Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Virtual məkanda xoş gördük

Borçalıda öz sözü, yeri və sanbalı ilə həmişə seçilən, bu mahalın ağır ellərindən olan Darvaz kəndinin qeyrətli oğulları! Bu gün sorağı Darvazdan çox-çox uzaqlardan gələn, hər uğurlu addımı ilə Darvazın və darvazlıların başını uca, dilini uzun edən həmyerlilərimiz!

Zaman-zaman bu kənd özünün ləyaqətli oğulları, qeyrətli kişiləri ilə tanınıb. Türkün qəhrəmanlıq tarixinə yazdığı şərəfli səhifə ilə bu gün hər birimizin qürur mənbəyimiz deyilmi Mehralı bəy! Bu gün keçmiş İttifaqın müxtəlif guşələrində, hətta bəzi xarici ölkələrdə elmin müxtəlif sahələrində, tibbdə, təhsildə, hüquq-mhafizə sistemində, biznes sahəsində böyük uğurlar qazanmış hər bir darvazlı ilə haqlı olaraq qürurlanır, fəxr edirik. Darvazlıların özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, harda yaşamasından, hansı sahədə çalışmasından asılı olmayaraq həmişə prinsipallığı ilə seçilib, daim haqqın, haqlının tərəfində olub, haqqı nahaqqa qurban verməyib. 

Hörmətli eloğlular! Vaxt vardı ki, Bakıda yaşayan darvazlıları barmaqla saymaq olardı. Amma 25 il öncə hamımıza bəlli səbəblərdən Borçalının digər kəndləri kimi, Darvazdan da Bakıya kütləvi axın oldu. Və bu gün tək-tək ailə tapmaq olar ki, Bakıda evi olmasın. Üsətlik bu gün keçmiş SSRİ-nin elə bir guşəsini tapmaq çətindir ki, orda darvazlı yaşamasın. Hətta Rusiyanın elə şəhərləri var ki, Darvazdan 40-50, bəzən daha çox ailə yaşayır.

Allaha şükürlər olsun ki, həmişə ağızbirliyi, mütəşəkkilliyi, bir-birinin xeyir-şərində canyandırması ilə seçilən darvazlılar babalardan qalma bu ənənəni Bakıda və yığcam yaşadıqları digər şəhərlərdə də qoruyub saxlaya bilib. Bu gün Bakıda xeyirdə-şərdə darvazlıların ellikcə iştirakı bunun nümunəsidir və bir çox digər kəndlərin mümayəndələri hətta bizim bu birliyimizə həsəd aparırlar. Bu birliyin gələcəkdə də övladlarımız tərəfindən qorunub saxlanması isə hər birimizdən asılıdır və bu işdə “mən darvazlıyam” deyən hər kəsin üzərinə məsuliyyət düşür. Hər kəs özünün imkanı və bacarığı səviyyəsində bir iş görməlidir.

Bunun üçün təbii ki, bizi öz ətrafında birləşdirən birlyimizin olması yaxşı olardı. Elə bir birlik ki, müxtəlif şəxsi maraqlardan və ambisiyalardan uzaq, yaşadığımız ölkənin qanunvericilyinə hörmət və dövlətçiliyinə xidmət əsas götürülməklə, məqsədi yalnız və yalnız dədə-baba yurdumuz olan Darvazın abadlaşdırılmasına xidmət, ehtiyacı olan ailələrə, təhsil almaq istəyən gənclərə kömək etmək olsun. Çalışaq ki, Darvazda heç kəsin darvazasından qıfıl asılmasın, hər

bacadan tüstü çıxsın, hər evdə işıq yansın. Yaşadığımız şəhər mühiti bizi öz içində əridə bilməsin, adət-ənənəmizi yaşadaq, xeyir-şərimizdə bir-birimizin yanında olaq həmişə.

Bildiyiniz kimi, bir neçə il bundan əvvəl bu istiqamətdə müəyyən addımlar da atdıq. Son illərdə Darvazın bütün problemlərinin həllini təkbaşına öz üzərinə götürərək böyük xeyriyyəçilik işləri həyata keçirən və Darvazla bağlı gələcəyə yönəlik böyük planları olan qeyrətli eloğlumuz Ziya Abbasovun iştirakı, maddi və mənəvi dəstəyi ilə bir Cəmiyyət də qurduq. Qısa müddətdə kənddə xeyli abadlıq işləri də görüldü. Amma təəssüf ki, Darvazın digər bəzi imkanlı oğullarından dəstək görmədik.

Unutmayaq ki, Darvaz bütün darvazlıların olduğu kimi, onun problemləri də hamımızı eyni dərəcədə düşündürməli, bu yolda hər kəs əlindən gələni etməlidir. İndi texnologiya əsridir, hər kəs öz evində otura-otura dünyanın istənilən nöqtəsi ilə əlaqə saxlaya, istənilən informasiyanı anındaca əldə edə bilər. Və biz də düşündük ki, Darvazın tarixini, coğrafiyasını, bu günkü durumunu əks etdirən, bir növ kənd haqqında ensiklopedik məlumatlar bazasına çevriləcək sayt quraq. Elə bir sayt ki, burada Darvaz və ləyaqətli darvazlılar haqqında tərəfsiz, qərəzsiz, şəxsi münasibətlərə söykənməyən tam obyektiv məlumatlar, tarixi materiallar, qiymətli fotoşəkillər, videolentlər öz əksini tapsın. Müəyyən səbəblərdən tez-tez doğma yurda baş çəkə bilməyən hər bir darvazlı bu sayta daxil olarkən Darvazla bağlı keçmiş xatirələrini gözləri önündə canlandırmaqla yanaşı, həm də kənddəki ən son yeniliklərdən xəbər tutsun. Saytda ayrıca “Təbrik”, “Elan” və “Allah rəhmət eləsin” adlı bölümlər yaratmağımız da təsadüfi deyil. İstəyimiz odur ki, darvazlılar bir-birinin sevincindən də, kədərindən də vaxtında xəbərdar olsunlar.

 

Əziz eloğlular! darvaz.com ünvanlı saytı biz araya-ərsəyə gətirib istifadəyə versək də, saytın bundan sonra aktiv fəaliyyət göstərməsi həm də sizlərdən – hər bir darvazlıdan asılıdır. İnanırıq ki, bu işdə hərə öz imkanı çərçivəsində köməyini əsirgəməyəcək, hər kəs özünün nəsil şəcərəsi və kəndimizlə bağlı sayt üçün əhəmiyyətli saydığı digər mövzularda bizə yazacaq, bilgi verəcək, və sizlərin sayənizdə saytımız daha məzmunlu və maraqlı olacaq. Rusiyanın ayrı-ayrı şəhərlərində olanların yaşadıqları şəhərlərdəki darvazlılar haqda bizə yazmaları isə daha vacibdir. Bu işdə gənclərin daha aktiv olacağına ümid edirik.

Gəlin bir-birimizə inanaq, güvənək, etibar edək, bir olaq, bir yerdə olaq!

 

Hörmətlə: Musa Nəbioğlu (Çobanov)

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina