Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

NAKAM ÖMRÜN NƏĞMƏLƏRİ

Əhməd Əhmədovun 2008-ci ildə nəşr olunmuş “Dünya yaman dünyadı” kitabına yazılmış ön söz.

Əhməd Əhmədov mənim üçün, ümumiyyətlə, dostları üçün kim­dir? Eli-obası, qohum-əqrəbası üçün kimdir? Bu suallar ət­ra­fında düşüncələrə dalarkən ilk növbədə elimizin layiqli oğlu, Əh­mədin ən sadiq dostlarından biri, hazırda Rusiya Fede­rasi­ya­sında ya­şayıb fəaliyyət göstərən Ziyalı Hacıyevin dediklərini xa­tırla­dım: ”Əhmədə qarşı onu əhatə edənlərin – eloğlularının, qohum­larının və hətta dostlarının da münasibəti birmənalı deyildi. Onu hər kəs başa düşə bilmirdi. Əhmədin qəlbi onu başa düşənlər üçün açıq idi”.

 

Bəli, Əhmədi hər kəs başa düşməzdi – istər qohum olsun, istər, dost, yaxud eloğlu. Ona görə yox ki, Əhməd kimlərinsə başa düşə bilməyəcəyi qədər çətin adam idi. Sadəcə, Əhmədi başa düşmək üçün onun qəlbinin dərinlklərinə baş vurmaq, onun yaşadığı hissləri anlamaq gərəkdi.

Ali təhsil ala bilməsə də geniş dünyagörüşü, zəngin mütaliəsi ilə çox ali təhsillilərlə müqayisədə üstün gəlirdi. Onun Azərbaycan və dünya ədəbiyyatının klassiklərinə necə dərindən bələd olma­sına hətta bəzi ədəbiyyat müəllimləri də həsəd aparırdı. Ara-sıra özünün də şeir yazmağı vardı. Çox səliqə ilə gündəlik yazardı.

Həyata özünəməxsus baxışı vardı. İnadkar idi, amma qərəzli deyildi. Sözünü şax deyərdi, üzə deyərdi, çəkinmədən, kiminsə xətrinə dəyəcəyindən ehtiyat etmədən deyərdi. Hətta bu hərə­kəti çox­larının xoşuna gəlməsə belə. Kimsədən  çəkin­məzdi, öz möv­qeiyini qorumağı bacarardı. Dediyindən dön­məzdi – çünki özünün haqlı olduğuna inanırdı.  Heç vaxt razı olmazdı ki, na­haq haqqı üstələsin. Bu mənada dostlarına da güzəştə get­məz, səhvlərini çox kəskinliklə üzə deyərdi. Bağışlamağı bacarırdı. Çünki böyük ürək sahibi idi, xırda hisslərlə yaşamırdı.

El təəsübü çəkən, elin-obanın xeyir-şərinə yarayan idi. Elin hər məclisində görünər, xeyirə-şərə çıxmayanlara isə özünə­məxsus sərtliklə deyərdi:

 

Elin matəmində, elin toyunda

Görünməz papaqlar elə boş qalsın.

 

Darvaz deyəndə burnunun ucu göynərdi. Hər yay imkan tapıb doğma kəndə gedərdi. Son illər xəstəlik onu nə qədər halsızlaş­dırsa da, hər yay mütləq Darvaza gedər, günlərini dostları ilə “Soyuqbulaq”da, “Quyubulaq”da keçirərdi. Heç vaxt dilinə içki vurmasa da, dostlarla axıradək oturmaqdan zövq alar, bəzən xəs­təliyi onu narahat etsə də bunu kimsəyə bildirməzdi. Hər il də onun dilindən səslənən “görəsən gələn il yenə kəndə gələ biləcəyəmmi” sözləri dostlarının qəlbinə xal salırdı.

Sanki Darvaz onun bütün dərdlərinin çarəsi, əlacı idi. Elə bu səbədən bir şeirində Kəbə qədər müqəddəs bildiyi Darvaza üz tutaraq  “Qoy Əhmədin yaşasın”,–deyirdi. Bala anaya sığınan kimi, o da Darvaza sığınıb ondan kömək istəyirdi. Fəqət, Ulu Tan­rının yazdığı yazını pozmaqda Darvaz da, Əhmədi sevən darvaz­lılar da çox gücsüz idi. “Tanrı yazan pozulmaz” hökmü Əhmədin nakam taleyində bir daha öz hökmünü göstərdi.

1956-cı ildə Borçalının axar-baxarlı guşələrindən olan ağır elli Darvazda dünyaya gələn Əhməd təqvim hesabı ilə cəmisi 48 qış gördü, 48 də bahar.  Uşaqlığı yetimlik, nisbətən kasıblıq için­də keçdi. Buna baxmayaraq hamı kimi orta məktəbi bitirdi, hamı kimi orduda xidmət elədi. Sevdi, sevildi. Ailə qurdu. Sü­rü­cülük pe­şəsinə yiyələnib alnının təri, əllərinin qabarı ilə ailə­sini dolan­dırmağa başladı. Hesab etmək olardı ki, artıq çətin­lik­lər arxa­da qalıb, indən belə onu xoşbəxt günlər müşa­yi­ət edə­cək. Amma nə yazıqlar ki, tale onun üzünə sonadək gül­mədi. 48 baharın heç də hamısını əsl bahar ömrü kimi yaşamaq ona nəsib olmadı. Bir təsadüf nəticəsində idarə etdiyi yük maşını ilə qəzaya uğrayıb ömrünün ən gözəl çağlarını dəmir barmaqlıqlar arxasında keçi­r­məli oldu.

Məhbus həyatı da onu dəyişəmmədi, sındıra, əyə bilmədi.  Əksinə, daha da möhkəm iradə ilə oradan çıxdı. Ancaq Əh­mədin bu əyilməzliyinin, mətinliyinin, möhkəm iradəsinin qar­şı­sında aciz qalan həbsxana bunun əvəzini onun sağlam­lı­ğın­dan çıxdı. Orda tapdığı xəstəlik onu get-gedə zəiflətməyə baş­ladı. Həyatda hər kəsə imkanı daxilində kömək etməyə çalışan, bacardığını əsir­gəməyən Əhməd sanki özü-özünə qəsd edirmiş kimi, sağ­lamlığına biganə qaldı. Vaxtında həkimə, dava-dər­ma­na əhə­miyyət vermədi. Bəlkə də həyatda hər şeyə dözümü, mətanəti və möhkəm iradəsi ilə qalib gələ bildiyindən idi ki, dost­ları, qohum­ları və yaxınları nə qədər təkidlə müalicə olunmasını tələb etsə də, buna əhəmiyyət vermirdi. Xəstəliyə qalib gələcəyini düşünürdü.  Amma bu dəfə polad dözümü, də­mir iradəsi ona kömək edə bilmədi. Artıq iş-işdən  keçəndə isə “aman xəstəlik” deməli oldu:

 

Həyatın özündən doğan arzuyam,

Hələ yaşamağa mən tamarzıyam.

Bələ dolanmağa sanma razıyam,

Olubdur qamətim kaman, xəstəlik,

Dad sənin əlindən aman, xəstəlik.

 

Həyatdan, yaşamaqdan doymayan Əhməd şairlik iddi­asın­da olmasa da, hisslərini, duyğularını şeirin ecazkar dili ilə ifadə et­məyə çalışrdı. Buna necə nail olurdu, artıq bu indilik söhbət deyil. Çünki sağlığında çap olunmasına maraq göstərməyib, düz-əməlli heç dostlarına da oxumadığı bu şeirlər nakam bir ömrün nəğ­mə­ləri kimi dostları, yaxınları üçün əzizdir, şirindir, unudulmaz xati­rədir. Şeirlərinin birində dünyanın gərdişinə münasibət bil­dirən Əhməd deyir:

 

Atanı oğuldan, ananı qızdan,

Dostu dostdan ayrı salan dünyadı.

 

Amma burası da var ki, əsl dostlar müəyyən səbəblərdən məkan və zaman baxımından ayrı düşsələr də, elə dost olaraq qalırlar. Nə vaxtsa oxuduğum bir şeirdə deyildiyi kimi:

 

Ocağında dövlət daşa, var daşa,

Dostun yoxsa, kasıblardan kasıbsan.

 

Dost sarıdan Əhmədi bəxtigətirənlərdən saymaq olar. Çünki onun sədaqətli, təmənnasız  dostları olub həmişə. Elə oxucu­la­rın ixtiyarına verdiyimiz bu kitab da sadiq, təmənnasız dost­lu­ğun bəhrəsidir. Belə ki, ötən ilin payızı idi. Bu yazının əvvə­lin­də adını qeyd elədiyim Ziyalı Hacıyev Bakıya qonaq gəlmişdi. Firudin Hacıyev, İlham Allahverdiyev, Selman Əmiraslanov, Fərrux Bayramov və bu sətirlərin müəllifi bir yerdə idik. Hə­mişə olduğu kimi keçmiş xatirələr kino lenti kimi çözələnir, gənclik xatirələri yada düşürdü. Həmişə olduğu kimi yenə də söhbət Əhməddən düşəndə Ziyalı onun şeirlərinin çap olunub-olunmaması ilə maraqlandı. Biləndə ki, düz-əməlli bir kitabı işıq üzü görməyib, məndən xahiş etdi ki, kitabın nəşri işi ilə məşğul olum. Maddi tərəfini isə öz öhdəsinə götürdü.  Sağ olsun, söz verdi və əməl etdi. Mən də Əhmədin əlyazmalarını götürüb işə başladım. Və qərara gəldim ki, Əhmədin şeirlərini neçə var eləcə – nöqtəsinə, ver­gü­lünə toxunmadan oxucuların ix­ti­yarına verim. Eyni zamanda onun müxtəlif həyati məsə­lələrə özəl baxışı kimi zəngin mütalisənin nəticəsi olan qeyd­lə­rini də kitaba daxil etməyi qərara aldım. Qoy oxucu onun qəlb çırpıntıları olan şeirləri ilə yanaşı, bu qeydlərini də oxuyub özü bir qənaətə gəlsin. Görsün ki, Əhməd hansı dü­şüncənin, əxlaqın yiyəsi imiş, əxlaqi dəyərlərə, adət-ənə­nələrə, dostluğa, haqqı-saya, bir sözlə yüksək insani keyfiyyətlərə necə qiymət ve­ririmiş. Və diqqətli oxucu yəqin edəcək ki, aşağıdakı mis­raları yazmaqda Əhməd nə qədər haqlı imiş:

 

“Bir gün bu dünyadan köçsə də Əhməd,

Yaşar ürəklərdə xatirələri”.

 

 Musa NƏBİOĞLU

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina