BULAQ SUYU KİMİ DURU VƏ SAF POEZİYA

Təbriz İman. Artıq bu imza təkcə poeziya həvəskarlarına yox, həm də ədəbiyyat adamlarına yaxşı tanışdır. İlk şeirlər kitabı on beş il öncə – 2006-cı ildə işıq üzü görüb, özü də Xalq şairi Zəlimxan Yaqubun xeyir-duası və yazdığı ön sözlə. Sonrakı illərdə bu böyük söz ustadı onun daha bir kitabına ön söz yazıb. İkinci kitabı Borçalıda yaşayıb-yaratmış söz ustadı Dərviş Osman Əhmədoğlunun xeyir-duası və yazdığı ön sözlə, digər bir kitabı isə dəyərli aydınlarımızdan olan şair Əkbər Qoşalının ön sözü ilə oxuculara təqdim olunub. Və elə bu üç imza – ədəbiyyatımızın bu üç tanınmış simasının Təbriz İman yaradıcılığına yüksək qiymət verməsi çox mətləblərdən xəbər verir.

T.İmanın indiyədək işıq üzü görmüş kitablarının adları da oxucuya çox şey deyir: “Dərdə sarı yeriyirəm”, “Haqq səsinə salam verdim”, “Yerlə göyün arasıdır ünvanım”, “Göylərə göydən baxıram”, “Dağlar məndən inciməsin” və “Mənim yolum saz yoldur”.
Oxucuların ixtiyarına verdiyimiz “Mənim ömrüm bir dənizdir” adlı kitab Təbrizin sayca yeddinci kitabıdır. Və kitaba ön söz əvəzi yazdığım bu kiçik yazıda məqsədim heç də bütövlükdə kitabdakı şeir və poemaları dəyərləndirmək deyil. Ona görə yox ki, bu məsuliyyətin altına girmək çətindir. Əksinə, mən Təbriz İmanın yaradıcılığı ilə lap ilk şeirlərindən bu yana tanışam, indiyədək çap olunmuş kitablarını nəşrə hazırlamış və birinə də ön söz yazmışam. Və inanıram ki, bu kitabın qiymətini oxucular, söz sərrafları verəcəklər. Bununla belə, Təbriz İmanın yaradıcılığı haqqında deyilmiş bəzi fikirləri oxucuların diqqətinə çatdırmaq istəyirəm.
“Təbrizin udduğu hava, çəkdiyi nəfəs, içdiyi su, yediyi çörək və qövsü-qüzeh rəngləri də hamısı başdan-başa şeiriyyətdir”, – deyən Z.Yaqub onun yaradıcılığını belə qiymətləndirib: “Təbriz İman – onun ömrü kənddən şəhərə boy¬la¬nan, şəhər həsrətiylə alışıb yanan, ancaq kəndinə-kə¬sə¬yinə bağlı bir ömürdü. Onun həmsöhbəti təkcə insanlar deyil, yarpaqdı, torpaqdı, daşdı, qayadı, ağacdı, otdu, sudu, göydə süzən quşlar, suda üzən balıqlardı, meşədi, kökdü, budaqdı, bir sözlə, ana təbiətdi.
Təbrizin yolu elin, sazın-sözün, məclisin, duyan ürəklərin, sevən könüllərin yoludur. Bu yol onu ucalığa, yüksəkliyə, uğura, zirvəyə doğru aparır, haqqa-həqiqətə doğru çəkir.
Təbriz İman Allaha, Tanrıya, yerə-göyə, təbiətə, hə¬qiqətə bağlı şair olduğu üçün şeirləri təbii və səmimidir. Onun şeirləri ona görə təbiidir ki, qoynunda yaşadığı təbiəti yaxşı duyur, görür, oxuyur, düşünür və düşündürür”.
Dərviş Osman Əhmədoğlu isə hələ neçə il öncə yazırdı ki, “onun şeirləri oxucuya çox gözəl və səmimi hisslər aşılayır”.
Təbriz həyatda olduğu kimi, yaradıcılığında da səmimidir. Onun üçün şeir Haqdan gələn ündü, qələm müqəddəsdi. Sözü urvatdan salmır, özünün də dediyi kimi, “dolaşıq” və “bulaşıq” şeir yazmır:

Mən dolaşıq şeir yaza bilmirəm,
Mən bulaşıq şeir yaza bilmirəm,
Mən qarışıq şeir yaza bilmirəm,
Pak xəyalım çox qarışıq olsa da.

Z.Yaqubun da xüsusi olaraq vurğuladığı kimi, Təbrizin əsas ilham mənbəyi, şeirlərinin baş qəhrəmanı təbiətdir – ana yurdun təbiəti. Elə Əkbər Qoşalı da diqqəti bu məqama çəkir: “Təbriz Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb... amma şeirləri “sənayeləşməyib”... Təbrizin şeirləri torpaq qoxuyur, su səsi gətirir, dağ-daş əzəmətini yan¬sıdır... Onun şeirləri təbiətin özü kimidir... – bəzən “vəhşi gözəllik” kimi gəlir adama...”
Yaradıcılığında dərd-kədər, qəm notları olsa da, bu, təkcə bir fərdin dərdi deyil, rastlaşdığı həyat həqiqət¬lərinin ümumiləşdirilmiş obrazı, real bədii təsviridir. Ancaq bədbin də deyil, sabaha inamı böyükdür.
Təbriz şan-şöhrətin, ad-sanın yox, qarlı dağın, güllü bağın, göy yaylağın, yaylaqda mehin, çəməndə şehin və əlbəttə, arzusunda olduğu bütöv Azərbaycanın vurğu¬nudur. Bəzən rastlaşdığı haqsızlıqlar onu taleyin¬dən küsdürüb, sındıra bilmədiyi kimi, təriflər-təltiflər də yolundan çaşdıra bilmir:

Zəif düşüb, talansam da,
Qəm başına dolansam da,
Qübarlanıb, bulansam da,
Bulaq təki durulmuşam.

*

Səbir süzgəcində qırx yaşa doldum,
Gecələr açıldım, gündüzlər soldum.
Özüm Haqq yolunun yolçusu oldum,
Yolumu çaşmadım öyüləndə də.

Mən inanıram ki, ədəbiyyat adlı böyük yolda inamla addımlayan, özü də tapdanmış yollarla deyil, özünün açdığı izlə, cığırla gedən, bulaq suyu kimi duru və saf olan Təbriz İmanın bu kitabı da oxucular tərəfindən rəğbətlə qarşılanacaq. Sonda Təbrizə həyatında və yaradıcılığında yeni-yeni uğurlar arzulayır və fikrimi C.Ruminin sözləri ilə tamamlayıram: “Nə qədər ki, sağlam və qüvvətlisən işlə. İşindən qalma və əgər sənə xoşbəxt tale yazılıbsa, o, səni tapacaq”.

Musa NƏBİOĞLU
Əməkdar mədəniyyət işçisi

 

PS. Təbriz İmanın "Mənim ömrüm bir dənizdir" kitabına yazılmış ön söz.

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Top Desktop version