Marneulidə yerləşən Nəriman Nərimanovun büstünün qarşısında etiraz aksiyası keçirildi.
Aksiyaya ötən həftə Marneulili bir qrup gənclərin Nəriman Nərimanovun heykəlinin yerləşdiyi əraziyə Merab Kostavanın adının verilməsi və büstünün oradan qaldırılması ilə bağlı bələdiyyəyə təqdim etdikləri ərizə səbəb olub.
İrakli Kveladze bir qrup gənclər tərəfindən yerli hakimiyyətə təqdim etdiyi ərizəyə müsbət cavab gəldiyi təqdirdə bunun baş verəcəyini qeyd etmişdi. Bugünkü aksiyada gənclər, ziyalılar, siyasətçilər, QHT üzvləri və Marneuli sakinləri iştirak edirdilər.
Aksiyanın təşkilatçıları "Marneuli" Radiosuna müsahibəsi zamanı bildirdilər ki, onlar yenidən imza toplayaraq yerli icra hakimiyyətinə təqdim edəcəklər.
Tələbləri isə ondan ibarətdir ki, Marneuli Mədəniyyət evinə, Qızılhacılı kəndində yerləşən məktəbə və Nəriman Nərimanovun büstünün yerləşdiyi əraziyə Nərimanovun adı qaytarılsın.
Aksiyada çıxış edənlər Nəriman Nərimanovun Gürcüstan üçün etdiyi yardımlardan söhbət açdılar və belə bir insana aid olan büstün buradan qaldırılmasının etnik azərbaycanlılara hörmətsizlik olacağını qeyd etdilər.
Aksiyanın sonunda isə iştirakçıları imza toplayaraq bələdiyyəyə təqdim etdilər.