Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

ONUN YERİ GÖRÜNƏCƏK...

Qardaşım Səmədin telefonla dediyi acı xəbərə əvvəlcə inanmadım. Bu xəbər yalan olar, - deyə onu da inandırmağa çalışdım. Aradan bir neçə dəqiqə keçməmiş Səməd bir də zəng elədi, ürəkağrısı və böyük təəssüf hissi ilə bildirdi ki, eşitdiyi xəbər doğrudur: Ramiz Aşırov vəfat edib.

 ...Bilmirəm nədənsə, heç zaman kiminsə haqqında “ölüb” kəlməsini işlətmək istəməmişəm. Təkcə ona görə yox ki, bu sözdə bir ağırlıq, ayrılıq və acılıq var. Həm də ona görə ki, düşünmüşəm ki, həyatda kişi kimi yaşayanlar heç vaxt ölmür, sadəcə olaraq dünyalarını dəyişirlər. Bədbəxt o adamlardır ki, həyatda varlıqları ilə yoxluqları arasında fərq bilinmir, cismani ölümlərindən əvvəl ölürlər: cəmiyyət üçün, el-oba üçün, dostlar və qohum-əqrəba üçün.  Böyük türk şairi Yəhya Kamal demiş:

 

Ölmək deyildir ömrümüzün ən fəci işi,

Müşkül odur ki, ölmədən əvvəl ölür kişi.

 

Böyük Nizami Gəncəvi demiş, bu dünya iki qapısı olan yolüstü mənzildir, girişdən içəri daxil olan hər kəs mütləq çıxış qapısından çıxmalıdır.  Yəni insana verilən ömür bir əmanətdi, hədiyyə deyil. Və bu əmanəti hər nəsil özündən sonrakı nəslə verir.

Ramiz Allahyar oğlu Aşırovun keçdiyi ömür yolu ilk baxışda başqalarından elə də fərqli deyil. 1951-ci il fevralın 9-da Borçalıda – Bolnisi rayonunun Darvaz kəndində ziyalı ailəsində anadan olub. 1967-ci ildə bu kənddə orta məktəbi gümüş medalla bitirib o vaxtkı Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) texnologiya fakültəsinə daxil olub. İnstututda oxuya-oxuya Bakı İdman malları fabrikində əmək fəaliyyətinə başlayıb. Ali təhsilini başa vurduqdan sonra hərbi xidmətdə olub, ordudan tərxis olunduqdan sonra isə Bakıdakı Qazan-Mexaniki zavodunda texniki nəzarət şöbəsində işləməyə başlayıb, sonra bu zavodda sex rəisi olub və uzun müddət burada çalışıb. Yəni hamı kimi normal bir həyat yaşayıb. Amma bununla belə onu başqalarından, lap elə darvazlıların çoxundan da fərqləndirən xüsusiyyətləri də olub. Təsadüfi deyil ki, onun ölüm xəbərini eşidəndə ağlımdan ilk olaraq ulularımızın “adam var evdən gedər, adam var eldən” deyimi keçdi və təəssüf hissi keçirdim: Ramiz eldən getdi.

Doğrudur, onun yoxluğu ən çox ailəsini, övladlarını, doğmalarını, əzizlərini göynədəcək, sızladacaq, çox adam çox şey itirəcək onun yoxluğundan, onu tanıyan hər kəs – Ramiz məndən getdi, - deyəcək, amma ən çox itirən Darvaz kəndi olacaq. O Darvaz kəndi ki, dünyanın bir çox ölkələrini gəzib dolaşsa da,  Ramiz üçün əcl cənnət guşəsi idi və - mən Darvazı dünyanın heç yerinə dəyişmərəm, - deyirdi. Bu kəndin böyüyü ilə böyük, kiçiyi ilə kiçik idi. Hər bir darvazlının sevincini bölüşüb, kədərinə ortaq olardı. Hələ gənclik illərindən el içində hər adama nəsib olmayan hörmət-izzət  qazanmışdı. Elin xeyir-şərinin yaraşığıydı. İçində bir Darvaz sevgisi, Darvaz yanğısı var idi. Hər görüşümüzdə söhbətimiz Darvazla başlayıb darvazla qurtarardı. Bakıda yaşyan darvazlıların ağızbirliyi üçün də əlindən gələni etməyə çalışırdı. Hələ on il bundan əvvəl Əlləz müəllimlə birlikdə oturub bu mövzuda etdiyimiz fikir mübadiləsi indi mənim üçün Ramizdən ən əziz xatirə kimi unudlmazdır.

Ramiz sadiq, etibarlı dost idi. Bunu mən müşahidələrimdə görmüş və bir qədər yaş fərqimiz olsa da, son illərdə aramızda olan münasibətdə bir daha şahidi olmuşdum. Dost yolunda hər şeyə hazır idi, həmişə ilk addımı özü atmağa çalışardı. Onun dostlatrı çoxdur, və hər biri bu movzuda saatlarla, günlərlə danışa bilər. 

Çox maraqlı müsahib idi Ramiz. Onula söhbət etməkdən adam yorulmur, əksinə böyük zövq alırdı. Çünki o, kiminlə müsahib olduğunu, harada və nədən danışdığını bilirdi. Hər hansı bir mövzuda danışarkən zəngin məlumatlı olduğu ilk andaca hiss olunurdu.

Bilmirəm nədəndir, həmişə mənə doğma olan adamlar haqda söz deməkdə çətinlik çəkirəm. Ona görə yox ki, deməyə söz tapmıram, ona görə ki, hardan başlayıb harda qurtramaqda çətinlik çəkirəm. Hansı keyfiyyyətindən söhbət açım, hansı xatirəni dilə gətirim. Üstəlik söz demək ehtiyacı həmin əziz adamı qəfil itirməkdən yarananda daha çətin vəziyyətdə qalırsan. Bütün varlığıyla elinə-obasına bağlı olan  qeyrətli eloğlu itirmək çox çətindir. Amma nə etmək olar ki, Aşıq Şennik demiş:

 

İstər ixtiyar ol, istər növcavan,

Bu dünyada baqi qalan öyünsün.

Maraqsız, fikirsiz, qəmsiz hər zaman

Başatan şad olub gülən öyünsün.

 

Yaşasaydı iki aydan sonra 60 yaşı tamam olacaqdı. Ancaq neyləməli ki, tanrı bu günü bayram etməyi bizə qismət eləmədi, həmişə şux, təravətli, aşıb-daşan, dağ çayı kimi çağlayan Ramiz qardaşımızı bizdən vaxtsız ayırdı. Və bu gün Ramizin aramızda olmamasından nə qədər üzülsək də, bir məlum həqiqətlə barışmaqdan başqa əlacımız yoxdur: dünyada sevinclə kədər həmişə qoşa addımlayıb və talenin verdiyi qismətdən qaçmaq olmaz. Dünyaya gəldinsə, bir gün də gedəcəksən. Hərənin qismətinə bir ömür payı yazılıb. Bu ömrü kimi sözün əsl mənasında alnıaçıq, kişi kimi yaşayır, kiminin də varlığını ailəsindən başqa kimsə duymayır.  Yazıq o şəxslərə ki, yüz il yaşasa da, özündən sonra həyatda bir izi qalmır.  Bu mənada Ramiz ölməyib, özündən sonra ləyaqətli övladlar və həmişə minnətdarlıqla xatırlanacaq əməllər qoyaraq əbədiyyətə qovuşub. Nə qədər ki, Darvaz və qədirbilən darvazlılar var Ramiz də yaşayacaq. Və onun haqqında bundan sonra hələ çox yazılacaq, hər məclisdə yeri görünəcək.

Allah rəhmət eləsin, yeri behişt olsun.

 

Musa ÇOBANOV

Şərh vermək üçün giriş edin

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina