Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Rəşid Hacıların “Bir ev gözləyir bizi” kitabına yazılmış ön söz

Rəşid Hacıların hələ gənclik illərindən ədəbiyyat həvəskarı olduğunu, hətta özünün də şeir yazdığını bilirdim. Onu da bilirdim ki, bəziləri kimi yazdığının mürəkkəbi qurumamış redaksiyaların qapısını yağır etmir, hisslərini, duyğularını bədii sözün qüdrətindən istifadə edərək ipə-sapa düzür, böyük yaradıcılıq yolunda öz cığırını açmaga çalışır.

Çap olunmağa çox da meylli olmadığına görə onu bəzən üzünə, bəzən də arxasınca qınayanlardan biri də mən idim. Elə bu səbəbdən şeirləri ilə müntəzəm tanış ola bilmə-səm də, pərəstişkarlarından, dostlarından, bəzən də müxtəlif məclislərdə özündən eşitdiyim şeirləri də mənim onun yaradıcılığı barəsindəki qənaətimi daha da möhkəmləndirirdi. İxtisasca fizik olması və uzun müddətdir ki, respublikanın hüquq-mühafizə orqanlarında çalışması da onun ədəbiyyata, poeziyaya bağlılığına nəinki xələl gətirmiş, əksinə bir harmoniya yaratmışdır.

Deyirlər hər kəsin bir şəxsiyyət kimi formalaşmasında, həyatda öz yerini tutmasında ictimai mühitlə yanaşı, onun böyüyüb boya-başa çatdığı təbiətin də böyük təsiri vardır. Xüsusilə yaradıcı adamlarda bu, özünü daha bariz şəkildə göstərir. Rəşid Hacılar da Ulu Tanrının heç nəyi əsirgəmədiyi elə bir cənnət məkanda – Borçalının ağır ellərindən olan təbiətin əsrarəngiz gözəlliyinə malik Darvaz kəndində dünyaya gəlibdir ki, bu kənddə böyüyüb, orta təhsil alıb, ən azı poeziya vuğunu olmamaq özü günah olardı.

Onunla cəmisi bir neçə dəqiqəlik söhbət də kifayət edər ki, sadəliyinə və elə bu sadəlikdən yaranan böyüklüyünə, sözün əsl mə¬nasında böyük ürək sahibi olmasına yaranan əminlik əynindəki polis zabiti mundirinin zəhmini bir andaca yox etsin, qarşındakı adamın daşıdığı vəzifəyə görə yalnız yazılı qanunlar keşikçisi deyil, həm də vicdan qanunlarının, yazılmamış mənəviyyat qanunlarının, hisslərin və duyğuların kesikçisi, həm də tərcümanı olduğuna əmin olasan.

50 yas ömrün elə məqamıdır ki, istər-istəməz dönüb arxaya boylanmaq, yaşadığın bu zaman kəsiyində ötüb-keçənləri, gör-düyün işləri saf-çürük edərək özün-özünə hesabat vermək istəyirsən. Yaradıcı adam üçün isə bu ikiqat hesabat məqamıdır. Rəşid Hacıların da ömrün bu çağında yaradıcılıq boxçasını geniş

oxucu kütləsinə ərməğan etmək istəyi məhz bu mənəvi tələbatdan, yaradıcılıq hesabatı vermək ehtiyacından doğmuşdur.

Şeirlərini kitab halında çap ctdirmək istədiyini biləndə, bu niyyətini alqışladım, sevindim. Həm də ona görə sevindim ki, şəxsiyyətinə və yaradıcılığına hər zaman böyük hörmət bəslədiyim bu gözəl insanın ilk kitabının ilk oxucusu olmaq qisməti də mənə nəsib olurdu.

Rəşid Hacılar o şairlərdəndir ki, çap olunmaq xatirinə yazmayıb, öz daxilindən gələni yazıb, düşündüklərini yazıb və oxucusunu da düşündürüb. Onun səciyyəvi xüsusiyyətlərindən biri də odur ki, şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayır. Həyatda olduğu kimi yaradıcılıqda da səmimidir. Müraciət etdiyi mövzular həyatın özündən gəlir. Hamımızın hər gün rastlaşdığımız, üzləşdiyimiz, bəzən əhəmiyyət vermədiyimiz həyat səhnələri Rəşidin şair qəlbindən süzülüb misra-misra düzülür, müəllifin özü kimi oxucunu da düşunməyə vadar edir. Onun şeirlərindən dağ çiçəklərinin ətri, suyu diş göynədən bulaqların zümzüməsi duyulur.

Doğma yurda bağlılıq, Vətən sevgisi müraciət etdiyi başlıca mövzudur. İşğal altında olan torpaqlarımız və “Vətənin qıraqda qalan yerləri”nin taleyi də onu narahat edir. “Bir ev gözləyir bizi” şerində o, Borçalının bu gününə biganə olmadığını, sabahından narahatlığını poetik dillə ifadə edir:

 

Süfrəsi duzsuz qalan,

Ocağı közsüz qalan,

Söhbətsiz, sözsüz qalan

Bir ev gözləyir bizi.

 

Bu, təkcə bir fərdin dərdi, faciəsi deyil, hamımızı narahat edən, düşündürən problemdir ki, Rəşid Hacılar Borcalıdakı kəndlərimizdən cavanların getməsinə, el-obanın əvvəlki növrağının pozulmasına dözmür, doğma el-obaya ürəklərdəki buzunu əritmək üçün haray qoparır, həyəcan təbili çalır. Bu, mövcud reallığın uğurulu bədii təsviri olmaqla yanaşı, içdən gələn qəlb çırpıntısı, ürək yanğısı, vətəndaş narahatlığıdır, həm də bu gün çoxlarımıza bəlli olan, içimizdən keçən və qəlbimizi göynədən bir ağrıdır.

Təkcə doğulduğu kəndin deyil, bütövlükdə Borçalı ellərinin taleyi, böyük-kiçiyin yeri bilinən, ağsaqqal öyüdünə, ağbirçək alqışına hörmətlə yanaşılan bu yerlərdə ağsaqqal sözünə, nəsihətinə indi həmişə olduğundan daha çox ehtiyac duyulduğu bir vaxtda qocaların sıralarının get-gedə seyrəlməsi də onu narahat edir:

 

Bir zaman kəndimiz “ağsaqqal” idi,

Ağsaqqal görərdik hər bir ocaqda.

 

“Vəzifəpərəst” şeirində isə şəxsi mənafeni ümumxalq mənafeyindən üstün tutaraq tutduğu vəzifəyə sadəcə qazanc yeri kimi baxanları lənətləyir:

 

Çörəkçün varlığı yox edənlərin,

Zaman cəzasını yaman sərt verir.

Alçala-alçala yüksələnlərin,

Vicdanı hər zaman hesabat verir.

 

Bu gün cəmiyyətdə baş verən neqativ hallara dözməyərək “Qanacaq, mərifət satılır pula” deyə narahatlığını ifadə etsə də, sonda bu qənaətə gəlir:

 

Belə çox gedəmməz dünyanın işi,

Belə çox dözəmməz qeyrətli kişi.

 

Rəşid Hacılar istər Vətən sevgisindən, yurd məhəbbətindən yazsın, istər ülvi məhəbbətdən, istər dünyamızın bu günü və sabahı ilə bağlı narahatlığını ifadə etsin, istərsə də körpə qəlbinə yol tapan şeirlər yazsın, hamısında eyni tərzdə səmimidir, kimsəni təqlid etmir, tapdanmış yolla getməyərək yaradıcılıq adlı böyük, çətin, lakin şərəfli bir yolda öz cığırını açmağa çalışır. Həyatda öz cığırı

ilə gedən, öz izini qoyanlar isə əbədiyaşarlıq qazanırlar. İnanırıq ki, Rəşid Hacıların gecikmiş də olsa işıq üzü görən ilk kitabı geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaq və müəllifi yeni-yeni əsərlər yazmağa ilhamlandıracaqdır. İlk kitabının son kitab olmayacağına böyük ümid bəsləyərək şair qardaşım Rəşid Hacılara yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

Musa NƏBİOĞLU

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina