən Məcidiyyə Nişanı (Ordeni) verilmişdir.

QARS MEHRALI BƏY ORTA MƏKTƏBİ

General S.Kişmişovun qeydlərindən: “Mehralıdan başqa bu Mansurlar, Qasımlar, İsmayıllar, Rövşan oğlular, Tağı bəylər, Kürdoğlular da vilayətdə gəzsəydilər, onda halımız nə olardı? Tiflis quberniyasında belə öz yürüşləri ilə şöhrətlənmiş bu şəxslər hazırda konvoy halında M.T. Loris-Melikovu müşayiət edir, onun qərargahının qayğı və təhlükəsizliyi ilə yox, qərargah zabitlərinin, bəzən də ordunun bir qisminin qoyun, toyuq və digər ərzaqla təminatı ilə məşğuldu.”

 

Mehralının döyüşlərindən biri haqqında baş komandan, marşal Əhməd Muxtar Paşanın özü də məlumat vermişdir. O yazır: “1877-ci il avqustun 4-də Mehralı bəy beş-altı yüz qarapapaq süvarisilə Gölə cəhətində (Dəmirqapı qəryəsi civarında)... rus süvarilərinə çataraq adəta müharibə edib rusları qaçırmış, arxalarından təqib etmiş və sonra iki toplu iki rus taboruna rast gələrək geriləmişlərsə də, əvvəlcə ep eycə iş görmüş imiş.”

 

Mənbələrdən aydın olur ki, baş komandan Ə.Muxtar Paşa cürət və cəsarət tələb edən məqamlarda, ən təhlükəli və qorxulu yerlərə gedib ən çətin tapşırıqları yerinə yetirməyə Mehralını göndərərmiş. O, iki yüzə qədər atlısı ilə bir neçə dəfə Rusiya sərhədlərinə də keçmiş, düşmən erməniləri və rusları lərzəyə salmışdı. Əhməd Muxtar Paşa kitabının bir yerində xatırlayır: “1877-ci ilin avqustun sonlarında Mehralını iki yüzə qədər atlısı ilə Rusiya hüdudlarında teleqraf xətlərini qırmağa göndərmiş idim. Arpaçayı solunda və Gümrü-Tiflis yolu üzərindəki Ağbulaq və Barmaqsızkörpü mahallarına qədər gedib... kazaklarla hərb edərək ... teleqraf xətlərini və dirəklərini qırıb mühabəratı  qət etmiş və hüdudda (Arpaçay boyunda) qarşılarına çıxan iki bölük kazak süvarisilə dahi hərb edərək üç şəhid, iki yaralı ilə sentyabırın 7-də başkomandanlıq qərargahına gəlmiş və kazaklardan iyirmidən çox adam tələf etmiş idi... Hər nə isə Mehralı kimi igidlik-mücəssəmə sahibini analar pək az doğur.

 1877-ci il oktyabrın 15-də Alacadağ döyüşündə türk ordusu ağır məğlubiyyətə uğradı. Əsgərlərin pozulub qaçaqaç və basabasla Qarsa döndükləri bir zamanda baş komandan Ə.Muxtar Paşa heç kəsin gözləmədiyi halda hamıdan geridə qalır. Düşmənlə onun arası getdikcə qısalır və beş-altı yüz addımlıq bir məsafə qalır ki, bu da hər an komandan paşanın düşmən əlinə keçə bilməsi, əsir tutulması ehtimalını artırır. Həmin gün Əhməd Muxtar Paşa  şəxsi qulluğundakı altı adamla böyük təhlükədən sovuşa bilir. Həmin adamlar aşağıdakılar olur: Arpaçayın sağındakı Aralıq kəndinin sakinləri, Mehralı Bəy könüllü süvari alayının cəsur döyüşçüləri Qarapapaq Hasan və Hüseyn qardaşları, Van sancağının Ağırnas kəndindən olan yavər Mustafa ağa, iki çavuş xidmətkar. Ə.Muxtar Paşa öz xatirələrində yazır ki, “Düşmən lap yaxınlaşsa da, kədərimdən yola çıxmaq istəmir, hər iyirmi-otuz addımdan bir dayanıb geri dönür və ətrafa boylanırdım. Rusların güllə və qurşunları bizi təqib etməkdə idi. Bu sırada qarapapaq Hüseyn dedi ki: Bu həriflərə bir hücum edəlim, nə əmriniz olur?... Deyincə,–haydı, sizi görəyim,–dedim. Dərhal bu altı kişi məni buraxıb selli-seyf edərək zikrolunan yaxındakı düşmən dəstəsinə hücum edib daldılar. Mən bu haldan dərhal mütəəssir və peşiman oldum isə də, iş-işdən keçdi, deyib düşünərkən baxıb nə görsəm yaxşıdır? Düşmən geriyə və bizimkilər də mənə tərəf at çapıb gəlməkdə deyillərmi? Bu haldan fövqəladə məmnun oldum... Fəqət Hüseyn boz rəngli çuxadan çiyinləri apoletli bir zabit kaputu da əynində gəlirdi, – Hüseyn, bu nədir? – dediyimdə: – Ah, əfəndim hərifin köksündə nişanları da var idi, amma onları alammadım deyin təəssüf edirəm, –dedi. Sübhan-Allah, ...özlərindən iki, üç, bəlkə də daha çox süvarinin içinə dalmış olduqları bir zamanda həm düşmənini yerə sərmiş və həm də belindəki kaputunu alıb geymiş olmasına nasıl təəccüb edilməz?!

  Əhməd Muxtar Paşa getdikdən sonra başkomandanlığa Qurd İsmayıl Paşa təyin olunur. Əhməd Muxtar Paşa İstanbula getməkdə ikən Mehralı bəy də öz qəfiləsi ilə Sivasa doğru hərəkət edir. O, Sivasın Ulaş ilcəsinə bağlı bugünkü Acıyurd kəndinin yerləşdiyi torpağı özünə məskən seçir. Digər qarapapaqlar da ona yaxın olan ətraf kəndlərdə yerləşirlər. Mehralı hazırda Qonaq (Acıyurdun məzrası) adlanan yerdə özünə saray ucaldır. Xalq arasında Acıyurda indi də ‘Böyük köy’, ‘Papaqlı köyü’, ‘Mehralı bəyin köyü’ deyirlər.

 19-cu yüzilliyin 80-ci illərində Hamidiyyə alayları baş komandanı Mehralı bəy Sivas vilayətinin Acıyurd kəndinin yaxınlığında, məqsədəuyğun bir yerdə özünə böyük və gözəl bir saray tikdirir. İnşaatda xeyli adam çalışır; adlı-sanlı ustalarla yanaşı, başqaları ilə birlikdə burada fəhləlik edənlər  arasında aşıq-şair, əsil adı Mustafa olan məşhur sənətkar Dəlikdaşlı Ruhsəti (1835-1911) də var idi. ‘Ustalar Ruhsətiyi şeir söyləyib çalışanları lafa tutaraq işlərin ləng getməsinə səbəb olduğu üçün Mehralı bəyə şikayət edər.

 Mehralı bəyin və ona bağlı qarapapaqların Sivasa gəlişindən düz on iki il keçir. Bu zaman ərəblər İraqda tabeliyində olduqları qüdrətli Osmanlı dövlətinə qarşı qiyam qaldırırlar. Bununla əlaqədar Qurd İsmayıl Paşa özünü Sivasa, Mehralı bəyə yetirir, Bağdad üsyanı və  üsyana rəhbərlik edən Cəfər adında amansız bir qaçaq eşkiya barədə məlumat verib ondan kömək istəyir. Mehralı bəy süvarilərini toplayıb Qurd İsmayıl Paşa ilə birlikdə Bağdada yola düşür. Bağdad valisi Mehmet Fazil Paşa onlara izzət ikramda bulunur. Mehralı qaçağa təslim olmağı üçün xəbər göndərir. O da bir şey etməyəcəklərinə dair şərəf sözü alaraq təslim olur. Mehralı qaçağın təslim olmasını Sultan Əbdülhamidə bildirir və onun bağışlanmasını xahiş edir. Xahiş qəbul olunur. Bağdadda həm vali, həm də üsyana rəhbərlik edən eşkiya Mehralıya iyi cins ərəb atları hədiyyə edirlər. Mehralı Qurd İsmayıl Paşa ilə geri dönür. Bu hadisədən sonra Mehralının ünü daha da yayılır.

Bir az keçmiş Yəmən üsyanı baş qaldırır. İngilislərin bilavasitə təbliği və rəhbərliyi ilə türklərə qarşı qaldırılan ərəblər getdikcə azğınlaşır. Gözü götürməyən və əsil niyyəti Mehralı bəydən qurtulmaq olan vali Rəşid Paşa fürsəti əldən verməyib: “Bu üsyanı yatırsa, Mehralı yatıracaq” – deyə sultana xəbər göndərir. Padişahdan belə bir xəbər gəlir: “Istər gedər, istərsə getməz. Mən onu hər şeydə sərbəst buraxdım”. Bunu eşidən Mehralı bəy “getmirəm” deməyi igidliyinə, şərəfinə sığışdırmır, alayını toplayıb Ərəbistana yola düşür. Onun vidalaşaraq Yəmənə uğura çıxması da şeirləşib, nəğmələşib dillərdə dolaşmaqdadır. Həmin nəğmələrin biri xüsusilə məşhurdur və sənətçilərin repertuarından düşməyən əsərlərdəndir:

 

Mən gedirəm, Rüştü bəyim, ağlama,

Köz qoyub da cigərimi dağlama,

Alay getdi, məni burda əyləmə…

 

Mehralı bəyi və onun dəstəsini Adana şəhərində böyük bir izdiham qarşılayır və Yəmənin həddindən artıq isti olmasını, istiyə dözə bilməyəcəklərini söyləyib onları yolundan döndərməyə çalışırlar. Mehralı geriyə dönməyi qüruruna sığışdırmır, yoluna davam edərək Yəmənə yetişir. Yanındakı qardaşı Alı bu sırada yüzbaşdır. Yəmənin Əs-sir vilayətindəki alovlu üsyanlar yatırılsa da, kimsənin bacara bilmədiyi və bir zamanlar qaçaq ikən sonradan böyük vətənsevər olub vətəninə misilsiz xidmətlər yapan bu dastan qəhrəmanı Mehralı Yəmənin istisinə tab gətirə bilməyib xəstələnir və orada vəfat edir (1906-cı ildə ).

 

Mehralı bəyin ölüm xəbəri bütün Türkiyəni sarsıdır. Sivas, Ərzurum, Qars elləri və dövlət tərəfindən ehsanlar verilir. Digər Osmanlı vilayətlərindən Sivasa, Acıyurda başsağlığına gəlirlər. Şairlər, aşıqlar, sənətçilər altmış kəndin ağası olan  bu igid insanın vəfatına ağılar, mərsiyələr qoşub-oxuyurlar.

  

 

 Yener ALAGÖZ      

(Türkiyə)

 

Aşığın dilinden….

 

Nasıl meth etmeyem Mihrali Beyi,

Her yerde şerefi ünü söylenir.

Yaptığı yiğitlik aklıma düştü,

Üzerinden geçen günü söylenir.

 

Bey’in çoktur anlatırsak davası,

Titretti elinde koca Sivası.

Sürüyü sakladı Kangal Ağası,

Her yerde şerefi şanı söylenir.

 

Mihrali Bey ata biner yürürdü,

Düşman görse korkusundan erirdi.

Doksan üçte gelenleri korurdu,

Asâleti cinsi dini söylenir.

 

Mihrali Bey sözlerini açmalı,

Bunu yazıp tarihlere geçmeli.

Kılıcıyla korkuturdu düşmanı,

Kılıcı kalkanı kını söylenir.

 

Mihrali Bey, konu açanlar açsın,

Senin ünün her tarafa dolaşsın.

Dinlensin Mihrali, tarihe geçsin,

Verilir bu vasfı dili söylenir.

 

Mihrali Bey’imi bilenler bilir,

Güçlü idi bir orduya baş gelir.

Ol her yerde kahramanlık söylenir,

Böyle kahramanın hali söylenir.

 

Mihrali Bey çıktı gine meydana,

Ne kadar hanımdır doğuran ana.

Kılıcı bölendi al kızıl kana,

Gülşen bahçesinde gülü söylenir.

 

Mihrali Bey, seni nasıl duyuram,

Yiğitlerden seni seçem ayıram.

Yaradandır seni böyle kayıran,

Püryânî bugünkü gün bunu söylenir.

 

 

 

Şərh vermək üçün giriş edin

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina