Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

ƏMİM HAQQINDA BİR NEÇƏ KƏLMƏ

(Filologiya elmləri doktoru, professor Mədəd Çobanovun anadan olmasının 70 illik yubileyi münasibəti ilə hazırlanmış kitab üçün yazılan yazı)

Əli müəllim mənə deyəndə ki, Mədəd müəllimin 70 illik yubileyi münasibəti ilə kitab hazırlayırıq, sən də bir yazı yaz, – hansı hissləri keçirdiyimi burada təsvir etmək çətindir. Nə yazım, necə yazım ki, Mədəd müəllimin adına layiq olsun. Yəqin mənim bu anda keçirdiyim hisslər yazı-pozu adamlarına yaxşı tanışdır. Adətən daha yaxından tanıdığın, sənə doğma olan adam haqqında söz demək çətin olur. Üstəlik həmin adamın özünün qələm əhli olması isə məsuliyyəti bir az da artırır.

Bütün bunlarla yanaşı, Mədəd müəllimi daha yaxından tanımağım, onun mənim üçün doğma və əziz olması ən azı iki cəhətdən məni bir qədər cəsarətləndirdi. Birincisi, Mədəd müəllim doğmaca əmimdir və mən onu hələ uşaqlıqdan bir əmi kimi sevmişəm. Bu sevgini o özü qazanıb: əvvəlcə uşaq şıltaqlığıma dözüb nəvazişini əsirgəməməsi, sonralar isə təhsilimdən tutmuş digər qayğılarımla müntəzəm maraqlanması, dəyərli məsləhətlər verməsi və sözün əsl mənasında böyüklük etməsi ilə. 1998-ci ildə atamı itirdikdən sonra isə o, bizim üçün həm də ata əvəzi oldu. Yaşca ondan böyük olan Yəhya əmim Darvazda yaşadığından, daha çox Mədəd əmim biz qardaş-bacıların məsləhət yerinə çevrildi. Bizim tərəflərdə deyildiyi kimi, atamızın iyini ondan aldıq. Bu gün atasız dünyamızın acısı içimizi göynədəndə əmilərimizlə təsəlli tapırıq. Bir işi ələ almazdan əvvəl isə ulularımızın “Allahsız yerdə otur, böyüksüz yerdə oturma” hikmətinə sığınaraq onlarla məsləhətləşir, onların xeyir-duasını alırıq.

Mədəd müəllim ilk baxışda çoxlarına bəlkə də sərt təbiətli adam təsiri bağışlasa da, çox ürəyiyumşaq, təmizqəlbli, qohumcanlı, həssas və bir az da kövrək bir insandır.

Heç yadımdan çıxmaz, 1998-ci ilin noyabr ayında atam – Mədəd müəllimin böyük qardaşı Nəbi müəllim ağır xəstə idi. Həkim olan böyük qardaşım Səməd və mən bilirdik ki, bu xəstəliyin əlacı yoxdur. İlk günlər bu haqda bacılarımıza və digər yaxın qohumlara heç nə deməsək də, Mədəd müəllim vəziyyətdən xə-bərdar idi. Hər gün neçə-neçə dost-tanış, qohum ona baş çəkməyə gəlirdi. Mədəd müəllim isə həyat yoldaşı Rima xanım, oğlu Müşfiq və dörd qızı ilə hər gün bizə – atama baş çəkməyə gələrdi. Son günlərdə isə gecələri də evə getməzdi. Bizim, heç olmasa gedib bir az dincəlməsini təkid etməyimiz də fayda vermirdi. Qardaşını bir an da olsa tək buraxmaq istəmirdi. Sanki öz qardaşını bizə – onun doğma övladlarına da etibar etmir, son ana qədər hər əziyyətini özü çəkmək istəyirdi. Uşaq kimi kövrək olmuşdu. Onsuz da əmilərini çox sevən və tez-tez ona baş çəkən övladlarından da tələbi bu idi ki, əmilərinə qarşı son dərəcə diqqətli olsunlar. Hətta qızlarından birinin arada tək bircə gün atama baş çəkə bilmədiyinə görə ondan incimiş, tənbeh etmişdi. Çəkdiyi iztirabı üzdə bildirməyib, əksinə bizə təsəlli verməyə çalışsa da, böyük qardaşının həyatda son günlərini yaşamasından doğan üzüntü göz qabağında idi. O günlərdə mənim

iztirabım isə ikiqat idi: atamın son günlərini yaşamasından doğan acıyla yanaşı, ailə üzvlərimizin, yaxınların və təbii ki, əmilərimin qəlb göynərtiləri içimi didib-sökürdü. Belə anlarda əlimdən gələn yalnız Mədəd müəllimin qardaşına olan sonsuz sevgisinin qarşısında baş əymək olurdu. Aradan neçə il keçməsinə bax-mayaraq bu gün də o anları həyəcansız xatırlaya bilmirəm. Elə bu sətirləri yazanda da göz yaşlarımı saxlaya bilmədim...

İkincisi, o, həm də mənim müəllimim olub, orta məktəbdə dərs deyib. Mən onu bir zəhmətkeş alim, elinə-obasına bağlı bir ziyalı kimi də tanımış və ondan elmlə yanaşı həyat dərsi də almışam. Düzlüyü, prinsipiallığı hər şeydən üstün tutan, heç zaman haqqı nahaqqa qurban verməyən Mədəd müəllim övladlarına və yetirmələrinə də daim bu keyfiyyətləri aşılamağa çalışıb. Onun el-obaya, yurda bağlılığı, Borçalıya sevgisi isə əsl örnəkdir.

Mədəd müəllim bu gün ömrünün aqillik, müdriklik zirvəsindədir. Bu zirvədən dönüb arxaya – 70 illik bir zaman kəsiminə baxanda özü hansı hissləri keçirir, deyə bilmərəm. Bəlkə də hansısa bir işi həyata keçirə bilmədiyinə görə təəssüflənir. Amma mənim bu fikrimlə yəqin ki, razılaşmayan tapılmaz: onun keçdiyi bu ömür yolu zəngin bir həyat səlnaməsidir və bu səlnamənin hər səhifəsindən qürur duymaq Mədəd müəllimin halal haqqıdır. Bəzən mənə elə gəlir ki, Mədəd müəllim elə 30-40 il bundan qabaq da 70 yaşında idi: ağsaqqallığı, müdrikliyi, el-oba içində sambalı, elmi mühitdəki çəkisi ilə. Eyni zamanda mənə elə gəlir ki, Mədəd müəllim bu gün 30-40 yaşlarındadır: gənclik həvəsi ilə elmi axtarışlarını davam etdirməsi, yorulmazlığı, heç bir işdən usanmaması ilə. Və bu məqamda mən ona hərdən “biraz az işlə, daha çox dincəl, özünü yorma”, – dediyimə görə özümü qınayıram.

Bir qədər kövrək notlara köklənmiş bu yazını elə buradaca saxlayıb Mədəd müəllimi – sevimli əmimi 70 illik yubileyi münasibəti ilə təbrik edirəm, elimizin və elmimizin ağsaqqalı kimi ona uzun ömür, möhkəm cansağlığı arzulayır və deyirəm: Allah sənin böyüklüyünü üstümüzdən əskik eləməsin!

Yüzündə görüşənədək!

Musa NƏBİOĞLU

 May 2007

P.S. 2017-ci ildə Mədəd müəllimin 80 yaşı tamam oldu və bu yubiley münasibəti ilə Bakıda və Borçalıda silsilə tədbirlər həyata keçirildi, barəsində kitab və məqalələr yazıldı, şəninə şeirlər ithaf olundu. Mədəd müəllimi bir daha təbrik edir, ona uzun və sağlam ömür arzulayırıq.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina