Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

SEVDİ, SEVİLDİ GETDİ

 

İndi hamı 2020-ci ilin uğursuz olmasından danışır. İnsanlar az qala bir ümidsizliyə qapılıblar. Üzlərdən sevinc göyə çəkilib. Bir vaxtlar tez-tez toylara dəvət olunmaqdan gileylənənlər indi toy həsrətindədir. Zəmanə elə tərs gəlib ki, toylar bir yana, vayımızı da adət-ənənəyə uyğun urvatlaya bilmirik. Hər gün  axşamüstü saat 5-6 radələrində hamının gözü-qulağı televizorda olur ki, görsən bu gün koronavirusa neçə nəfər yoluxub, sağalan və dünyasını dəyişən neçə nəfərdir? Evdən vacib iş dalınca çölə çıxanda da bir gözümüz saatda qalır ki, birdən SMS icazənin vaxtı ötər, cərimələnərik. Kim bilir, SMS icazənin qaydalarını pozmağa görə yazılan cərimələr fərd olaraq suçumuzun cəzasıdırsa, bəlkə də, bu gün  dünyanın üzləşdiyi bu pandemiya bəlası Allahın bütün bəşəriyyəti cəzalandırması, Allahın yolundan çıxmağın bədəlidir... Kim bilir... Hələliksə bildiyimiz odur ki, az qala hər səhəri bir bəd xəbərlə açırıq. Sanki ölüm də adiləşib, ucuzlaşıb...

 

Əslində, Xalq şairi Zəlimxan Yaqub demiş, ölüm təzə xəbər deyil. Və hərdən mənə elə gəlir ki, insanın əsl həyatı elə ana bətnindəki dövrdür. Bu işıqlı dünyaya qədəm qoyandan sonra isə hər birimiz ölümümüzə doğru yol gedirik. Fərqimiz isə onda olur ki, bu yol kimi üçün qısa, kimi üçün isə uzun olur. Kimi bu yolu şərəflə keçir, kimi isə özündən sonra varislərinə üzqarası qoyur.  Kimi evdən gedir, kimi də eldən...

Müəllifini unutduğum bir şairin dediyi kimi, “nimdaş pencək kimi sökülür ömür, astarı bir yana, üzü bir yana”. Hər kəsin əməlləri ayrılıb ələkdən keçir, “əyrisi bir yana, düzü bir yana”. Allah bizə əmanət etdiyi ömrü bir gün də geri alır:

 

Ömür əmanətdi, hədiyyə deyil,

Qaytarır bir nəsil, alır bir nəsil.

Vay o şəxslərə ki, yaşayır yüz il,

Düşməyir ünvanı, izi bir yana.

 

Ölüm Allah işidir və Allahın işinə qarışmaq olmaz desək də, elə ölümlər olur ki, sən onunla barışa bilmirsən. Dünyasını dəyişən şəxsin sənə qohum, yaxud yad olmasından asılı olmayaraq qəbul edə bilmirsən onun vaxtsız ölümünü. Bəli, məhz vaxtsız ölümü!

Neçə gündür ki, xəstə olduğunu bilsəm də, onun belə tezliklə aramızdan gedəcəyini heç ağlıma gətirmirdim. Əvvəla ona görə ki, sağlam idi, gümrah idi, bu vaxtacan onun hansısa bir ağrıdan şikayətləndiyini eşitməmişdim. Üstəlik fiziki sağlamlığına güc qatan mənəvi saflığı, daxili zənginliyi və həyat eşqi, sabaha böyük inamı da onun uzunömürlü olacğına heç bir şübhə yeri qoymurdu. Bu ölümə bir də ona görə inanmırdım ki, oğlanları Mahir və Yaşarın atalarına olan sevgiləri qarşısında xəstəliyin də diz çökəcəyinə ümidim böyük idi...

...1953-cü ildə Borçalının ağır ellərindən olan Darvazda anadan olmuş Teymur Musa oğlu Ramazanovun dünyasını vaxtsız dəyişməsi, səmimi deyirəm, son dövrdə məni ən çox təsirləndirən itkilərdən oldu. Aramızda beş yaş fərq olsa da, münasibətimizdə həmişə bir doğmalıq olub.  Mənə bu yazını yazdıran da oğlu Mahirə olan hörmətimdən çox Teymurun özünə olan səmimi münasibətim, rəğbətimdir. Yeri gəlmişkən, elə Mahiri (eləcə də Yaşarı) mən həmişə Teymurun ən böyük əsəri, həyatdakı ən böyük uğuru hesab etmişəm!

Haqqında keçmiş zamanda danışmaq mənim üçün nə qədər ağır olsa da, deyim ki, sadə və olduqca səmimi insan idi. Mütaliəni çox sevərdi. Ali təhsili olmasa da, bəzi “ali təhsilli”lər məndən inciməsin, savadı, zəngin dünyagörüşü, dünyada baş verənlərə özünəməxsus yanaşma tərzi və mühakiməsi ilə çoxlarından fərqlənirdi. Onunla söhbət etmək adamı yormurdu. Çünki həm şirin danışırdı, həm də məzmunlu. Bildiyini danışan yox, danışdığını bilən bilən idi. Əsl el adamı idi. Və mən heç inana bilmərəm ki, nə vaxtsa, hardasa onun dilindən inciyən, əməlindən ziyan görən olsun.

Harda oldusa, elinə-obasına üzağlığı gətirdi, qohum-əqrabasının, doğmalarının dilini gödək eləmədi. Hər çətinliyə sinə gərməyi bacardı. Halal yaşadı, halal qazandı, övladlarına haram tikə yedizdirmədi. Heç nəyin qarşısında əyilmədi, sınmadı.

C.Rumi deyir ki, məqamı gələndə ölümü qarşılamaq ən böyük elmdir. Dünyadan vaxtsız köçməsi ilə oğlanalrını, bütün doğmalarını və onu sevənlərin hamısını yandırıb-yaxsa da, Teymur həyatda insan üçün son və ən çətin sınaq olan ölümü də kişi qarşılamağı bacardı.

Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun tez-tez xatırladığım belə bir fikri var: “İnsanın başqaları üçün görə biləcəyi ən yaxşı iş öz ailəsində ləyaqətli uşaqlar tərbiyə etməkdir”. Bu müdrik fikirdə böyük hikmət var. Axı, heç kəs bu dünyanı tutub durası deyil. Hamı köç edəcək, amma baxır, kim necə gedəcək? Özündən sonra kim nə qoyacaq? Bax, bu mənada Teymur çoxlarından uzunömürlü olacaq desəm, yəqin ki, səhv etmərəm. Çünki onun yurdunda Mahir və Yaşar kimi iki elə oğul var ki, hərəsi bir elə-obaya arxa-dayaqdır. Xüsusilə Mahiri təkcə darvazlılar yox, bütün Borçalı əhli təvəzökar, xeyirxah və səmimi insan kimi yaxşı tanıyır. Ona üz tutan hər kəsin təmənnasız olaraq qulluğunda durur, ömürlərə ömür calayır. Teymurun ailəsində böyüyən, onun halal çörəyini yeyib tərbiyəsindən çıxan oğul başqa cür ola da bilməzdi. 

Ata-oğul arasında çox ailələrə örnək olacaq bir səmimi ortam vardı. Ata öz oğulları ilə haqlı olaraq qürur duyur, oğullar da gələcəklə bağlı bütün arzularının başında valideynlərini görürdülər. Dəfələrlə şahidi olmuşam, hər dəfə Darvazla bağlı arzularından, planlarından danışanda Mahir mütləq atasından söz açır, çalışırdı ki, hər şey onun ürəyicə olsun.

2020-ci il iyulun 26-da Bakıda son mənzilə yola saldıq Teymuru. Tale elə gətirdi ki, onu bütün varlığıyla bağlı olduğu doğma Darvazda son mənzilə uğurlamaq da mümkünsüz oldu. Neynək. Görünür bu da bir alın yazısıdır.

Dəfn zamanı onun ölümündə sanki mən də günahkarammış kimi, oğlanlarının üzünə baxa bilmirdim. Mahir atasının məzarı başında diz çöküb için-için gözyaşını axıdırdı. Nə yazıq ki, sağlığında daim övladlarının və nəvələrinin üzlərini gülər görmək istəyən və bunun üçün əlindən gələn hər şeyi edən bir kişi indi oğlunun gözyaşını silə bilmirdi. Mahirin gözlərindən axan yaş isə atasının yeni mənzilinə bir sərinlik gətirirdi. İki addım aralıda dayanıb Mahirə diqqət kəsilmişdim. Bu an dünya mənim gözümdə bir ölüm qədər kiçik, bir oğulun ataya məhəbbəti qədər böyük idi! Və bu anda beynimdə sadəcə bir fikir dolaşırdı: özündən sonra yurdunda ləyaqətli oğlu qalan atalar heç vaxt ölməz, sadəcə dünyasını dəyişər!

Birdən Mahir ayağa durub arxaya çevrildi və üzünü mənə tutub: - Bu da son, Musa müəllim, - dedi.  Heç bilmirəm həmin anda Mahirə ən azından təsəlli üçün bir söz deyə bildim, ya yox. Bəlkə də, deməyə söz tapmadım. Axı, gördüyüm o mənzərinin qarşısında hər cürə söz aciz idi. İndi isə Mahirə demək istəyirəm ki, hər son həm də bir başlanğıcdır. Və həmin günü son deyə qəbul eləmə! M.C.Ruminin dediyi kimi: “Bədbəxtliklə hədsiz kədərlənmə, xoşbəxtliklə də çox sevinmə. Həm onu, həm də bunu qəlbində mərdliklə daşımağı bacar”. Teymur sizə ləkəsiz, təmiz bir ad qoyub. Elə bir ad ki, onu hər zaman fəxrlə çəkib başınızı dik tuta bilərsiniz! Ata Teymur üçün edə bilmədiklərinizi oğul Teymur üçün edin, el-oba üçün xeyirxah əməllərinizi davam etdirin ki, onun da ruhu daim şad olsun!

Məndən soruşslar ki, Teymuru qısaca olaraq necə xarakterizə edərdin, tərəddüd etmədən Zəlimxan Yaqubun sanki onun üçün deyilmiş bu misralarını söyləyərdim:

 

 

Yer üzündə bəndənin,

Göy üzündə Allahın

Qədrini bildi, getdi.

İşıq ömrü yaşadı,

Sevdi, sevildi getdi.

 

Allah rəhmət eləsin, əziz eloğlum, gözəl insan! Məkanın cənnət olsun!

 

 

 

Musa NƏBİOĞLU

Əməkdar mədəniyyət işçisi

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina