Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

KÖVRƏK QƏLBİN HƏZİN NƏĞMƏLƏRİ

Gözəl insan, sözün əsl mənasında böyük ziyalı olan Əlləz Novruz haqqında danışmaq mənim üçün həm asandır, həm də çətin. Asandır ona görə ki, bizim münasibətimiz sadəcə olaraq eloğlu və yaxud iki qələm adamı arasında ola biləcək münasibətlə məhdudlaşmır, neçə illərdir ki, ailələrimiz doğmalaşıb. Dərdimizi də, sevincimizi də eyni dərəcədə bir-birimizlə paylaşmışıq. Mənim gözümdə dünyanın ən müdrik ağbirçəyi, analar anası olan Güllü xanıma ikimiz də ana demişik, elə o da bizi eyni məhəbbətlə sevib.

Bununla belə, Əlləz müəllim haqqında danışmaq mənim üçün ona görə çətindir ki, o, hər addımından, hər kəlməsindən, hər misrasından öyrəniləsi adamdır. Həyatda ondan öyrəniləsi çox şey var: sadiq dost, layiqli oğul, əsl vətəndaş, ziyalı, hər an güvənilə biləcək qardaş, vəfalı ömür-gün yoldaşı olmaq, daha nələr, nələr...

Olduqca maraqlı müsahibdir. Onunla söhbətdən doymaq olmur. Elə ilk kəlmələrdən onun səmimiyyəti, həssaslığı adamı elə ovsunlayır ki, vaxtın necə keçdiyini bilmirsən. Keçdiyi ömür yolu, həyat təcrübəsi çoxlarına örnək ola biləcək bir məktəbdir.

Əlləz Novruz oğlu Məmmədov 1948-ci il dekbarın 4-də Gürcüstanda – Bolnisi rayonunun Darvaz kəndində anadan olub. Orta təhsilini doğma kəndində, ali təhsilini isə Bakıda alıb. Uzun müddət Azərbaycan Təhsil Nazirliyində məsul vəzifədə çalışaraq qabaqcıl maarif xadimi kimi respublikada böyük hörmət qazanan Əlləz müəllim hələ gənc yaşlarından bədii yaradıcılıqla da məşğul olmağa başlayıb və nəinki Azərbaycanda, hətta dünya miqyasında böyük şöhrət qazanmış görkəmli söz ustaları və korifey sənətkarlarla ünsiyyətdə olması da yaradıcılığında mühüm rol oynahyıb, öz əksini tapıb.

Yaxından tanıyanlar yaxşı bilir ki, o, sözü iləəməli bir olan, şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayan şairdir. Bədii yaradıcılığa başladığı ilk vaxtlardan öz dəst-xətti ilə seçilən Əlləz Novruz həmişə sözün məsuliyyətini bilib, məqsədi daha çox çap olunmaq yox, ədəbi nümunələr yaratmaq olub.

 

Hər adi qafiyə, hər misra, hər şeir,

Kövrək ürəyimin həzin səsidir –

 

deyən şairin səmimiyyətinə inanmamaq isə sadəcə olaraq mümkün deyildir. Onun yaradıcılığının ana xəttini İNSAN, MƏHƏBBƏT və TORPAQ təşkil edir. Hansı mövzuda yazmasından asılı olmayaraq eyni dərəcədə səmimidir, gəlişigözəl söz demir, ölçü-biçisi yerində olsa da, heç bir məna yükü daşımayan şeir dalınca qaçmır.

“Məhəbbət aşiqə haqq vergisidir”, – deyən Ə.Novruz istər saf məhəbbətdən yazsın, istər Vətən sevgisindən, yurd həsrətindən, istərsə də bəşəriyyəti narahat edən problemlərdən – həmişə səmimidir, oxucu zövqünü oxşayır, onu düşündürə bilir. Onun şeirləri təkcə yaradıcı təxəyyülünün məhsulu deyil, burada şair ürəyinin çırpıntıları ilə yanaşı, bir tədqiqatçı zəhmətinin bəhrəsi paralel şəkildə üzə çıxır. Elə şeirləri var ki, oxucu ilk misradanca şeirin böyük zəhmət və gərgin elmi axtarışların məhsulu olduğunu duyur, görür. Bu mənada Əlləz Novruz həm də tədqiqatçı şairdir desək yəqin ki, səhv etmərik.

Torpaqlarımızın bir hissəsinin hələ də erməni işğalında olması şair qəlbinə rahatlıq vermir, Vətən oğullarını xalqımızın haqq işi uğrunda mübarizəyə səsləyərək  haray qoparır:

 

Şəhidlərin qisasını almağın,

“Kərəmi” yox, “Misri”, “Cəngi” çalmağın,

Sarı qovan şahin, tərlan olmağın

Vaxtı hələ çatmayıbmı, qardaşım?

 

Oxucularını daim Vətənə bağlılığa, yurd sevgisinə səsləyən şair ata-baba yurduna biganə olanlara üz tutub haqlı olaraq deyir:

 

Çox ölkə gəzmişəm deyən eloğlu,

Öz ata yurdunda olmusanmı heç?

 

Doğulub boya-başa çatdığı Borçalı onun yaradıcılığında mühüm yer tutur. Şeirlərində bu yerlərin əsrarəngiz təbiətini, sözü iləəməli bir olan, dostluqda sədaqəti, qonaqpərvərliyi ilə seçilən yurda bağlı adamlarını tərənnüm edir. Bu mövzuda yazdığı şeirlərin hər misrasında onu Borçalının bir guşəsində görürük. Səsi gah Başkeçidin, Barmaqsızın dağlarından, sərin yaylaqlardan, suyu diş göynədən bulaqlardan gəlir, gah Ağbulaqdan, Sarvandan, Qarayazıdan, Qaraçöpdən... gah da “Qocaman Darvazın Milli Məclisi” olan “Tutun dibi”ndən.

Onun mübarizliyi, qətiyyəti, düz sözü söyləməkdən çəkinməməsi, cəsarəti yaradıcılığında da öz əksini tapmışdır. “Vəli, bu işlərə necə dözürsən?”, “Fırlanır”, “Bəsdir susduğumuz, hər şeyi mərdanə demək dəmidir” və s. kimi şeirləri zəmanəmizin naqisliklərinə şairin etiraz səsidir. “Vəli Abbasa duzlu-məzəli məktublar” silsiləsindən yazdığı şeirləri dünyanın gedişatına özünəməxsus yanaşma tərzi ilə seçilir:

 

Aqillər düz deyib, boşalan dolmaz,

Hər gədadan paşa olmaz, bəy olmaz.

Heç kəsə qalmayıb, bizə də qalmaz,

Ər nəsillər qayıdarmı?

Qayıtmaz!

 

Onun yaradıcılığında qəm notları üstündə köklənən şeirlərə də rast gəlmək mümkündür. Bununla belə:

 

Kədər də mənimləəlbəyaxadır,

Qapıdan qovuram, bacadan gəlir –

 

desə də, başqalarının dərdinə də biganə qalmır:

 

Nə dərd əyə bilməz, nə zor, nə nisgil,

Gücsüzün göz yaşı kövrəldər məni.

 

Bu günlərdə 70 yaşı tamam olan Əlləz Novruz ömrünün kamillik, aqillik, müdriklik dövrünü yaşayır. Bu, elə bir yaşdır ki, bir an nəfəs dərib arxaya boylanmağa, yaşanmış zaman kəsimində görülmüş işlər barədə həm öz-özünə, həm də dostlara, yaxınlara bir hesabat verməyə dəyər. Xoşbəxtlikdən Əlləz müəllimin istər şair, pedaqoq, ziyalı kimi, istərsə də bir insan – dost, qardaş, vətəndaş, eloğlu kimi arxada qoyduğu illərlə fəxr edərək gələcəyə inamla, qürurla baxmağa haqqı var.

Ədəbi mühitdə öz sözünü deməyi, özünə yol açmağı bacaranlar mənzil başına çatıb əbədi vəədəbi ölməzlik qazanırlar. Dünyanın bir çox ölkələrini gəzib dolaşan, “cığırlar yolların kiçik qardaşıdı” – deyən Əlləz Novruzun həm həyatda, həm dəədəbi aləmdə açdığı özünəməxsus cığırlar artıq böyük yola qovuşaraq ona uğurlar qazandırmaqdadır. Şeirlərinin birində:

 

Məğrur bir palıda bənzəyirəm ki,

Nə seldən qorxaram, nə ildırımdan –

 

deyən dağ vüqarlı, məğrur qardaşımı 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun və sağlam ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

Musa NƏBİOĞLU

Əməkdar mədəniyyət işçisi

Ədalət” qəzeti, 

5 dekabr 2018-ci il.

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina