Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

SAFLIQ GENDƏN GƏLİR

İki çağırış millət vəkili, görkəmli ədəbiyyatşünas alim, vaxtilə Bakı Dövlət Universitetinin türk xalqları ədəbiyyatı kafedrasına rəhbərlik etmiş mərhum professor Şamil Qurbanov vaxtilə yazırdı ki, borçalılar hər şeydən öncə qeyrətdə məşhurdular.

Həqiqətən də, Şamil müəllim o yazılarında Borçalı əsilli görkəmli şəxsiyyətlərdən söhbət açır, onların formalaşmasından, püxtələşməsindən, Azərbaycanın çiçəklənməsinə, dövlətçiliyimizin qorunmasına və möhkəmləməsinə, milli iqtisadiyyatımızın qüdrətlənməsinə, incəsənətimizin və ədəbiyyatımızın zənginləşməsinə verdikləri töhfələrdən bəhs edirdi. Kəlamlarının məna tutumu geniş olan Şamil Qurbanov özü də başda olmaqla, Azərbaycanın tərəqqisinə, xalqımızın firavanlığının təmin olunmasına, Vətənin şöhrətinin ucalmasına xidmət edən Borçalı əsillilər çoxdu və onların sırasından istənilən qədər adları çəkə bilərik. Şair Abbas Abdulla şeirlərinin biridə yazır:

 

Qara torpağını sürtdüm üzümə,

Üzüm el yanında ağardı, Vətən.

 

Borçalı mahalından elin-obanın üzünü ağ, başını uca edən, yurdun qədrini bilən, torpağın qədrini bilən ziyalılar yetişib, yetişir və yetişəcəkdir. Borçalılar cəmiyyət həyatının bütün sahələrində işlərini bilən, üzərlərinə düşən vəzifələrin öhdəsində layiqincə gələn, xalqın rəğbətini qazanan mütəxəssislər kimi çalışırlar.  Onlardan biri də Borçalının ağır ellərindən olan Darvaz kəndinin yetirməsi  Səməd həkimdir.

Səməd Nəbi oğlu Çobanov 1946-cı il dekabrın 12-də Bolnisi rayonunun Darvaz kəndində müəllim ailəsində anadan olub. 1963-cü ildə kənd orta məktəbini bu məktəbin tarixində ilk medal alan məzun kimi bitirib və elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub. 1969-cü ildə institutda təhsilini başa vuran S.Çobanov 1969-1971-ci illərdə hərbi həkim kimi orduda xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra Borçalıya qayıdıb,  1971-1976-cı illərdə Bolnisi rayonunun Darvaz kənd ambulatoriyasının baş həkimi vəzifəsində çalışıb.

1976-cı ildə Gürcüstan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun klinik ordinaturasına daxil olub və 1978-ci ildə oranı bitirərək, Bolnisi rayon Mərkəzi xəstəxanasının terapiya şöbəsində ordinator kimi fəaliyyətə başlayıb. 1989-1992-ci illərdə yenidən Darvaz kənd ambulatoriyasının baş həkimi vəzifəsində çalışıb.

S.Çobanov ali dərəcəli həkim kimi 1992-ci ildən 2016-cı ilin sonuna – təqaüdə çıxana kimi Bakıda “Azərsutikinti” xəstə-xanasında çalışıb. Bu müddətdə bir neçə  Fəxri fərman və Dip-lomla təltif olunub.

Həkim S.Çobanovun dövri mətbuatda tibbi mövzuda onlarla məqaləsi çap olunub. O, həmçinin bir sıra elmi-praktiki konfraslarda iştirak edib.

 

Oğullar yetirdin, el-el tanındı,

Qışın da çevrildi yaza, Borçalı...

 

Borçalının hər bir guşəsi kimi mənə əziz olan Darvaz kəndi sözün elə həqiqi mənasında elin qışını bahara çevirən oğullar yetirən bir kənddir. Mən həm də ona görə fəxr edirəm ki, bu eli, onun şərəfli övladlarını tərənnüm edən “Darvaz” şeirinin müəllifiyəm. Unudulmaz Xalq şairimiz Zəlimxan Yaqub demişkən, “Səsi torpağın təkindən süzülüb gələn, xalqımızın sərvəti”, bizim gözəl müğənnimiz Xəlil Qaraçöp həmin şeirə musiqi bəstələdərək çox yüksək səviyyədə ifa edib. Darvazlılar da var olsunlar ki, mənim yaradıcılığımı, onlara olan rəğbətimi hər zaman qiymətləndirirlər. O şeirin bir bəndində yazıram:

 

Kim sanar özünün qonaq bu yerdə,

Seçilmir lalədən yanaq bu yerdə,

Alışaq bu yerdə, yanaq bu yerdə,

Yurdumdu, yuvamdı, binamdı Darvaz...

 

Yurddaşımız Səməd həkim çox yüksək səviyyəli, xeyirxah, alicənab bir insan, gözəl mütəxəssis, bacarıqlı həkimdir. İnanın, onun yerişində də, duruşunda da tərbiyə, oturuşunda da tərbiyə, bütün davranış və maneralarında, gülüşündə də əxlaqi mükəmməllik özünü büruzə verir. Allah-təala elə bil onu yetirəndə qüsursuz  yetirib. Dostlara münasibəti gözəl, özündən yaşlılara rəftarı həssas, elcanlı, ailəcanlı, dostcanlı əvəzolunmaz bir ziyalıdır. Ellilərinin qürur yerinə, fəxarət ünvanına çevrilən belə insanlara həyatda tez-tez rast gəlinmir.

Uzun müddətdi Səməd həkimin qardaşı, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu ilə dostluq edirəm. M.Nəbioğlu da Azərbaycanda tanınmış ziyalılardandı, görkəmli folklorçudu, gözəl ədəbiyyatşünasdı. Səməd həkimi həm də bu səbəbdən daha ya-xından tanıyıram. Bir yerdə çox olmuşuq. Darvazda, bulaqların  başında – Quyubulaqda heç vaxt yaddan çıxmayacaq gözəl günlər keçirmişik.  Fəxr edirəm ki,  Səməd həkimin 70 illik yubileyini qeyd etdiyimiz məclisin aparıcısı da mən idim. Aşıq Şaiq İncəlinin  sarı simin üzərində zildən bəmə, bəmdən zilə gəzişərək daha da rövnəqləndirdiyi məclisdə Səməd həkimin ünvanına haqlı olaraq xoş sözlər səsləndi. Onlardan bir neçəsini oxucuların da diqqətinə çatdırmaq istəyirəm.

Millət vəkili, ATU-nun prorektoru, professor Rafiq Məmmədhəsənov: “1963-cü ildə Tibb İnstitutuna daxil olanda Səmədlə bir qrupa düşmüşük və sonradan yavaş-yavaş isinişmişik, bu münasibət dostluğa çevrilib ki, bu günə qədər də davam edir. Səməd çox zəhmətkeş insandır. Səmədin mənim üçün ən əziz olan xüsusiyyəti onun səmimiyyətidir. Səməd çox səmimi insandır. Səməd olan sözü üzə deyər, arxadan bir şey danışmaz. Dostluğa çox sədaqətlidir ki, bu da mənim üçün önəmlidir. Bizim dostluğumuz  təmənnasız dostluqdur. Nə onun məndən təmənnası var, nə də mənim ondan. Səməd dost qazanmağı bacaran insandır.

Səməd saf nəsildəndir, bu saflıq Səmədin genində var. Əqidə saflığı, mənəvi saflıq, dostluq nədir, kişilik nədir bilmək – bu keyfiyyətlərin hamısı Səməddə birləşib. Səmədin gözəl ailəsi var. Mən onun atası Nəbi müəllimi də yaxşı tanıyırdım.

Səməd çox savadlıdır. Əgər elmin arxasınca getsəydi, indi çoxdan professor idi. Amma Səməd təcrübi yolu seçdi, praktik həkimliyə üs¬tünlük verdi və ad-san qazandı, elinin-obasının adlı-sanlı həkimlərindən biri oldu”.

Səməd həkimin 25 ildən çox çalışdığı “Azərsutikinti” xəstəxanasının baş həkimi Elman Mirzəyev: “Mən 26 ildir ki, Səməd həkimlə bir yerdə işləyirəm. Onu işə  qəbul edəndə ilk növbədə onda yüksək mədəniyyət, yüksək savad və peşəkarlıq gördüm və öz-özümə dedim ki, doğrudan da bu adamın kökü var. Səməd həkimin özü də  bilir ki, kollektivdə mənə əziz olan adamdır. Eləcə də, kollektivimizin sevimlisidir. Bu hörməti o özü qazanıb-sadəliyi, səmimiliyi və saflığı ilə.

Səməd həkimdə bütün yüksək insani keyfiyyətlər cəmləşib. Savadına isə söz ola bilməz. Birgə çalışdığımız bu illərdə bircə dəfə görmədim ki, kimsə ondan narazı olsun. O, öz ixtisasını yüksək səviyyədə bilən həkim, səmimi insan, sədaqətli dostdur”.

Həmin məclisdə olanların hamısının Səməd həkim haqqında sözlərinin əsas ana xəttini onun insanlığı, alicənablığı, təvazökarlığı, gözəl həkimliyi, xalqa, millətə xidməti təşkil edirdi. Biz də belə hesab eləyirik ki, bu sadalanan dəyərlər Səməd həkimin həyatda qazandığı ən yüksək mükafatdır. Müdriklərimiz deyib ki, əsl gözəllik ağılda və kamaldadı. Səməd həkimin daxili də gözəldi, zahiri də gözəldi. Amma onun əsas gözəlliyi ağlında və kama-lındadı. Çünki ağıl da, kamal da əvəzolunmaz sərvətlərdir. Səməd həkim, sözün gerçək mənasında, xalqı üçün, milləti üçün, qohum-əqrabası üçün, el-obası üçün çalışan gözəl bir həkimdir. Səməd həkim həmişə onu tanıyan, ona üz tutan, işi düşən, onunla təması olan bütün insanlarda xoş təəssürat yaratmağı bacarır. O, həkimlik şərəfini də qoruyur, vurğunu olduğu peşəsinin etik qaydalarına əməl edir, müqəddəs vəzifəsini yüksək  səviyyədə yerinə yetirir.

Çexov deyir ki, həkimlik sənəti qəhrəmanlıqdır, hünər de-məkdir. Bu peşə adamdan  fədakarlıq, pak niyyət  tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır. Səməd həkimin timsalında biz bütün bu tələblərə cavab verən həkimi görürük. Bu nöqteyi-nəzərdən, fəaliyyəti təqdir olunan səhiyyə qəhrəmanlarından biri kimi, onun da təcrübəsinin yayılması, şəxsiyyətinin bir insan materialı kmi öyrənilməsi vacibdir.

Mən hörmətli Səməd həkimin yubileyində böyük söz fatehimiz Zəlimxan Yaqubun şeirlərinin birində sitat gətirmişdim:

 

Şər ilandı, şər əfidi,

Saflıq ömrün şərəfidi.

Qoru görüm şərəfi di,

Qorudunsa, yaşamısan.

 

Səməd həkim arxada qoyduğu 70 ildə şərəfini qoruya-qoruya yaşayıb. Arzu edirəm ki, bundan sonra Allah verən ömrün qalan payını da şərəflə yaşasın. Doğmalarının, əzizlərinin, nəvə-nəticələrinin əhatəsində Allah verən ömrü ürəyi istədiyi kimi dolu yaşasın.

Səməd həkimə möhkəm cansağılığı, gözəl günlər arzulayıram.

Otaqların küncünə çəkilməyən, düzlər keçib, dağlar aşan, dünya ilə dünyalaşan Xalq şairi Hüseyn Arif vaxtilə yazırdı ki:

 

Bəzən 50 də yorur insanı,

Bəzən bilinməyir 100 bu dünyada.

 

70 sizi yora bilməyib, Səməd həkim, 100-ü də beləcə, sağalm və gümrah qarşılayasınız, inşallah!

 

Səməndər MƏMMƏDOV

AzərbaycanYazıçılar Birliyinin üzvü.

2016-cı il.

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina