Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

YAŞADACAQ SÖZÜN SƏNİ!

(Təbriz İmanın “Yerlə göyün arasıdır ünvanım” adlı kitabına yazılmış ön söz)

 

 Əzizim, Təbriz!

Oxucularla üçüncü görüşün olan “Yerlə göyün ara­sıdır ünvanım” adlı yeni kitabının əlyazmasını bir­nəfəsə oxu­dum. İstər-istəməz xəyal məni bir az əvvəllərə apardı. 20-25 il bun­dan qabaq atan İman kişinin mənə yaxın­la­şaraq: “Bizim uşaq şeir yazır, bəlkə bir onun yazdıq­larına baxasan”, - de­məsini xatırladım. Onda sən  məktəbli idin. Ola bilsin kim­lərsə sənin şeir yazmağını ötərgi uşaq həvəsi sayırdı. Bəlkə elə bu səbəbdən, yaxud da o zaman şeirlərini üzə çıxartmağın hələ tez olduğunu düşün­dü­yündən, atanın istəyi olsa da,   yaz­dıqlarını mənə gös­tər­mədin. Və mən sənin şeir­lə­rinlə ilk dəfə beş il bundan əvvəl – 2006-cı ildə tanış ol­dum. Zəmanəmizin böyük söz ustadı, Xalq şairi Zəlim­xan Yaqubun xeyir-duası ilə ilk kitabın da elə həmin il işıq üzü gördü.

Elə o vaxtdan sənin yaradıcılığını ardıcıl olaraq izlə­mə­yə baş­­ladım. Şeirdən şeirə, kitabdan kitaba qələminin püxtə­ləşməsini görmək məni hədsiz sevindirir. Diq­qə­timi çəkən bir də odur ki, gənc olmağına baxmayaraq həyatın müxtəlif sərt sınaqları ilə üzləşsən də, heç bir çə­tinlik səni yaradıcılıq yo­lundakı inadkarlığından dön­dərə bilməyib. Burada A.Zqor­jun bir fikrini xatırlatmaq istəyirəm: “İste­dad hələ hər şey de­mək deyil, əgər o son dərəcə inadkar ol­mayan bir adama ve­rilibsə, məhv olub gedə bilər”.  

Yaradıcılığında narahat dünyamızın taleyi, Vətən sev­gisi, “vətənin qıraqda qalan yeri” olan Borçalı, poeziyanın əbədi mövzusu olan dərd, qəm mühüm yer tutur, əvvəlki kitab­la­rında olduğu kimi, bu dəfə də şeir­lərinin əksəriyyəti qəm not­ları üstə köklənib.  “Gör necə ləzzət alır qəm məni çöy­sü­dərək, dərd dözülməz olubdur, lakin dözəm mən gərək”, - deyirsən. Hər misrandan şair qəlbinin göynərtisi, harayı duyulur:

 

Mənim qələmimin mürəkkəbi qəm,

Mənim qələmimin özü sevincdi.

Vəfalı ürəyim çəksə də sitəm,

Ocağı sevincdi, közü sevincdi.

 

Yaxşı bilirsən ki, Allah dərdi anlamayan, duymayan bən­də­sinə verməz.  Dostoyevski demiş: “Böyük dərrakə və böyük qəlb sahibi olanlar əzab və iztirab çəkməyə borclu­durlar”.

Xalq şairi Zəlimxan Yaqub “Dərdə sarı yeriyirəm” adlı ilk kitabına yazdığı ön sözdə deyir: “Ədəbi mühitdə ancaq böyük inama arxalanan, ağır zəhmətə qatlaşan, səbrin və ardıcıl ya­radıcılıq eşqinin sahibləri böyük işlər görə bilər”. Nə yaxşı sən də “qızıldan, zərdən imtina edib” bu dərdləri çəkmək üçün aslan cəsarəti, pələng qüruru, qartal əzəməti istəyirsən Tan­rıdan.

 Deyirsən, “nadanlar nə bilir nələr çə­kirəm”. Na­danlar tək­cə indi yox, dünya yaranandan sənin kimiləri duy­ma­yıb, heç zaman da duymayacaq. Bunlar səni sarsıt­masın, ruhdan salmasın.

N.Fomiçev necə də gözəl deyib: “Bədbəxtliklə hədsiz kə­dər­lənmə, xoşbəxtliklə də çox sevin­mə. Həm onu, həm də bu­nu qəlbində mərdliklə daşımağı bacar”. Bəzən “həyatın da­dı, duzu” bilin­məsə də, “şahın fərmanı dolaşıq düş­dü­yündən” oğ­runun adı doğruya verilsə də, boran-qar ru­hunu göynət­diyindən “göz yaşların şeirə çevrilsə” də, heç nə sənin polad ira­dəni sındıra bilməz. Özünün dediyin kimi:

 

Bir zaman görəcək vəfalı xalqım,

Ömrümü onlara pay verən kəsəm.

 

Bir vaxtlar şəhərdə yaşayırdın, köçüb doğma Darvaza qa­yıtdın. Düz də elədin. Axı, dünyaya kənddə göz açıb zamana-məkana sığmayan, zülmətin bağrını yara-yara par­­laq ul­duzlara doğru yol gedən bir şair şəhərdə qala bilməzdi. Çünki burada “bülbüllər ötmür”, şəhər “eynini açmır”, geniş küçələr sənin geniş könlünə dar gəlirdi.

 Əzizim, Təbriz! Bilirəm ki, həyatın sərt sınaqlarının sə­ni də imtahana çəkdiyi anlar olur. Amma bundan üzül­mə, çünki bu, hamımızın keçdiyimiz yoldur. Gələ­cəyə ümidi, inamı itirmək olmaz. Klassiklərdən biri gözəl deyib: “Elə bir uçu­rum yoxdur ki, oradan yuxarıya doğru aparan heç olmazsa balaca bir cığır olmasın”. 

Qələm əhli həssas olur, onu duyan, başa düşən gərək­dir. Frans Kafka nahaq yerə deməyib ki: “Elə bir ada­mın ola ki, səni anlaya bilə”. Polşa şairi Çeslav Miloş isə belə de­yib: “Vic­­danın məzəmmətinə qiymət verməyin ye­ganə yolu yeni­dən axtarışlarda olmaq və yeni kitablar nəşr etdir­məkdir”.

Mən sənin qələminin qüdrətinə, gücünə inanır və güvə­ni­rəm. İnanıram ki, Təbrizi söz yaşadacaq. Çünki özün de­miş, “dünyaya sürünmək üçün gəlməyibsən”, dizin tor­paq­da­dır, arzuların torpaqda gül açır. Səni doğan ana da bəx­ti­yardır, qoynunda yaşadığın  el-oba da:

 

Dostlar, deyin darılmasın,

Ələmlərə sarılmasın,

Niyə bəxtiyar olmasın,

Mən Təbrizi doğan ana.

 

  Bu yazını A.Zqorjdan sitatla başladığım kimi onun bir fikri ilə də tamamlamaq istəyirəm: “Vəziyyətdən çıx­maq üçün ye­ganə yolun var, Bet­­hoven: Elə böyük bir sə­nətkar olma­lısan ki, sən knyazlara yox, onlar sənə baş əy­məli ol­sunlar. Dünyanı məcbur etməlisən ki, sənin mu­si­qini ürək çırpıntısı ilə, hər bir sözünü isə hörmətlə din­ləsin!”

              

Musa NƏBİOĞLU

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina