Mayın 1-də Azərbaycan Gürcüstan da daxil olmaqla quru sərhədlərini qonşu ölkələrlə aça bilər. Bu barədə Gürcüstanın "Business Press News" nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycanın Nazirlər Kabineti operativ qərargahla birlikdə yaxın vaxtlarda bu məsələ ilə bağlı rəsmi qərar qəbul edəcək.
Məlumat üçün bildirək ki, pandemiya başlayandan sonra Azərbaycanın quru sərhədləri bağlanıb. Məhdudiyyətlər aradan qaldırılsa da, sərhədlər 3 ildir bağlıdır.
Hazırda ölkədə epidemioloji vəziyyət sabitləşib və pandemiya bitmiş hesab olunur. Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı da dünyada pandemiyanın sona çatdığını rəsmən açıqlayıb.
Qeyd edək ki, Azərbaycanda koronavirusla bağlı məhdudiyyətlər mayın 1-dək qüvvədə saxlanılıb.