Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

RUHUN ŞAD OLSUN, BÖYÜK ELİN BÖYÜK OĞLU – ZİYA ABBASOV!

Aşağıdakı yazını iki il əvvəl – 2021-ci il yanvarın ilk günlərində yazmışdım. Böyük elin böyük oğluna anadan olmasının 50 illik yubileyi münasibəti ilə təbrik kimi. Yazı belə adlanırdı: “50 YAŞIN MÜABARƏK, ZİYA ABBASOV!”  Son 30 ildə Darvazın bütün ağırlıqlarına çiyin verən, kəndin ümumi problemlərinin həllindən tutmuş, demək olar ki, ev-ev hər kəsə maddi dəstəyini əsrgəməyən bu böyük ürəkli insana bu xeyirxahlıqları qarşısında kiçik də olsa minnətdarlığımı ifadə etmək istəmişdim bu yazıda. Onun belə şeyləri sevmədiyini, atalardan qalma “Sağ əlin verdiyini sol əl bilməz” prinsipinə sadiqliyini və təmənnasızlığını, etdiyi bunca xeyirxahlıqlara rəğmən kimsədən quruca “sağ ol!” da ummadığını yaxşı bilirdim. Bununla belə, 50 illik yubileyi olduğundan bu yazını darvaz.com saytında paylaşdım. Aradan heç ikicə gün keçməmişdi, yazını oxuyub bəyəndiyini bildirdi, amma təkidlə xahiş etdi ki, paylaşmayım. Buna ehtiyac yoxdur, - dedi. Bu, onun bir xeyriyyəçi kimi təmənnasız olmasının daha bir sübutu idi. Haqq etdiyi bir yazının paylaşılmasını da istəmirdi. Əslində, doğrudan da onun bu kimiyazılara ehtiyacı yox idi. Çünki, özü haqda ən gözəl yazıları əməlləri ilə minlərin, milyonların qəlbində yazırdı. Borçalıda bir “ZİYA” dastanı dolaşırdı el-el, oba-oba. Bəli, bu kimi yazılara Ziya Abbasovun yox, bizlərin ehtiyacı var – təkcə onu tanımaq üçün yox, həm də el üçün şam kimi yanmağı öyrənmək üçün.

Nə yazıqlar ki, amansız tale onu aramızdan vaxtsız apardı. El-obayla bağlı neçə-neçə planı da ömrü kimi yarımçıq qaldı. Ondan bizə qalanlar isə qurub-tikdikləri ilə yanaşı, özünə hər könüldə qurduğu abidədir. İllər ötəcək, nəsillər dəyişəcək, amma o, unudulmayacaq. Çünki, unudulmaz Zəlimxan Yaqub demiş:

 

El yadda saxlamaz evdən gedəni,

İnsan əzizlənər eldən gedəni.

 

Hər eldə, hər evdə yaşayacaq onun əziz xatirəsi. Və bu xatirələr yazıya alınaraq cild-cild kitablara çevriləcək – “ZİYA” dastanı yüzillər sonra da yaşayacaq.

Hələlikisə, iki əvvəl yazdığım yazını indi paylaşıram.

Ruhun şad olsun, böyük elin böyük oğlu!

 

 

Musa NƏBİOĞLU

Əməkdar mədəniyyət işçisi

 

 

 

 

50 YAŞIN MÜBARƏK, ZİYA ABBASOV!

  Onu nə doğulub boya-başa çatdığı Darvaz kəndinin sakinlərinə, nə də bütövlükdə Borçalıya və borçalılara təqdim etməyə, daha doğrusu, tanıtmağa ehtiyac yoxdur. Elə Azərbaycanda da yaxşı tanıyırlar. Barəsində internet resurslarında qısa axtarış apararkən rusdilli mənbələrdə də onun tanınmış iş adamı olmaqla yanaşı, həm də  xeyriyyəçi kimi təqdim olunması da mənim bu qənaətimi möhkəmləndirir.

 

Bəli, bu gün anadan olmasının 50 illik yubiley təntənəsini yaşayan (1971-ci il yanvarın 2-də anadan olub) Ziya Almaz oğlu Abbasov istər Gürcüstanda, istərsə də Azərbaycanda və Rusiyada xeyriyyəçi iş adamı kimi tanınır. Hansısa bir məclisdə xeyriyyəçilikdən və xeyriyyəçilərdən söz düşəndə adı başda çəkilənlərdəndir Ziya Almaz oğlu. Yaxud hardasa onun haqqında söhbət düşürsə, hər şeydən öncə onun əliaçıqlığından, xeyriyyəçiliyindən, elinə-obasına canyandırmasından və səmimiyyətindən danışılır. Çünki onun xeyriyyəçiliyi, bəzilərində olduğu kimi, özünüreklamdan uzaqdır. Necə deyərlər, beş manatlıq “xeyriyyəçilk” edib, 15 manat da onun reklamına xərcləyənlərdən deyil. Ehtiyac nə deməkdir, kasıblıq nə deməkdir, yaxşı bilir. Buna görə də istəyir ki, insanlar ehtiyac içində yaşamasın. Nə eləyirsə, ürəkdən eləyir, canıyananlıqla eləyir. Bu səbəbdəndir ki, insanlar ona inanır, güvənir, ürəyini açıb, dərdini danışa bilir. Onun Borçalıya, doğma Darvaza hər gəlişi sözün əsl mənasında toy-bayrama çevrilir: el-oba özünün adı dillərdə dastan olan oğlunu elə onun adına layiq şəkildə də qarşılayır. Və bu gəliş həm də neçə-neçə ailənin qəlbindəki ümid işığını daha da alovlandırır. Axı, sirr deyil ki, neçə-neçə ailə, özü də təkcə darvazlılar deyil, həm də qonşu kəndlərdən olanlar onun yolunu həm də bir çox arzusunu reallaşdırmaq, problemini həll etmək üçün gözləyir. Onun doğma yurda hər gəlişi, el-oba ilə hər görüşü insanların qəlbində sabaha inamı artırır, yaddaşlarda unudulmaz xatirəyə çevrilir. Bu məqamda istər-istəməz adamın yadına “Qabusnamə”dəki bu bu hikmətli kəlam düşür: “Adamların yazığı odur ki, alim olsa da, heç kəs onun görüşünə getməsin”.

 

Yeri gəlmişkən onu da qeyd edək ki, Ziya Almaz oğlu kifayət qədər tanınmış iş adamı olmaqla yanaşı, həm də iqtisadiyyat üzrə alimdir. Özü də pul qazanandan sonra alim olanlardan deyil. Həm iş adamı, həm də bir alim kimi əldə etdiyi bütün uğurlara ancaq özünün savadı, istedadı və zəhmətsevərliyi ilə nail olub. Bəli, məhz zəhmətsevərliyinin, qarşısına qoyduğu məqsədə çatmaq naminə inadkarlığının və möhkm iradəsinin sayəsində. Axı, klassiklərdən birinin də dediyi kimi, istedad hələ hər şey demək deyil, əgər o son dərəcə inadkar olmayan bir adama verilibsə, məhv olub gedər.

 

Tanıyanlar yaxşı bilir ki, Z.Abbasov orta məktəbi əla qiymətlərlə bitirib, Bakıda ali məktəbə də daxil olub. Amma burada uzun müddət oxumayıb, istedadına, savadına və qabiliyyətinə güvəndiyindən özünü daha geniş auditoriyalarda görüb.

 

Rus yazıçısı N.Fomiçev əsərlərinin birində yazır: “Əgər sənin qabiliyyətin səni çağırırsa, get onun dalınca”.  Ziya da öz qabiliyyətinə güvənərək Bakıda təhsilini yarımçıq buraxıb Moskvaya gedib. O zaman, bəlkə də, çoxları onu bu hərəkətinə görə qınayıb da. Amma özünə, qabiliyyətinə və istedadına güvənən Ziya Almaz oğlunu heç nə yolundan döndərə bilməyib. Burada ali təhsil alıb, alim  olub.

 

Yazının əvvəlində “Qabusnamə”dən sitat gətirdiyim kimi, yenə də həmin mənbəyə üz tutmalı oluram:  “Elmi olub, ağlı olmayan adama elm əziyyət verər”. Ziya Abbasovun ağlı elminə bələdçilik edib, onu daha böyük uğurlara aparıb. Rusiyanın paytaxtında özünə gün-güzəran qurub. Əli qazanca çatandan həm də doğmalarını, yaxınlarını, dostlarını, bir sözlə, el-obasını da düşünüb, qazancından onlara da pay ayırıb. Bu mənada, o, həm də bir örnəkdir: Çalışqanlığın, zəhmətsevərliyin,  elmə və təhsilə doğru münasibətin örnəyi.

 

İmkanları genişləndikcə etdiyi köməyin həcmi və coğrafiyası da genişlənib. Özü də təkcə ehtiyacı olanlara yardım etməklə kifayətlənməyib, eyni zamanda çalışıb ki, insanlar özlərinə iş qurub pul qazanmağın yollarını öyrənsinlər. Bunun üçün hər cür kömək göstərib, yeri gələndə maddi dəstəyini də əsirgəməyib. Təsadüfi deyildir ki, bu gün Azərbaycan, Gürcüstan, Rusiya və bir sıra digər ölkələrdə yaşayan soydaşlarımız, eloğlulrımız məhz onun sayəsəində iş-güc sahibi olub, özlərinə normal gün-güzəran qura biliblər.

 

Ziya Abbasovu başqalarına sevdirən təkcə onun əliaçıqlığı, xeyriyyəçiliyi deyil, həm də sadəliyi və səmimiliyidir. Necə deyərlər, böyüklə böyükdür, kiçiklə kiçik. Böyük biznes layihlərindən danışanda, işinə münasibətdə nə qədər ciddidirsə, eldə-obada insanlarla söhbətində o qədər sadə və səmimidir.  Borçalıya, xüsusən də doğulub boya-başa çatdığı Darvaz kəndinə çox bağlıdır. Dünyanın istənilən guşəsində istirahət etməyə imkanı çatsa da, hər il yay aylarında Darvaza gəlir, fiziki və mənəvi dincliyini doğma eloğlularının yanında tapır.

 

Doğma yurdunu hamı sevir və burada qeyri-adi bir şey yoxdur. Amma məsələ burasındadır ki, Ziya öz kəndini, elini-obasını sadəcə sevməklə kifayətlənmir, onun inkişafı naminə əlindən gələni edir. Onunla hər söhbətimizdə mütləq kəndin sosial inkişafından və bu istiqamətdə planlarından, maddi ehtiyacı olanlara kömək etməyin vacibliyindən söhbət açıb. Bu yöndə fəaliyyətini ildən-ilə genişləndirir. Ötən əsrin 90-cı illərinin sonlarından bəri təkcə Darvazda həyata keçirdiyi xeyriyyəçilik işlərini saymaqla qurtaran deyil. Kənddə yaşayan və maddi dəstəyə ehtiyacı olan ailələrə, orta məktəbdə dərs deyən müəllimlərə neçə illər boyu hər ay maddi dəstək göstərib, uzun illər kənd sakinlərinin işıq pulunu ödəyib. Hər il Qurban bayramı və digər bayramlarda da unutmur eloğlularını. Kəndin içməli su ilə təminatının yaxşılaşdırıb, Darvaz orta məktəbinin binasını, kənd klubunu və köhnə məktəbin binasını əsaslı təmir etdirib, köhnə qəbiristanlığın kənarına daş hasar çəkdirib. Kəndin mərkəzini abadlaşdırılması, mərkəzi yolun gecələr işıqlandırılması, kəndin ətrafındakı bulaqların üstündə gözəl istirahət guşələrinin yaradılması üçün də darvazlılar məhz Ziya Almaz oğluna borcludurlar.

 

Bu siyahını bir az da uzatmaq olar. Amma nə mənim məqsədim onsuz da hamının bildiyi şeyləri bir də yada salmaq deyil, nə də ki, Ziya Abbasovun buna ehtiyacı yoxur və bilirəm ki, belə şeyləri heç sevmir də. Sadəcə bunları ona görə qeyd edirəm ki, həm gənclərimiz onu daha yaxından tanısınlar, həm də bu gün Borçalıdan, eləcə də Darvazdan olan digər imkanlı eloğlularımız da nümunə götürsünlər. Görsünlər ki, doğma yurdu, eli-obanı sevmək sadəcə hansısa bir məclisdə yurdun şəninə şirin bir tost deməkdən ibarət deyil.

 

Ziya Abbasovun özü və xeyirxah əməlləri haqda çox yazmaq, çox danışmaq olar. Nə qədər ki, qədirbilən insanlar var, onun bu gün dastana çevrilən xeyirxah əməlləri haqda çox danışılacaq, çox yazılacaq. Yazımın əvvəlində də qeyd etdiyim kimi, dəyərli eloğlumuzun 50 yaşı tamam olur. Və mən də bu kiçik yazını onun eloğluları adından yubiley təbriki kimi qələmə aldım. Ömrün uzun, canın sağlam, ruzin və uğurların bol olsun, əziz Ziya Abbasov!  Ola bilsin, hansı səbəbdənsə səni sevənlərdən kimsə vaxtında təbrik edə bilmədi. Amma sən hamının qəlbindəsən, ağsaqqalların xeyir-duası, ağbirçəklərin alqışı daim səninlədir!

 

 

 

Yanvar 2021-ci il.

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina