Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

CƏSURLUĞUN RAHİB MƏMMƏDOV NÜMUNƏSİ

Dostluq – insanlar arasındakı qarşılıqlı sevgi münasibəti, şəxsiyyətlərarası bağ forması və ünsiyyətdir. Dostluq dedikdə həm də xeyirxahlıq, fəzilət, rəğbət, şəfqət, dürüstlük, fədakarlıq, sədaqət, səxavət, bağışlama, qarşılıqlı anlaşma və şəfqət, bir-birinin yanında olmaq və güvən kimi insani keyfiyyətlər başa düşülür. Dostluq təkcə fərdlər arasında deyil, həm də xalqlar arasında olur.

Təbii ki, xalqlar arasındakı dostluğu yaradan da ayrı-ayrı fərdlər – xalqın tarixində mühüm rol oynayan şəxsiyyətlərdir. İnsanlar arasında şəxsi maraqlara söykənən dostluğun ömrü qısa olduğu kimi, xalqlar arasında da süni dostluğun ömrü uzun olmur, daha doğrusu, belə dostluq ənənəyə söykənmirsə, tarixi kökü yoxdursa, yaşaya bilməz. Rusiya imperiyasının xalqlar dostluğu adı altında yaratdığı SSRİ-nin ömrünün cəmi 70 il sürməsi də bunun sübutudur.   

Bəli, xalqlar arasındakı dostluğu şərtləndirən çox cəhətlər var. Hətta qonşu olmaq da hələ dost olmaq demək deyil. Biz bunu Ermənistanın timsalında həm tarixi təcrübədən, həm də ki, bu ölkənin son 30 ildəki davranışından yaxşı bilirik. Gürcüstandan söz düşəndə isə, biz könül rahatlığı ilə dost və qonşu dövlətlərik deyə bilirik. Doğrudur, ötən əsrin sonlarında müəyyən qüvvələrin əliylə Gürcüstanda yaşayan  azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti yeritməklə bu iki xalq, eyni zamanda iki qonşu dövlət arasında nifaq salmağa cəhdlər olub. Belə cəhdlər sonralar da olsa da, hər dəfəsində də uğursuzluğa uğrayıb – hər iki xalqın müdrikliyi, tarixi dostluq təcrübəsi qalib gəlib.

 

Xalqlar arasında dostluğun yaranmasında və getdikcə möhkəmləndirilməsində, yuxarıda da qeyd etdiyimiz kimi, ayrı-ayrı fərdlərin böyük rolu olub həmişə. Azərbaycanla Gürcüstan, azərbaycanlılarla gürcülər arasındakı dostluğa töhfə verənlərdən biri də Rahib Məmmədovdur. Ola bilsin bu gün istər Azərbaycanda, istərsə də Gürcüstanda gənclərin çoxusu Rahib haqqında məlumatsızdır, bilmirlər ki, o, bu iki xalqın dostluğuna öz canı bahasına yeni çalar, yeni rəng qatıb. Amma həm Azərbaycanda, həm də Gürcüstanda yaşlı və orta nəslin nümayəndələri bu gün də onu minnətdarlıqla xatırlayır, ruhunu ehtiramla yad edirlər.

Rahib Məmmədov 1967-ci il avqustun 25-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub.  1984-cu ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra, Ağdam şəhərində yerləşən Kənd Təsəruffatının Elektrikləşdirilməsi və Mexanikləşdirilməsi texnikumuna daxil olub. Burada bir il oxuduqdan sonra – 1985-ci ilin noyabr ayında həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini Gürcustan SSR-də, Batumi şəhəri yaxınlığındakı Xelvaçauri qəsəbəsində yerləşən hərbi hissədə keçib.

1987-ci ildə onun hərbi xidmət keçdiyi vaxt Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində təbii fəlakət baş verib və 20 yaşlı Rahib Məmmədov böyük fədakarlıq və qəhrəmanlıq göstərərək,   28 nəfər kənd sakinini seldən xilas edib, özü isə qəhrəmanlıqla həlak olub. Rahibin bu qəhrəmanlığından o zaman təkcə Gürcüstanda yox, bütün keçmiş SSRİ məkanında danışılır, mətbuatda yazılırdı. Ölümündən sonra o, SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 iyul 1987-ci il tarixli fərmanı ilə ö ittifaqın ən yüksək mükafatlarından sayılan "Qırmızı Ulduz" ordeni ilə təltif edilib.

R.Məmmədovun bu şücaəti Azərbaycan və Gürcüstan xalqları arasında dostluq münasibətlərinin timsalına çevrilib, hər yerdə xatirəsi əziz tutulub. Hətta bu cəsur azərbaycanlının adını yaşatmaq üçün fəlakətin baş verdiyi gün kənddə doğulmuş bir oğlan uşağına da Rahib adı qoyulub. Çaladidi kəndində onun abidəsi ucaldılıb. 2012-ci ildə həmin abidə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı aktivi olan Kulevi Qara dəniz neft terminalının maliyyə dəstəyi ilə təmir edilib və  üzərində ingilis və gürcü dillərində bu sözlər yazılıb: "1987-ci ildə baş vermiş sel daşqınları zamanı onlarla insanı həyatı bahasına xilas etmiş azərbaycanlı əsgər Rahib Məmmədovun işıqlı xatirəsinə minnətdarlıq duyğusu ilə".

1997-ci ildə Rahib Məmmədovun xatirəsinə Gürcüstanın Qardabani rayonunda beynəlxalq boks turniri keçirilib.

Rahib Məmmədovun xatirəsi Azərbaycanda da əbədiləşdirilib, oxuduğu məktəbdə xatirə muzeyi yaradılıb. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivindəki küçələrdən birinə onun adı verilib.

Azərbaycan və gürcü xalqları arasındakı dostluğu əks etdirən çoxlu belə nümunələr gətirmək olar. Ancaq Rahib Məmmədovun çox da uzaq olmayan keçmişdə Gürcüstan torpağında göstərdiyi qəhrəmanlığı xatırlatmaqda məqsədimiz odur ki, dostluğu tarixin dərin qatlarına söykənən iki qonşu xalqın taleyində mühüm rol oynamış belə oğullarımız unudulmasın.

Bu gün respublikamızda gənclərlə bağlı kifayət qədər qeyri-hökümət təşkilatları var. Yaxşı olar ki, iki qonşu xalq arasında dostluğun inkişafına mühüm töhfələr vermiş Rahib Məmmədov kimi igidlərimizlə bağlı müntəzəm olaraq tədbirlər həyata keçirilsin ki, gənclər onları daha yaxından tanısınlar. Gürcüstandakı gənclər təşkilatları ilə qarşılıqlı əlaqə saxlayıb, belə tədbirlərin eyni zamanda Gürcüstanda da keçirilməsi isə  azərbaycanlı və gürcü gənclər arasında dostluq əlaqələrinin genişlənməsində böyük rol oynaya bilər.

 

 ELŞAD ÇOBANLI

"Odlar Yurdu” Universitetinin müəllimi

 

 

http://www.yenises.az/w17856.html

https://www.adalet.az/w221928

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina