Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

MƏNİM MÜƏLLİMİM

 

Borçalının ağır ellərindən olan Darvaz kəndinə ulu Tanrı təbiətin bütün gözəlliklərini bəxş edib. Bu kəndin adamları da təbiətin özü kimi səxavətlidir, suyu diş göynədən buz bulaqlardan saflıq, əsrlərlə yaşı olan palıddan dözüm, iradə, qayalardan mətanət, şimşəkdən ötkəmlik  alıblar.

Zaman-zaman adı dillərdən düşməyən qeyrətli kişiləri olub bu kəndin. Doğulub boya-başa çatdığım bu kəndin şanlı keçmişi ilə mən də həmişə öyünmüş, qürur duymuşam.

Amma son illərdə hər dəfə kəndə gedəndə nədənsə qəribə hisslər keçirirəm. Kəndə ayaq basdığım ilk andaca dünənindən qürur duyduğum doğma kəndimin sabahından narahatlıq hissi bürüyür məni. Kəndin iyirmi il bundan əvvəlki mənzərəsi ilə bu gününü müqayisə edirəm və bu günün dünənə uduzduğunu görəndə içimdəki göynərti  bir az da artır. Bir zamanlar yetim deyiləndə yalnız valideynlərini itirmiş körpə uşaqlar gözlərim önünə gələrdi. İndi isə mənim üçün yetimliyin mənzərəsi, məzmunu və mənası da dəyişib. Kənddə hara baxsan yetimliyin izini görürsən. Müəyyən səbəblərdən doğma ev-eşikdən uzaq düşən övladlarını aylarla, bəzən illərlə görə bilməyən ata-ana yetim deyil, bəs nədir? Kənddə gənclərin əvvəlki mütəşəkklliyini, əvvəlki növrağını görməyən müdrik qocalar yetim deyilmi? Zaman-zaman kölgəsində ağsaqqallara yer verən, bir növ kəndin məsləhət-məşvərət yerinə, elimizin ləyaqətli oğlu, şair qardaşım Əlləz Novruz demiş, “Darvazın Milli Məclisi”nə çevrilən “Tutun dibi” də sanki özünün əvvəlki missiyasından uzaq düşüb. Və məni Darvazla bağlı son illərdə narahat edən ən mühüm məsələlərdən biri Tutun dibi”, digəri isə kənddəki məktəblə olub. Əslində mən bunları heç zaman bir-birindən ayırmamışam, İkisini də məktəb saymışam. Birində müəllimlərdən elmlərin sirrlərini, digərində el ağsaqqallarından böyük-kiçik yeri bilməyi, həyat dərsini öyrənmişik. Özü də məktəbdəki müəllimlərdən fərqli olaraq Tutun dibindəki müəllimlərimiz – elimizin sayılıb-seçilən ağsaqqalları bizə nələrisə sadəcə quru nəsihətçiliklə deyil, özlərinin şəxsi nümunələri ilə öyrədiblər. Elə uzun müddət bu iki məktəbin yanaşı yerləşməsi də çox şey demək idi. “Tutun dibi” həm də müəllimlərimizin müəllimi, həyat akademiyası idi. 

Hər dəfə bu hisslər qəlbimi çulğayanda təskinliyi ağsaqqallarla söhbətdə tapıram. O ağsaqqallarla ki, hər kəlmələrindən min bir hikmət yağır, özləri də canlı tarixdirlər və yetər ki, vaxtında qiymətləndirib onlardan daha çox öyrənməyə, götürməyə çalışasan. Bu günlərdə Darvazda idim və təbii ki, hər gəlişimdə görüşüb kəndimizin dünəni və bu günü ilə bağlı fikirlərimi bölüşdüyüm Alı müəllimlə yenə görüşdüm.  Həmişəki kimi kəndin dünənindən söhbət açdı, sabahından narahatlığını gizlətmədi. Birlikdə tarixə səyahət etdik. Daha doğrusu onun bələdçiliyi ilə bilmədiklərimi öyrənməyə çalışdım. Yeri gəlmişkən deyim ki, ömrünün doqquzuncu onilliyini yaşayan Alı müəllim XX əsrdə bu kəndin həyatında xidmətləri olan kişilərdəndi. Vaxtilə Gürcüstandan ən nüfuzlu təhsil ocaqlarından biri kimi tanınan, bu gün məzunlarının sorağı dünyanın müxtəlif guşələrindən gələn Darvaz orta məktəbinin qızıl dövrü sayıla biləcək illərdə ona rəhbərlik edənlərdən biri də məhz odur.  Mən özüm də orta məktəbi 1975-ci ildə məhz Alı müəllimin direktor olduğu dövrdə bitirmişəm. Aradan 35 il keçsə də, onunla hər görüşümdə özümü yenə parta arxasında hiss edir, ondan daha çox öyrənməyə çalışıram. Bu da təsadüfi deyil, axı bu gün də Alı müəllimdən öyrəniləsi çox şeylər var.

Ulu peyğəmbərimizin yaxın adamları bir gün ondan soruşurlar: “Ey Allahın peyğəmbəri, dünyada görülən işlərin ən yaxşısı nədir?” Peyğəmbər cavab verir: “Elm öyrənmək”. Tarixin bütün dönəmlərində müəllimə hörmət Allaha hörmət kimi sayılmış, müəllimlik Tanrı peşəsi hesab edilmişdir.

Böyük dövlət xadimi, Türkiyəni azadlığa çıxarmış Mustafa Kamal Atatürk cəhalətin, geriliyin aradan qaldırılmasında müəllimin öhdəsinə böyük vəzifələr düşdüyünü göstərərək demişdir: “...Millətləri azad edənlər yalnız və yalnız müəllimlərdir. Müəllimdən, maarifdən məhrum bir millət hələ millət adını daşımağa layiq deyildir. Ona adi kütlə deyirlər. Bir kütlənin millət ola bilməsi üçün mütləq yaxşı müəllimlərə möhtacdır”.

Alı müəllimdən söhbət açarkən müdriklərin sözlərini xatırlamağım təsadüfi deyildir. Çünki Alı müəllim sadəcə olaraq diplomu olduğuna və bu səbəbdən də sinfə girib çıxdığına görə (bəli, məhz “sinfə girib çıxdığına” görə, dərs dediyinə görə yox) adına müəllim deyilənlərdən deyil, sözün əsl mənasında müəllimdir. Elmi, mərifəti, ədəb-ərkanı, yüksək ziyalı mədəniyyəti, yerişi-duruşu, sözü-söhbəti və ağsaqqal öyüd-nəsihəti ilə, XX əsrin böyük bir zaman kəsimində Darvazın tarixinin canlı şahidi, canlı tarixi, həm də tarixçisi olması ilə MÜƏLLİMdir. Bu günədək keçdiyi ömür yolu gənclər üçün əsl örnəkdir.

Alı Qurban oğlu Orduxanov 1927-ci ildə Borçalıda – o zamankı Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olub. 1944-cü ildə Darvaz orta məktəbini bitirib, bir il sonra həmin məktəbdə ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 1954-cü ildən isə məktəbdə dərs deməklə yanaşı həm də pioner baş dəstə rəhbəri olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) tarix fakültəsinə daxil olub və burada təhsilini 1963-cü ildə başa vurub.

1960-1966-cı illərdə Darvaz orta məktəbində tarix fənnini tədris edən Alı müəllim 1966-cı ilin sentyabrından 1967-ci ilin mart ayınadək kənddəki axşam orta məktəbinin direktoru, sonra isə 1971-ci ilədək Darvaz orta məktəbində məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 1971-ci ildə həmin məktəbin direktoru vəzifəsinə irəli çəkilib. On il bu vəzifədə çalışan A.Orduxanov 1981-ci ildə Darvaz kənd sovetinin sədri vəzifəsinə seçilib, 1984-1986-cı illərdə isə yenidən Darvaz orta məktəbinə rəhbərlik edib. Son illərdə isə məktəbdə dərs deməklə yanaşı həm də Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin Darvaz kəndi üzrə şəbəsinin sədri seçilib.

 Alı müəllimdən danışarkən görkəmli rus pedoqoqu K.D.Uşiniskinin bir fikrini xatırlamamaq olmur: ”Tərbiyyəçi pedoqoqikanın nəzəriyyəsini nə qədər yaxşı öyrənmiş olsa da, pe­doqoji mərifəti olmayınca heç vaxt yaxşı təcrübəçi-tərbiyəçi olmayacaqdır.” Bəli, Alı müəllim hər şeydən əvvəl əsil-nəcabətindən gələn ağır-batmanlıqla yanaşı həm də yüksək pedaqoji mərifəti ilə seçilib. Şagirdlərinə təkcə elmi bilikləri deyil, həm də əxlaqi keyfiyyətləri aşılayıb, onları müstəqil həyata hazırlayıb.

O, kəndin və rayonun ictimai həyatında yaxından iştirak edib, ən vacib məqamlarda sözünü deyib. Dəfələrlə kənd sovetinin deputatı seçilib, bacarıqlı maarif təşkilatçısı kimi tanınıb. Haqq əmək yerdə qalmaz, deyib babalarımız. Alı müəllimin əməyi də özünün layiqli qiymətini alıb. Sovet hakimiyyəti illərində “Rəşadətli əməyə görə”, “Əmək veteranı” medalları, “Maarif əlaçısı” döş nişanı və müxtəlif fəxri fərmanlarla təltif olunub. Əlbəttə, bunlar onun zəhmətinə dövlətin verdiyi qiymətdir. Heç kəsə sirr deyildir ki, elin məhəbbətini qazanmayan kəsə ən böyük dövlət mükafatını versən də bir qara qəpiklik qiyməti olmayacaq. Rəsmi mükafatlar o zaman qiymətli və əhəmiyyətli olur ki, onun arxasında həm də el hörməti dayanır. Görkəmli pedaqoq S.M.Qənizadə müəllim şəxsiyyətini, müəllim əməyini haqlı olaraq bu cür qiymətləndirirdi: “Müəllimin evi kitabxanadır, istirahəti dəftər yoxlamaqdır, nəğməsi uşaqların səs-küyüdür, qazancı el məhəbbətidir”. Bu mənada Alı müəllim Allahın xoşbəxt bəndəsidir. Çünki el-oba yanında hörməti, nüfuzu, qazandığı xalq sevgisi rəsmi mükafatlardan qat-qat çoxdur.

Ömrünün 83-cü ilini yaşayan Alı Orduxanov bu gün də gümrahdır və pedaqoji fəaliyyətini davam etdirir. Ona möhkəm cansağlığı arzulayır və deyirik: həmişə belə gümrah və sağlam olun, Alı müəllim! Siz hələ bizlərə gərəksiniz – zəngin biliyiniz və təcrübənizlə, faydalı məsləhətlərinizlə!

 

Musa NƏBİOĞLU

2010

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina