Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

ADI – TƏBRİZ, ÖZÜ – ŞAİR..!

Bu məqaləni qiymətləndir
(0 səs)

Borçalıda doğulasan, adın Təbriz, təxəllüsün İman ola, özün də şair olasan... – Tanrının xoşbəxtlik mələyi sənin çiynindədir, demək...

 Təbriz İmanı Azərbaycan Aşıqlar Birliyindən gön­də­rilən kitablarından tanımışam. Öz adından, kitab(lar)ının adından tutmuş ta sonuncu vərəqdəki şeirinə qədər hər şey doğma gəlib mənə. Söz-söz, misra-misra, şeir-şeir ar­tan bu doğmalıq, özü ilə bugünədək üzbəsurat görüşməsək də, onun bu kitabına “Önsöz” yamağıma gətirib çıxardı... Bilirsiz, əgər bir “önsöz” yazarı, yazarın özü ilə biləvasitə tanış deyilsə, onu yalnız sözündən, şeirindən, kitabından tanıyırsa, burada bir ülviyyət var, deməkdir. Yoxsa, üzün­dən keçə bilməmək, münasibətlər xatirinə, bilməm, daha nələr xatirinə deyilən, yazılan sözlər girir dövriyyəyə və səmimiyyət zədə ala bilir... Bax, bu anlamda özümü çox rahat hiss edirəm: Təbriz adına, bu sətirlərin yazıldığı Ramazan ayında İman(lılıq) eşqinə söz demək xoşdur...

Təbrizə çox şeir yazılıb, bu dəfə Təbriz özü şeir yazır – Borçalının Drvazında ad olaraq...

İmana çox tapınılıb – bu dəfə İman özü ibadət edir – Sözə!

Təbriz və İman sözləri neçə cümlədə, neçə kitabda birgə işlənib, bu dəfə onlar bir cavan şairi (şair ömrünü) ifadə etməkdə, tanıtmaqdadır...

Təbriz İman öz cavan ömründə yetərincə məhsuldar qələm yiyəsi olduğunu kitabları ilə sübut edib: “Dərdə sarı yeriyirəm”, “Haqq səsinə salam verdim”, “Yerlə göyün arasıdır ünvanım”, “Göylərə göydən baxıram”... . Əlbəttə, bu adlar ancaq say göstəricisi olsaydı onu fərq­ləndirməyə, onlardan söz salmağa dəyməzdi... nə xoşdur ki, bu kitabların hər biri cavan şairimizi Sözə, Ədəbyyata, Sənətə bir köynək də doğma qılır, daha da irəli götürür və nəhayət də, onun özü Söz, Ədəbiyyat, Sənət dünyasının bir faktına çevrilir..!

Təbriz Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb... amma şeirləri “sənayeləşməyib”... Təbrizin şeirləri torpaq qoxuyur, su səsi gətirir, dağ-daş əzəmətini yan­sıdır... Onun şeirləri təbiətin özü kimidir... –  bəzən “vəhşi gözəllik” kimi gəlir adama...

 

“...Məni özü üçün saxlayan könül,

Özgə gözlərində ağladı məni...”

 

***

“...Təbriz halal istər, nə haram güdər,

Nəfsi can evindən qovar, hürküdər...

Ömür son nöqtəyə varana qədər,

Yanında vicdanlı sağlar olaydı.”

 

***

“Könül, pası yu çöllərdə...”

 

***

“Ey aşiq, yazmağın nə fayda edər? –

Hələ ki, yerində fırlanır təkər...

Mal-davar dırnaqda keçirib gedər,

Yuvanın yükünü qarışqa çəkər...”

 

Bax, bu və başqa misralara (şeirlərə) nəzər saldıqda o təbiət özəlliklərini, təbii gözəllikləri apaydın görürsən... - belə olan halda şairin qondarmaçılığa ehtiyacı yoxdur..! Elə bilirəm, belə bir hal şairin içdünyasına, səmimiyyət gücünə ayna tutmağa kömək edir...

Təbrizin başqa bir gücü də yansıyır, təcalla edir şeir­lərində: bu, onun xəyal gücüdür..! Xəyal gücü olmayanın nə sabahı olacaq? Xəyal dünyası olmayanın hansı diləyi çin olacaq?! – Bu anlamda, mən Borçalı balası olan, Borçalıda yaşayıb-yaradn Təbriz qardaşımı qutlayıram. ...Və bu kiçik yazımı onun uzun yollarına ismarlayıb, xəyalların, diləklərin çin olsun, şair! – deyirəm.

Şair sözü alqış kimidir – sən Borçalının, Azər­bay­canın, türk dünyasının kədərini-sevincini, uğursuzluğunu-uğurunu, dünənini-sabahını yazdıqca hər bir ün­vana, məqama öz enerjini, öz ÜRƏYini göndərirsən və illa da o gözəlim göndərilərin bir qanadlanması olacaq!

Ayrıca... bir məqama da toxunmadan keçməyək.  Sən əgər özün öz enerjinin, özverilərinin fərqində olsan, bir şair, bir Borçalılı, bir türk, bir insan olaraq acunda (kainatda) tutduğun yerin, oynadığın rolun fərqində olsan, xəyal gücünü “millət dövlət zirvəsindən insana (özünə!)  endirə bilsən (necə ki, bir çox dəfə bunu bacar­mısan)... yaradıcılığının ruhu da durulacaq, ümidlərin ilk növbədə öz yaradıcılığının  xəritəsini dəyişəcəkdir! – O zaman belə yazmağa ehtiyac qalmayacaq:

 

“Təbrizəm, qəlb açan baxtım olmadı,

Rahat yaşamağa vaxtım olmadı.

Gecə də, gündüz də axdı, dolmadı,

Ələmlər ömrümü yedi,

bilmirəm.”

 

Hər şey yaxşı olacaq!

Qələminə qüvvət!

 

Sayğılarımla,

Əkbər QOŞALI

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina